Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-14 16:56:00
“Dərs zamanı atışma səsləri eşitsək də, bunu adi hal sayırıq” –Təmas nöqtəsindəki məktəbin xanım müəllimi

AzEdu.az ucqarlarda gözdən uzaq olan, amma bütün varlığını şagirdlərinə həsr edən müəllimləri  aşkara çıxarmaqda davam edir. Budəfəki həmsöhbətimiz isə  Gədəbəyin Zamanlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır.

 

“Dəfələrlə atışma olub. Bəzən, dərs vaxtı silah səslərini eşitsək də, bunu adi qəbul edib dərsimizə davam edirik”.

 

Bu sözləri gənc müəllim Aygün Aşırlı AzEdu.az-a açıqlaması zamanı deyib. O, dərs dediyi məktəb haqqında danışarkən bildirib ki, orada savadlı şagirdləri çox olsa da, onları üzə çıxarmaqda çətinlik çəkir:

“Bəlkə də bu, ərazinin gözdən uzaq olmasından irəli gəlir.

Şagirdlərim olimpiadalarda iştirak etmək istəyirlər. Bir dəfə qışda onları olimpiadaya aparacağıma söz verdim. Amma qar yolları bağladı, alınmadı. İstərdim ki, şagirdlərim aktiv olub, savadları ilə hər yerdə tanınsınlar. Çünki kənddən belə uşaqlar az çıxır. Yol uzaq olduğuna görə çox müsabiqələrdən kənarda qalırıq. Bəlkə də bu, bizi  zəif  məlumatlandırmaları ilə əlaqədardır. Şagirdlərimin heç bir layihədən kənar qalmamalarını istəyirəm. Belə məktəblilərə dəstək olmaq lazımdır”.

15 şagirdə bir kitab...

O, şagirdlərin uğurlarına maneə törədən səbəblərdən danışarkən, məktəbdəki dərslik probleminə də toxunub:

“Məktəbdə dərsliklərlə bağlı çox  problem var. Bəzi siniflərdə 15 şagirdə bir kitab düşür. Məktəbdən kitab verilir. Sadəcə, kitabxaya gələn dərsliklərin sayı bu qədər olur. Bilmirəm ki, bu problem haradan qaynaqlanır. Amma kitablar saya uyğun gəlmir. Bəziləri yaxşıdır. Bəziləri isə ümumiyyətlə, çatışmır, azdır. Bu da istər-istəməz şagirdlərdə zəiflik yaradır”.

Uşaqların getdikcə savadsızlaşdığını deyən müəllim bunun səbəbini axtarır:

“Şagirdlərin dərsə davamiyyəti yaxşıdır. Kənd yeri olduğuna görə piyada gəlib-gedirlər. Məktəb 2007-ci ildə təmir olunub, hələ ki, vəziyyəti yaxşıdır. Bu məktəb davamiyyət və göstəricilərinə görə həmişə fərqlənib.

Amma getdikcə uşaqlarda savadsızlaşmanın getdiyini hiss edirəm. Bu, təhsillə deyil, zəmanə ilə bağlıdır. İndiki savadlı uşaqlar isə bu il məktəbi bitirib gedəcəklər. İstəyirəm digərləri də şagird ikən hansısa  uğura imza atsınlar. Hər dəfə mənə yeni V sinif veriləndə görürəm ki, uşaqlarda savad, dərrakə, məntiqi düşüncə baxımından kasadlıq artıb. Fikrimcə, bu, məktəb və ya müəllimlə bağlı deyil, səbəbini isə bilmirəm”.

Məktəb pəncərəsindən görünən düşmən postları...

Dərs vaxtı başlanan atışmalardan danışan  gənc müəllim buradakı uşaqların daha qorxmaz olduqlarını vurğulayıb:

“Çalışdığım məktəb təmas xəttinə yaxındır. Məktəbin pəncərəsindən düşmən postları demək olar ki, aydın görünür. Amma bu, şagirdlərdə elə də böyük qorxu yaratmır. 

Buradakı şagirdlər digərlərindən fərqlənirlər. Sanki daha qorxmaz, vətənpərvərdirlər. Elə indi desəniz ki, döyüş var, ərazini tərk edin, bir nəfər yerindən tərpənməz. Hamı burada qalıb döyüşmək istəyər. Onlarda qorxu hissi yoxdur. Vətənpərvərlik isə daha yüksəkdir. Bəlkə də həmişə güllə səsi eşitdiklərinə görə bu onlar üçün adiləşib.

Hətta atışma güclü olan günlər də  davamiyyətdə problem olmur. Düzdür, bu,  sivil yerlərdə deyil, postlar arasında olur, amma səslərini eşidirik.

Mən neçə ildir burada yaşadığıma görə şahidi olmuşam. Dəfələrlə atışma olub. Bəzən dərs vaxtı silah səsləri eşidilir. Adi bir şey kimi qəbul edib dərsimizə davam edirik”.

Müəllim qeyd edib ki, məktəbə müddətli müqavilə ilə çalışmaq üçün gəlsə də şagirdlərinə olan sevgisi onu burada saxlayıb:

“Buraya müvəqqəti işləmək üçün gəlmişdim. Şagirdlərimi çox sevdim, savadlı olduqlarını gördüm və yerimi dəyişmədim. Ailə qurub burada qaldım. İstərdim ki, gözdən uzaq şagirdlər də  inkişaf etsinlər. Yaşayışımı elə burada qurub cəmiyyətə fayda vermək istəyirəm”.

“Orada-burada yaşaya-yaşaya dərs deyirəm”.

“Artıq 5 ildir ki, işləyirəm. Amma yaşayış yerim yoxdur. Orada-burada yaşaya- yaşaya dərs deyirəm. Çox istəyirəm ki, burada yaşamağa yerim olsun və mən də həvəslə dərs deyim.

Harasa müraciət etmək, şəxsi problemimi qabartmaq istəmərəm. Əvvəl kəndlərdəki müəllimlərə müəyyən güzəştlər edilir, onlar yaşayış yeri ilə təmin olunurdular. Amma indi belə deyil. Hətta evim olmadığına görə övladımı anam böyüdür. İstəyərəm ki,  müəllimlərə daha yaxşı fəaliyyət göstərmələri üçün kömək edilsin. Axı mən təmas xəttinə yaxın yerdə illərlə yaşamaq, şagirdlərə kömək etmək istəyirəm”.

Şagirdlərim gözdən uzaq qalmasınlar...

“Şagirdlərə yüksək səviyyədə təhsil verməyimiz üçün çalışıram. Onlar da mənə sürprizlər edir, şeir və rəsmlə sevindirirlər.

Ali məktəbə qəbulda isə son illər bir az zəif olduq. Amma 2016-cı ildə demək olar ki, şagirdlərimin hamısı 500-dən çox bal topladılar. Hərətərəfli savadlı şagirdlərim var.

IX sinf şagirdlərimin sayı azdır. Amma bir şagirdim buraxılış imtahanında 30 sualdan 29-nu düzgün cavabladı. Mən də ona kitablar hədiyyə etdim.  İstəyirəm ki, onları daha yüksək səviyyəli yerlərdə görüb dəyərləndirsinlər, gözdən uzaq qalmasınlar”.

QEYD: Müsahibə 03.10.2018-ci il tarixində hazırlanıb. Müəllimlərin də gənclərdə vətənpərvərlik duyğularının inkişafında rolunu göstərməkdən ötrü yenidən paylaşılır.