Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 13:14:00
“Akif Əlizadə yenidən prezident seçilsə, bir çox yeniliklər olacaq” – Akademiklərin gözləntiləri

8 iyunda  AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçiriləcək. Yığıncaqda AMEA-nın prezidenti, vitse-prezidentləri  və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.

AzEdu.az AMEA-nın akademiklərindən  bu seçkilərdən gözləntilərini öyrənib.

Fizika-riyaziyyat elmləri doktoru, akademik Hatəm Quliyev AzEdu.az-a açıqlamasında bildirib ki, seçkilərin keçirilməsi yaxşı hadisədir:

“Hər beş ildən bir bu seçkilər keçirilir. Lakin ümumi yanaşsaq, seçkilər elmin inkişafında o qədər də böyük rol oynamır. Akif  Əlizadə müsbət insandır. O AMEA-ya prezident seçildəndən sonra çox ciddi işlər görüb, islahatlar həyata keçirib. Amma cəmiyyətin, insanların akademiyaya olan münasibətində seçkilər bir çox məsələni həll etmir. Elmə ciddi yanaşmaq lazımdır. Akademiyada islahatlar kökdən aparılmalıdır. Yalnız Akif Əlizadə və ya tək-tək digər şəxslərin burada rolu azdır. Milli Elmlər Akademiyasına cəmiyyətimizin yanaşması düzgün olmalıdır. Hazırda bu yanaşma lazımi səviyyədə deyil”.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru Mövsüm Nağısoylunun sözlərinə görə, Akif Əlizadə yenidən prezident seçildiyi təqdirdə akademiyada yeniliklər olacaq:

“Akif Əlizadə AMEA-nın prezidenti kimi çoxlu ciddi islahatlar aparıb. Elmlə təhsilin inteqrasiyası, xüsusilə magistratura təhsilinin akademiyada tətbiqi sahəsində işlər görülüb. İnnovasiya məsələsində də olduqca irəliləyişlər var. Bu mənada seçkilərdən gözləntilərim müsbətbdir.   Yeni islahatların keçirilməsi, elmin inkişafı, elmlə təhsilin inteqrasiyası və digər məsələlərin həllini tapacağına inanıram”.

AMEA-nın Folklor institutunun direktoru akademik Muxtar İmanov deyib ki, Akif Əlizadə prezident seçildikdən sonra islahatlarını davam etdirəcək:

“Həmin islahatlardan gözləntilərimiz böyükdür. Akif Əlizadənin çoxlu səyləri nəticəsində akademiyada çoxlu işlər görülüb, islahatlar aparılıb.  Xüsusilə də elmlə təhsilin yaxınlaşması sahəsində çox böyük işlər görülüb. Əgər Akif Əlizadə yenidən prezident seçilərsə, yeni istiqamətlərdə də işlər görüləcək”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları