Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 16:59:00
"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir keçirilib

İyulun 10-da "Rəqəmsal bacarıqlar" layihəsi üzrə 2019-2020-ci tədris ilinin yekununa dair onlayn tədbir keçirilib. 

 

AzEdu.az  xəbər verir ki, "Virtual məktəb" platforması üzərindən canlı yayımlanan tədbirə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova, layihənin beynəlxalq "Alqoritmika" şirkəti tərəfindən rəhbəri Anna Burda, nazirliyin əməkdaşları, müəllimlər, məktəb direktorları olmaqla ümumilikdə 600-dən çox iştirakçı qatılıb. 

 

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Rəqəmsal bacarıqlar" layihəsinin təhsil prosesində müasir informasiya texnologiyalarının tətbiqi baxımından əhəmiyyətini qeyd edib. Məhəbbət Vəliyeva layihənin məqsədlərindən söz açaraq bildirib ki, layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. 

 

Nazir müavini həmçinin pandemiya dövründə təhsilin əlçatanlığı və davamlılığının təmin olunması məqsədilə Təhsil Nazirliyi tərəfindən görülən işlər barədə də məlumat verib.

 

Daha sonra çıxış edən "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova layihə çərçivəsində görülən işlər barədə ümumi məlumat verib, növbəti tədris ili üçün  hədəfləri açıqlayıb. Nilufər Rəhimovanın sözlərinə görə,  2020-2021-ci tədris ilindən sözügedən layihənin əhatəsi genişləndiriləcək, layihə Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı, Şirvan, Şəki, Lənkəran və Mingəçevir olmaqla ümumilikdə 9 şəhər və 222 məktəbi əhatə edəcək.

 

Layihə rəhbəri bildirib ki, pandemiya dövründə "Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən ümumilikdə 72 teledərs ictimaiyyətə təqdim olunub. Bununla yanaşı olaraq, Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə ümumilikdə 3-8 sinifləri əhatə edən 197 videodərs təqdim olunub.  Hazırda "Virtual məktəb" platformasında layihə çərçivəsində şagird və müəllimlər üçün  interaktiv vebinarlar davam etdirilir. 

 

Çıxış edən layihənin beynəlxalq "Alqoritmika" şirkəti tərəfindən rəhbəri Anna Burda da öz növbəsində layihənin uğurlarında müəllim və məktəb direktorlarının xüsusi rolunu vurğulayıb, hər kəsə təşəkkür edib.

 

Daha sonra layihə çərçivəsində şagirdlər arasında təşkil edilən "Novruz" yarışmasının qalibləri mükafatlandırılıb. Bildirilib ki, yarışmada Bakı, Sumqayıt, Gəncə və Şamaxıdan ümumilikdə 100-dən çox şagird iştirak edib.

 

Həmçinin 2019-2020-ci tədris ilində layihə üzrə ən yaxşı nəticə göstərən 40 ən yaxşı müəllim və 22 məktəb direktoru diplomla mükafatlandırılıb.