Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 17:15:00
"Jurnalistikanın müasir problemləri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2020-ci il tarixdə imzaladığı  "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncama uyğun olaraq,  iyulun 17-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi media nümayəndələri ilə birlikdə “Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn Beynəlxalq elmi konfrans keçirib.

 

AzEdu.az  xəbər verir ki, Moderator, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkə başçısı cənab İlham Əliyevin 30 iyun 2020-ci il tarixli "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə əlaqədar BDU-da keçiriliməsi nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib. Sonra giriş sözü üçün BDU-nun rektoru Elçin Babayevə söz verilib.

 

BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdini Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdi kimi qiymətləndirib. Düşmən tərəfinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozması nəticəsindı şəhidlərimizin olduğunu bildirən rektor, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin şəhidlərimizin qısasının alındığı fikrini konfrans iştirakçılarının bir daha nəzərinə çatdırıb.

 

Cəmiyyət həyatında xüsusi yer tutan kütləvi informasiya vasitələrinin (KİV) roluna diqqət çəkən E.Babayev əlavə edib ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda medianın inkişafında önəmli ölçüdə irəliləyiş baş verib. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində mümkün olub. Ulu Öndər kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişaf və tərəqqi əldə edilib.

 

Rektor Ulu Öndərin 1998-ci il 16 avqust tarixli fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi, növbəti mərhələdə KİV sahəsində qanunvericilik bazasının yaradılması, 2005, 2010 və 2015 və illərdə milli mətbuatın yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsinin ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsi olduğunu deyib. Dövlət başçısı İlham Əliyevin pandemiya şəraitində milli mətbuatın 145 illik yubileyinin keçirilməsi barədə sərəncamını ölkədə mediaya göstərilən diqqətin sistemli nümunələrindən biri kimi xarakterizə edib.

 

E.Babayev əlavə edib ki, BDU-nun Jurnalistika fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı kadr yetişdirərək respublikanın kütləvi informasiya vasitələrini jurnalist kadrlarla təmin edib və etməkdədir.

 

Rektor mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev "Ekstermal dövrlərdə informasiya ilə manipulyasiya və təhlükəsizlik problemi" mövzusunda məruzə edib. Natiq manipulyasiya anlayışı, informasiya cəmiyyəti, jurnalistin ekstermal vəziyyətdə davranış qaydaları, ənənəvi və sosial mediada məsuliyyətliliyin artırılmasının əhəmiyyəti, ekstremal vəziyyətdə medianın funksionallığı, müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinin və milli və dövlət maraqlarının təmin olunması haqqında ətraflı məlumat verib.

 

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli "Yeni media zamanın çağırışları kontekstində", Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan təmsilçisi, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli "Pandemiya dövründə medianın qlobal problemləri",  "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Yazılı mətbuat və sosial şəbəkələr", Anadolu agentliyinin Orta Asiya və Qafqaz üzrə bölgə təmsilçisi Tolqa Özgenç "Pandemiya dönəmində Anadolu agentliyi və türk mediasının təsiri", Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi Anar Həsənov "Jurnalistika, sosial media və pandemiya: gündəmin qlobal çağırışları", Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı "Pandemiya dövründə xarici və yerli medianın fəaliyyəti", Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli "Elektron kütləvi informasiya vasitələrinin pandemiya şəraitində fəaliyyəti" mövzusunda çıxış ediblər.

 

Çıxışlarda milli mətbuatımızın keçdiyi inkişaf yolu, bugünkü uğurları, Ümummilli Lider Heydər Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğı, Ulu Öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatına hər zaman dəstək olması, müharibə vəziyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi və medianın məsuliyyəti, informasiya xaosu, mediada hərbi sirlərin yayılmasının qarşısın alınması, pandemiya dövründə medianın fəaliyyət mexanizmi, “infodemiya” anlayışı kimi məsələlərə aydınlıq gətirilib.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunan və qarşılıqlı diskussiya şəraitində davam edən Beynəlxalq elmi konfrans iştirakçıların böyük marağına səbəb olub.