Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 13:34:57
İdarəçilik akademiyasında məmurlara təlim keçirilib 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirləri” mövzusunda distant təlim keçirilib.

DİA-dan AzEdu.az-a bildirilib ki, təlimin keçirilməsinin əsas məqsədi ölkənin inklüziv inkişafı, elektron hökumətin inkişaf etdirilməsi və rəqəmsal hökumətə keçid ilə bağlı hədəflərin yeni istiqamətləri, strateji yol xəritələrinin icrasında yerli icra hakimiyyətlərinin rolu, strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilməsi: 2017-ci ildəki monitorinq və qiymətləndirmənin təhlili və bu kimi digər mövzularla bağlı bilikləri aşılanmaq və fikir mübadiləsi aparmaq olub. Təlim əsasən yerli icra hakimiyyətlərinin əməkdaşları üçün nəzərdə tutulub.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Rektor iqtisadiyyatımızın sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Vurğulanıb ki, Ümummilli Lider tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparır. Bu ilin yanvarında keçirilən Davos Forumunun hesabatına əsasən, dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində Azərbaycanın inklüziv inkişaf indeksi bir çox Avropa İttifaqına üzv dövlətlərin göstəricilərindən yüksəkdir.

U.Ələkbərov ölkəmizin beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna əhəmiyyətə malik elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı qərarların Azərbaycanın müasir tərəqqisində mühüm rolunu vurğulayıb. Rektor ölkəmizin uğurlu inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu qeyd edib.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında aparılan davamlı iqtisadi islahatlar bəhrəsini verməkdədir. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, xidmətlərin elektron qaydada göstərilməsi sahəsində bu günədək bir sıra normativ aktlar qəbul edilib, hüquqi baza formalaşdırılıb. Məhz strateji yol xəritələrindən biri də Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına həsr edilib. Burada göstərildiyi kimi elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçiddə əsas məqsəd xidmətlərin göstərilməsi zamanı vətəndaşlarla birbaşa təmasını aradan qaldırmaqla şəffaflığı təmin etmək, eyni zamanda, xidmətlərin daha əlçatan olmasıdır.

İcraçı direktor deyib ki, Azərbaycanın “Doing Business” hesabatında ən islahatçı ölkə statusunu saxlaması da təsadüfi deyil. Çünki, 2018-ci ildə açıqlanacaq “Doing Business-2019” hesabatında Azərbaycanın mövqeyinin gücləndirilməsini təmin edəcək - biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənilməsi, xarici ticarətin aparılması, müqavilələrin icrasının təmini və müəssisənin bağlanması ilə bağlı ciddi iqtisadi islahatlar aparılıb. İİTKM tərəfindən gerçəkləşdirilən Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, vahid online ixrac ərizəsi, EnterpriseAzerbaijan.com saytı kimi layihələr də rəqəmsal iqtisadiyyat quruculuğuna töhfədir.

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn “Strateji yol xəritəsinin icrasında yerli icra hakimiyyətlərinin rolu”, makroiqtisadçı Faiq Qasımlı “Strateji yol xəritəsinin monitorinqi və qiymətləndirilməsi” mövzularında mühazirələr oxuyublar.

Qeyd edək ki, distant təlim Prezident İlham Əliyevin “Elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı” Fərmanına əsasən keçirilib.