Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-14 16:42:00
Hərbi  şücaətinə görə mükafatlandırılan məktəb direktoru: ”Düşmən tərəfə keçib, məlumatlar gətirmişəm”

“Briqada kəşfiyyatının əsgəri olmuşam. Dəfələrlə təmas xəttini keçərək düşmən ordularına daxil olmuş, lazımlı məlumatlar gətirmişəm. Kəşfiyyatçılıq müşahidə bacarıqlarımı inkişaf etdirib.  Bu, elə indi də  məktəb idarəçiliyində mənə kömək edir”.

215 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev  Prezident İlham Əliyevin “Hərbi xidmətlərə görə” medalı ilə təltif  etdiyi yeganə direktordur.  Səbəbi yəqin, hər kəsə maraqlıdır. Əslində  Cavad müəllim hamınızın maraqlanacağı bu suala  hələ 27 il bundan əvvəl cavab verməyi bacarıb:

“Yadımdadır, torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt olunanda mən orta məktəbdə oxuyan yeniyetmə idim. Ziyalı ailəsində dünyaya gəlmişdim, həyata baxışlarımla yaşıdlarımdan fərqlənir, çılğınlığımla seçilirdim.  Öz–özlüyümdə torpaqlarımızın müdafiəsi üçün cəbhəyə getməyi qərara aldım. Valideynlərimə dedim ki, universitetə deyil, döyüşə gedirəm. Haqqınızı halal edin.

Mənimlə razılaşdılar. Düzü, atam tələbə olmağımı istəyirdi. Çünki bacılarım və qardaşım ali təhsil almışdılar. Amma mənim qərarım qəti idi, razılaşmalı oldular. Atamın o zaman dedikləri yadımdan çıxmaz: “Sənə güvənirəm. Necə düşünürsənsə, elə də et”.

Biz həm də döyüş bölgəsində yaşayırdıq. Bəlkə də valideynlərim ziyalı olduqlarına görə, düzgün qərar qəbul etdiyimi düşündülər. Yadımdadır, atam həmişə deyirdi ki, “torpağı qorumasan, onu əkib – becərməyə dəyməz”.

“Görünmədən görməli, ölmədən geri dönməli...”

Cavad müəllim 1992-ci ildə döyüşə yollananda cəmi 18 yaşı vardı. 4 il yarım döyüş əməliyyatlarında iştirak edib.  Yaşı az, iradəsi böyük olub:

“Müxtəlif qoşun və bölmələrin tərkibində xidmət etdim. Minaatanlar batareyasında xidmətim heç vaxt yadımdan çıxmaz. Əsas xidmətin isə kəşfiyyat bölüyündə oldu. Briqada kəşfiyyatının əskəri olmuşam. Dəfələrlə təmas xəttini keçərək düşmən ordularına daxil olmuş, lazımlı məlumatlar gətirmişəm. Necə deyərlə, “görünmədən görməli, ölmədən geri dönməli”idik...

Bunları nəzərə alaraq mənim təqdimatımı Müdafiə Nazirliyinə göndərmişdilər. Ali Baş Komandanın sərəncamı ilə bu mükafata layiq görüldüyümə görə, çox xoşbəxtəm. Sevincimin həddi – hüdudu yoxdur. Özümə kənardan və keçmiş döyüşçi kimi baxıb-görürəm ki, bu təltif mənim bütün xidmətlərimi özündə təzahür etdirir. Bizim kimi döyüşçülərə hər zaman qayğı göstərdiyinə görə Prezidentə təşəkkürümü bildirir, demək istəyirım ki, vəziyyətimdən, durumumdan asılı olmayaraq həmişə ordumuza xidmət etməyə hazıram”.

“Müharibədən sonra atamın arzularını reallaşdırmaq üçün yaşamışam”

Cavad müəllim döyüşlərdən sağ–salamat qayıtdıqdan sonra ali təhsil almaq qərarına gəlir. Bakı Dövlət Universitetinin Mexanika - riyaziyyat fakültəsini fərqlənmə ilə bitirir. Sonradan magistratura təhsili də alır:

“Bu, atamın arzusu idi. Müharibədən sonra atamın arzularını həyata keçirmək üçün yaşamışam. Direktor olanadək Riyaziyyat müəllimi işləmişəm. Çalışdığım  müddətdə həmişə şagirdlərə hərbi vətənpərvərliyi tərənnüm etdim. Bu, indi rəhbərlik etdiyim məktəbdə də hiss olunur. Hər il “Aprel aylığı” keçirir, Aprel döyüşçülərini məktəbə dəvət edirik”.

“Müşahidələrim, hələ ki, məni yanıltmayıb”

Onun sözlərinə görə, bir vaxtlar kəşfiyyatçı olması indi də ona məktəb idarəçiliyində kömək edir:

“Bu iş müşahidə bacarıqlarımı inkişaf etdirib. Məktəb idarəçiliyində də mənə kömək edir. Həmişə şagirdlərin davranış qaydaları, psixologiyası, təlim-tərbiyəsini  müşahidə edirəm. Kadrları kəşf etməkdə də bu bacarıqlarımdan yararlanıram. Müşahidələrim hələ ki, məni yanıltmayıb”.

O, indi də döyüş xatirələrindən şagirdlərinə ağızdolusu danışır:

“Əsas vurğuladığım məqam isə bu olur: Səhrada döyüş mövqeyində təlim keçərkən Ulu Öndər Heydər Əliyevin bizi necə dəstəkləməsi, Horadiz əməliyyatı, əməliyyat öncəsi Ümummilli lideri yaxından görməyim... və s. O kadrlar indi də gözümün önündən getmir. Döyüşə Heydər Əliyevin xeyir-duası ilə qatılmışdım.

Horadiz əməliyyatından sonra da atəşkəs bilmədən kəşfiyyat işimizi davam etdirmiş, ordumuza lazımlı məlumatları gətirmişik. Kəşfiyyat ordunun gözüdür. Minalanmış ərazidən keçməyin qaydası, eksterimal şəraitdə qərar qəbul etməyin yolları və s. barədə söhbətləri abituriyentlərə danışıram və bu  əhvalatlar imtahandan əvvəl onlara xeyli kömək edir”.

QEYD: Müsahibə 26.06.2019 -cu il tarixində hazırlanıb. Müəllimlərin  gənclərdə vətənpərvərlik duyğularının inkişafındakı  xidmətinə bariz nümunə olaraq yenidən paylaşılır.