Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 12:47:00
Ucqar kənd məktəblərinin boş sinifləri –“ Bəziləri yaylaq-qışlağa gedir, bəziləri isə buralardan köçür” 

Kəndlərdə, xüsusən də ucqar kənd orta məktəblərində şagirdlərin azlığı daim müşahidə olunur. Bunun təhsildən yayınma halları ilə yanaşı, bir neçə səbəbi var.

AzEdu.az əməkdaşı məktəblərdə uşaqların sayının getdikcə niyə azaldığını öyrənmək üçün ucqar kəndlərdə dərs deyən müəllimlərlə danışıb. 

Lerik rayonu Lərmərud kənd orta məktəbinin müəllimi Seymur İbrahimov  deyib ki, ucqar kəndlərdə uşaq sayının azlığını  gənc ailələrin buralardan köç etməsi ilə bağlıdır:

“Onların kənddə yaşamaq istəməmələri, Bakıya axın etmələrinə görə, siniflərdə uşaqlar az olur. İndi kənddə yaşayanların çoxu  yaşlı nəsil nümayəndələridir. Uşaqların az olması təhsilin keyfiyyətinə müəyyən qədər  təsir edir. Bildiyimiz kimi yeni tədris metodlarında cütlərlə, qruplarla iş var və uşaq sinifdə az olanda müəllim bunu tətbiq etməkdə çətinlik çəkir”.

Məktəbdən yayınma halları ilə bağlı isə müsahib  bildirir ki,  ucqar kəndlərin hamısında olmasa da, çoxunda hər bir növ yayınma halları olur.

Daşkəsən rayonu Dəstəfur kənd orta məktəbinin müəllimi  Gülnar İsmayıl da bildirib ki, məktəblərdə uşaqların azlığı əhalinin köçüb getməsi ilə bağlıdır:

“Kənddə sosial şəraitin zəif olması ona gətirib çıxarır ki, əhali buralardan çıxıb gedir. İnsan kütləsinin azalması nəticəsində də məktəbdə uşaq sayı azalır. Təbii ki, bu, xoşagələn nəticə deyil. Sinifdə bir-iki uşağa dərs keçməklə on beş uşağa dərs demək arasında fərq çoxdur. Uşaqların çox olması daha yaxşı olar.  Az uşaqla dərs keçmək daha asandır, materiallı iki-üç dəfə təkrar edirik. Az uşağa başa salmaq daha az vaxt alır”.

Onun sözlərinə görə, uşaqların az olması təhsil və tədris üçün heç bir maneə yaratmır:

“Dəstəfur kəndi əvvəllər rayon mərkəzi olmuş bir yerdir. Buradakı valideynlər çalışırlar ki, uşaqlarını oxutsunlar. Bəzi hallarda təhsildən yayınma halları olur. Bu da normaldır. Başqa məktəblərdə necə, burada da elə. Dərslərdən şagirdlərin  ciddi yayınma hallarını görməmişəm”.

“Ucqar kəndlərdə həyat səviyyəsinin aşağı olması, iş yerlərinin azlığı əhalinin şəhərlərə köçməsinə səbəb olur. Bu səbəblər də kənd məktəblərində şagirdlərin azlığına gətirib çıxarır”.

Bu sözləri AzEdu.az saytına açıqlamasında Yardımlı rayon Şıxhüseynli kənd ümumi orta məktəbin Tarix və Coğrafiya müəllimi Posu Mansırlı deyib.

Onun sözlərinə görə, kənddə yaşayan əhalinin əsas məşğuliyyəti kənd  təsərrüfatı olduğundan məktəb şagirdlərinin valideynlərinə kömək etməsi onların dərsdən yayınmasına səbəb olur:

“İşlədiyim dövrdə bacardığım qədər şagirdlərin bu kimi dərslərdən yayınma hallarının qarşısını almağa çalışıram. Sinifdə uşaqların azlığı dərs prosesinə çox mane olur. Müasir təhsil sistemini tam tətbiq edə bilmirik. Ən əsası, sinifdə şagird nə qədər çox olsa, onlar arasında rəqabəti gücləndirməklə təhsil səviyyəsini yüksəltmək olar”.

Şəki rayonu Baş Göynük kənd orta məktəbinin müəllimi Aysel Səfərzadə isə deyib ki, işlədiyi kənddə bu problem yoxdur. Lakin   elə məktəblərin olduğunu da inkar etmir. Buna səbəb kimi  isə əhalinin azlığı və  ya təhsilə marağının  olmamasını göstərir:

“Məktəbdələrdə dərsdən yayınma halları əlbəttə olur - hər birində  olduğu kimi. İşlədiyim məktəbdə isə bu problem yaradan əsas səbəb isə əhalinin maddi imkansızlığıdır. Yayda havalar isinəndə işləmək üçün başqa kəndə gedirlər. Dərsdə nadir hallarda uşaqlar az olur. Bu,  problem yaradır, yeni dərs keçmək olmur və ya növbəti dərsi təkrar izah etməli olursan”.

Müəllimin sözlərinə görə, bu onun üçün yox,  şagird üçün problem yaradır. Həmçinin,  bunun şagirdə mənfi  təsir etdiyini, onu digər yoldaşlarından az da olsa geri saldığını bildirib.

Qəbələ rayon Yeni Dizaxlı kənd orta məktəbinin tarix müəllimi Nərgiz Baxşəliyeva da kənd məktəblərindəki siniflərdə şagirdlərin çatışmazlığını bununla əsaslandırır:

“Məktəblərdə şagirdlər ona görə az olur ki, uşaqlar yaylağa, 3-4 günlük “nobat”a –növbəli gözətçilik- gedirlər. Malı, qoyunu otarırlar. Elə uşaqlar var ki, onlar  ailəsi ilə birlikdə 3 aylıq yaylağa və ya qışlağa gedirlər. Dərsdən çox yayınırlar. Qayıdanda isə proqramdan geri qalmış olurlar. Digər uşaqlarla ayaqlaşa bilmirlər” Bu sözləri isə açıqlamasında Qəbələ rayon Tarix müəllimi Nərgiz Baxşəliyeva deyib. Onun sözlərinə görə, qışda isə məktəb təmirsiz olduğuna görə, xəstələnirlər, bir-iki həftə dərsə gəlməyənlər olur: “ Bu da qış aylarında davamiyyətə çox təsir edir. Məktəb rəhbərliyi ilə uşaqların yaylaq, nobata getmələrini danışmışdım. Mənə demişdi ki, bəs valideynlər gedir uşağı evdə necə tək qoysunlar. Məcburdular aparmağa. Onlar gedəndən sonra biz həmin şagirdlərdən əlimizi üzmüş oluruq. Kənd yeridi, artıq bu belə qəbul olunub”.

İsmayıllı rayonu, İstisu kənd orta məktəbinin müəllimi Şahid Muradlı deyib ki,  kənd məktəblərində uşaq azlığı ölkə üçün təbii haldır:

“Kənd əhalisinin şəhərə nisbətən azlığı ən təsiredici məqamdır. İqtisadi şəraitin çətinliyi (bölgələrdə işsizlik) və aqrar sahədə problemlər kənd insanını məcburən urbanizasiyaya sövq edir. Bunun nəticəsində məktəblərdə belə problemlər yaranır. Uşaq azlığı isə məncə, təhsilin keyfiyyətinə təsir baxımından sadəcə bəhanədir. Müəllim istənilən auditoriyaya dərs keçməyə borcludur. Amma yenə də istənilən sahədə problemin kökü təəssüf ki, iqtisadi sahədə yaranan problemlərdir”.