Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 10:05:00
ABŞ elminə, NASA-ya xüsusi fayda verən Azərbaycan alimləri

Müxtəlif  illərdə Azərbaycandan dünyanın  bir  çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün dünyanın uzaq ölkələrində də elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var. 

AzEdu.az bu yazısında ABŞ elminə fayda verən 3 alimdən danışacaq: 

Eduard Məmmədov - Bakı şəhərində anadan olub. Orta məktəbdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna qəbul olunub. Əmək fəaliyyətinə Elmlər Akademiyasında başlayıb, Novosibirskdə kataliz üzrə dissertasiya müdafiə edib. Bir il orada işlədikdən sonra Bakıya qayıdıb. Neft - Kimya prosesləri institutda işləyib. Doktorluq dissertasiyasını da məhz bu institutda müdafiə edib. Qeyri-üzvi və fiziki kimya İnstitutunda laboratoriya müdiri işləyib. 

Azərbaycandan 1993-cü ildə köçüb. İlk dəfə İspaniyadan dəvət alan alim Madrid şəhərinə gedir. Buradakı fəaliyyəti zamanı konfransda iştirak üçün Brüsselə gəlir. Brüssel səfəri zamanı Səudiyyə Ərəbistanında işləmək üçün dəvət alır. Razılaşır. Əvvəlcə özü, sonra isə ailəsi Ər-Riyada köçürlər. İri neft şirkətində menecer işləməklə bahəm, həm də katalizator razrabotkası ilə məşğul olur. Həmkarları ilə birlikdə təbii qazın bir komponenti olan etanın birbaşa oksidləşərək sirkə turşusuna çevrilməsi prosesini hazırlayır. Bu turşudan təkcə məişətdə deyil həm də asetat liflərinin hazırlanmasında geniş istifadə olunur. Ona görə də böyük əhəmiyyəti oldu. 

Ərəbistandan sonra ABŞ-ın Hyuston şəhərindəki Katalizator araşdırmalar mərkəzinə gəlir və bu günəcən də həmin şirkətdə çalışır.  Şirkət bütün dünyada SABİC (Saudi Arabian İndustries Corpration). Şirkətin İspaniya və Səudiyyə Ərəbistanında tikilən zavodlarının tikilməsində məhz Eduard Məmmədovun xüsusi iştirakı olmuşdur. SABİC dünyanın 5 ən iri kimyəvi şirkətindən biridir. Dünya üzrə 40 mindən çox işçisi var. 

Nyu York Akademiyasının, Amerika Elmi Nailiyyətlər Asosiasiyasının üzvüdür. 150-dən çox elmi məqaləsi, 3 kitabı nəşr olunub. 20 patent həmmüəllifidir. 

Məmmədovun həyat yoldaşı İradə xanım  “Xyuston-Bakı” qardaşlaşmış şəhərlər assasiasiyası və Mədəniyyət mərkəzinin rəhbəridir. 

Sadıxov Teymur - 1987-ci ildə Bakıda anadan olub.  Orta təsildən sonra, 2003-2008-ci illərdə İstanbul Texniki Universitetində Aviasiya və Kosmik Elmlər fakültəsininin Aviasiya mühəndisliyi ixtisası üzrə təhsil alıb. Teymur Sadıxovun adı İstanbul Texniki Universitetinin 235 illik tarixinə ən yüksək ortalam qiymətlə məzun olmuş ilk tələbə kimi yazıb. Daha bir qürurverici fakt isə istedadlı gəncin təhsilin növbəti pilləsi üçün müraciət etdiyi yüksək reytinqli 10  ali məktəbin hər birindən müsbət cavab almışdı; həm də yüksək təqaüd təklifləri ilə! 

2008-ci ildə Kalifornya Universitetinin San-Diyeqo kampusunda Mexanika və Aerokosmik Mühəndislik Fakültəsində “Powell” fondu təqaüdçüsü olaraq, elmi təhsilə başlayan Sadıxov çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı nəzarəti üçün alqoritmlər üzrə elmi araşdırmalar aparmış, 2010-cu ildə magistr dərəcəsini qazanmışdır. Elə həmin ildə məşhur alim Vassim Haddadın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik mühəndisliyi fakültəsində (Corciya Texnologiya Universitetində) doktorantura pilləsi üzrə təhsilə başlayıb və 2015-ci ildə aerokosmik elmlər doktoru alimlik dərəcəsinə sahib olmuşdur. Bundan başqa, o, Corciya Texnologiya İnstitutunda Riyaziyyat üzrə magistr dərəcəsi də alıb.

Teymur Sadıxovun doktorantura təhsili Amerikan Hava Qüvvələri Elmi Tədqiqat Ofisi (AFOSR) və NASA Drayden (yeni adı Armstrong) Uçuş Tədqiqat Mərkəzi layihələri ilə maliyyələşib. Teymur Sadıxov ali təhsili ərzində dünyanın ən nüfuzlu jurnal və konferanslarında 12 məqalə dərc etdirib. 

Gənc alim 2013-cü ildə “United Technologies Corporation” təşkilatının elmi-tədqiqat mərkəzinin Avtonom və Ağıllı Robotik Sistemlər laboratoriyasında avtonom vertolyotların şəhər mühitində qəzasız optimal trayektoriya planlaması ilə əlaqəli elmi tədqiqatla məşğul olub. 

Hazırda, Teymur Sadıxov dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlıdır. Gənc alimimiz NASA-nın Reaktiv hərəkət labortoriyasında Robotik sistemlərin qiymətləndirilməsi, qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars planetinə yerləşdirilmiş Curiosity Rover kosmik aparatının, eləcə də JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin iştirakçısıdır. 

Bağırov Adil 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. O, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Moskva Beynəlxalq Neft Klubunun prezidenti Toğrul Bağırovun oğludur.

Adil Bağırov orta təhsilini Bakıda tamamladıqdan sonra, 1996-1999-cu illərdə ABŞ-nın Cənubi Kaliforniya Universitetində Beynəlxalq munasibətlər və biznesin təşkili ixtisası üzrə ali təhsil almış, 2002-ci ildə “Beynəlxalq munasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusunda dissertasiya mudafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini qazanıb.

2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xususi muşaviri və ABŞ-ın Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub.

Adil Bağırov 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq işlər üzrə vitse-prezidentidir. O, 2007-ci ildən Azərbaycan diasporunun ən nüfuzlu bölmələrindən olan ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN), 2008-ci ildə isə ABŞ Türkiyə Şəbəkəsi (USTN) qeyri-hökumət təşkilatlarının direktoru və həmtəsisçisidir. 2009-cu ildən isə ABŞ-da təsis edilən Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir.

Bağırov 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya müdafiə edir və siyasi elmlər doktoru alimlik dərəcəsi alır. 50-dən artıq elmi məqalənin muəllifidir.

2017-ci ildə Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasına üzv seçilib. Həmyerlimizin vəzifəsi 14 min şagirdin təhsil aldığı 30 məktəb və bu təhsil ocaqları üçün ayrılmış 500 milyon dollardan çox həcmdəki büdcənin icrasına nəzarətin təşkilidir.

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və diasporumuzun inkişafı sahəsindəki xidmətlərinə gorə Adil Toğrul oğlu Bağırov 2011-ci ildə Azərbaycan Respublikasının“Tərəqqi” medalı ilə təltif edilib.