Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 11:20:00
Zəlzələ uşaq bağçalarına necə ziyan vurub? – İcra başçısının müavinindən açıqlama  

“Zəlzələ nəticəsində bağçalara dəyən ziyanla bağlı bizə heç bir məlumat daxil olmayıb. Zaqatala seysmik zonadır, bu səbəblə əksər binalarda  müəyyən çatlar görülür. Məsələn, elə bizim Zaqatala rayon İcra Hakimiyətinin binasında, sosial obyektlər və vətəndaşların evlərində də çatlar əmələ gəlib”. 

Bu sözləri AzEdu.az-a  Zaqatala Rayon İcra Hakmiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə  Hallar  Komissiyasının sədri Tofiq Əhmədov deyib. O qeyd edib ki, ziyan görən binalardan qəzalılıq dərəcəsi müəyyən olunanlar və  olunmayanlar da var.

“Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları tərəfində qəzalı vəziyyətdə olduğu ilə bağlı rəy verilən heç bir bağçadan məlumat almamışıq. Bağçalar icra hakimiyyətinin tabeliyində olduğu üçün zəlzələ baş verəndən sonra mütəmadi əlaqə saxlayırıq. Qeyd edim ki, bizim rayondakı bağçaların əksəriyyəti yeni tikildikləri və ya təmir olunduqları üçün zəlzələyə davamlıdırlar. Ümumilikdə isə, yenə deyirəm FHN-dən məlumat gəlmədiyi müddətdə heç bir binaya qəzalı olub-olmadığı barədə özümüz rəy verə bilmərik”.

Qeyd edək ki, ilkin məlumatlara əsasən, 5 iyunda yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yeni 2 km dərinliyində 5,5 maqnituda gücündə olub. Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.