Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 15:00:00
ADU-da amerikalı tələbələrin yay məktəbi başlayıb  

Azərbaycan Dillər Universitetində (ADU) ABŞ-ın Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədilə ölkəmizə gəlmiş 5 amerikalı tələbə üçün yay məktəbi fəaliyyətə başlayıb.

ADU-dan AzEdu.az-a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova yay məktəbinin tələbələrinə universitet haqqında ətraflı məlumat verib.

Amerika Şurasının ölkə üzrə direktoru Jodi Blankenşip və amerikalı tələbələrlə iş üzrə rezident direktoru David Gibson uzun illərdən bəri davam edən layihə haqqında danışıblar. Onlar əvvəlki yay məktəbinin yüksək səviyyədə təşkil olunduğunu, tələbələrin lazımi biliklərə yiyələndiklərini söyləyiblər.

Sonra amerikalı tələbələr Azərbaycan haqqında fikirlərini bölüşüblər.

Yay məktəbi proqramı üzrə əlaqələndirici Ramiqə Şirəliyeva tələbələri dərs və gəzinti proqramları ilə tanış edib.

Sonda amerikalı tələbələr üçün təlimatlandırıcı videoçarx nümayiş olunub.

Yay məktəbi avqustun 3-dək davam edəcək. Azərbaycan Dillər Universiteti ABŞ-ın Dövlət Departamenti ilə əməkdaşlıq çərçivəsində bu layihəni yeganə ali məktəb olaraq həyata keçirir. Yay məktəbində tələbələr Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin tarixi, coğrafiyası, iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlar. Bununla yanaşı, amerikalı tələbələr şəhərin görməli yerlərinə, həmçinin muzeylərə, teatrlara və dini yerlərə ekskursiya edəcəklər.