Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-18 11:31:00
Universitetdə hərbi jurnalistika ixtisası niyə yoxdur? – Dekandan təklif

 

 “Jurnalistika fakültəsində  “İnformasita təhlükəsizliyi” fənni tədris olunur. Bu fənnin daxilində informasiya müharibəsi ilə bağlı tələbələrə kifayət qədər məlumat verilir. Eyni zamanda sosial platformada bu kimi hallarda nə etmək lazım olduğu barədə “Yeni media” və “Sosial media” fənləri tədris olunan zaman  informasiya verilir. Bundan əlavə hərbi jurnalistika üzrə ixtisaslaşmaq istəyən və buna marağı olan  tələbələri təlimlərə cəlb edirik. Məsələn, Müdafiə Nazirliyi ilə birlikdə KJM-Konflikt Jurnalistika Məktəbini yaratdıq.

 

Məhz bu təlimlərə qatılan tələbələr müharibə şəraitində, səhrada və digər gözlənilməz hallarda necə işləməli olduqlarını öyrəndilər. KJM-dəki tələbələr hərbi hissəyə gedib orada zabitlərin bir sıra təlimlərinə qatıldılar. 2017-2018-ci illərdə bu fəaliyyətimiz baş tutub”.

 

Bu fikirləri AzEdu.a-a açıqlamasında BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib. O, bildirdi ki, yaxın gələcəkdə hərbi jurnalistikayla bağlı təlimlər davam etdiriləcək:

 

“Bu ilin mart ayında informasiya təhlükəsizliyi, münaqişə vaxtı jurnalistlər necə davranmalıdır və s.  ilə bağlı təlimlər təşkil etmək niyyətindəydik, ilkin razılıqlar da əldə olunmuşdu, lakin pandemiya şəraiti buna imkan vermədi.

Yaxın gələcəkdə hərbi sahəylə bağlı təlimləri həyata keçirməyi nəzərdə tutmuşuq”.

 

Vüqar Zifəroğlu Jurnalistika fakültəsində hərbi sahəylə bağlı ixtisasın yaradılmasının vacibliyini də vurğuladı:

 

“Hərbi jurnalistika  heç bir universitetdə ayrıca bir ixtisas kimi tədris edilmir. Qardaş Türkiyədə belə təlimlər təşkil olunur və jurnalistika sahəsində nəzəri və praktiki biliyi olan şəxslər həmin treyninqlərə cəlb olunurlar. Məhz bundan sonra təlimə qatılan jurnalistlər hərbi sahə üzrə ixtisaslaşırlar. Düşünürəm ki, gələcəkdə fakültəmizdə Hərbi jurnalistika ixtisası yaradılsa, çox gözəl olar. Xüsusilə  magistratura pilləsində bu cür ixtisaslaşmanın yaradılması daha vacibdir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları