Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 11:06:15
Elm və Təhsil Komitəsi nazirin təklifini dəstəklədi – “Olimpiada qalibləri imtahan verməməlidir”  

“Bu təklif uşaqları həvəsləndirib, daha da inkişaf etdirmək üçündür. Sadəcə, gərək, olimpiadanın bütün mərhələləri obyektiv keçirilsin”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib. O qeyd edib ki, bu məsələ hələki müzakirə mərhələsindədir:

“Milli Məclisdə bu məsələyə baxılır. Fikrimcə, isə bu fikir özünü doğruldacaq. Çünki dünya olimpiadalarının qalibləri olduqca savadlı olurlar. Belə olan halda, onlar niyə də universitetətə imtahansız qəbul olunmasınlar? Beynəlxalq olimpiada qalibləri əksərən, 650 baldan çox toplayırlar. Yəni, onsuz da, universiteti qazana bilirlər. Bu təklif uşaqları həvəsləndirib, daha da inkişaf etdirmək üçündür. Sadəcə, gərək olimpiadanın bütün mərhələləri obyektiv keçirilsin”.

Mövzu ilə bağlı danışan deputat Kamilə Əliyeva da  məsələyə münasibətinin müsbət olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür güzəştlərin tətbiqi dünya təcrübəsində də müşahidə olunur:

“Respublika fənn olimpiadaları qaliblərinin isə universitetə imtahansız qəbulunun lehinə deyiləm. Çünki Respublika səviyyəsində olimpiadaları çox da ciddi qəbul etmək lazım deyil. Mən zənn edirəm ki, beynəlxalq olimpiadaların qalibləri imtahansız qəbul oluna bilərlər. Dünya miqyasında belə bir təcrübə var və mən də bunu dəstəkləyirəm. Təhsil Nazirliyində artıq bu məsələ üzrə işlər gedir. Lakin yenə qeyd edirəm, respublika səviyyəsində olimpiada qaliblər mütləq şəkildə qəbul imtahanı verməlidirlər. Sovet dövründə də belə bir təcrübə var idi. Məsələn, təşkil olunan şifahi imtahanların birindən əla qiymət alan şagird, o biri imtahanlardan azad olunurdu. Müstəqil Azərbaycanda da beynəlxalq olimpiada qalibləri imtahansız qəbul olunub, seçdikləri ali məktəblərdə də oxuya bilərlər”.

Qeyd edək ki, Beynəlxalq Fənn Olimpiadalarının qalibləri istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları ilə bağlı “Təhsil haqqında” qanunun 26-cı maddəsinə (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) dəyişikliklər təklif edilir. 

Qanuna yeni 26.1-1. maddə əlavə edilir. Yeni maddəyə görə, orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.