Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 10:17:00
MİQ müsabiqəsinin təşkili və qaydalarında yenilik – TƏHLİL

 

 

“Vəziyyətdən asılı olmayaraq, boş qalan vakansiyalar doldurulmalıdır”.

 

 

Bu  sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

 

 

O, MİQ müsabiqəsində bu il üçün gözlənilən yeniliklərdən söz açıb:

 

 

“Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə elektron ərizələrin qeydiyyatı başlayıb. Əvvəlcədən elan edilən qrafika uyğun müəllimlərin müsabiqəsi ilə bağlı prosesin gedişinə dair hər hansı bir narahatçılığa heç bir əsas yoxdur.

 

 

Ötən ayın əvvəlində “teams.microsoft.com” platforması üzərindən Nazirliyin  aidiyyatı əməkdaşlarının da qatıldığı İctimai Şura ilə Təhsil Nazirliyinin birgə onlayn görüşündə, cari ilin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlara dair geniş debat aparılıb, aşkarlığı və şəffaflığı təmin etmək, rəqabətliliyi daha da artırmağın yolları müzakirə edilib.

 

Hətta, belə bir müzakirənin keçiriləcəyi barədə qabaqcadan “Təhsil forumu” qrupunun və İctimai Şuranın “Feysbuk” səhifələrində  elan belə yerləşdirilib. Maraqlıdır ki, elanla bağlı 800-dən artıq rəy və təkliflər daxil olub. Doğrudur, təkliflərin demək olar ki, yarısı eyni xarakter daşıyıb bir-birinin təkrarı olsa da, geniş müzakirələrə səbəb oldu. Rəy və təkliflər əsasən məntiq suallarının çıxarılması, ixtisas və metodika üzrə sualların artırılması, kurikulum üzrə sualların müəyyən çətinliyi, MİQ hazırlığı üçün vahid vəsaitin hazırlanması, imtahanların reqlamenti, müsahibə mərhələsinin təkmilləşdirilməsi və s. ilə əlaqədar idi.

 

Əlbəttə, bütün rəy və təkliflər ətraflı təhlil olunub, çeşidlənərək konkretləşdirilib  və qəbulun təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində ümumi rəyə gəlinməsi üçün nəzərə alınıb”.

 

 

Ekspert MİQ-in necə təşkil olunacağından söz açıb:

 

 

“Nazirliyin rəsmi açıqlamasında da bildirildiyi kimi və hər il olduğu kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə təşkil ediləcək, test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası və təlim strategiyalarına aid suallar təqdim ediləcək.

 

Namizədlər vakansiya seçimini müsabiqənin test imtahanı mərhələsindən sonra edə biləcəklər. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

 

 

Əsas dəyişikliklər bilavasitə ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrinin nəzərə alınması və  xüsusi şərtlərin tətbiq ediləcəyi ilə əlaqədardır ki, bu barədə də kifayət qədər ətraflı məlumat verilib.

 

Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlərin bu imtahanlarda iştirak etməməsi, müsabiqənin müsahibə mərhələsinin onlayn şəkildə təşkil olunması, sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müəyyən say məhdudiyyətləri və s.

 

 

Təhsil Nazirliyinin aidiyyatı əməkdaşları ilə bir araya gəlməyimiz, gələcəkdə də bu kimi birgə tədbirlərin davamlı olaraq keçirilməsi sanıram ki, qaydaların daha da  təkmiləşdirilməsi və yeniləşməsi istiqamətində  lazımi zəmin yaradacaq”.

 

 

Qeyd edək ki, MİQ-in elektron qeydiyyatı dünəndən  başlayıb.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları