Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 11:21:00
Məktəblilərarası onlayn “Fibonacci” intellektual yarışının birinci mövsümü yekunlaşıb

Məktəblilərarası onlayn “Fibonacci” intellektual yarışının I mövsümü başa çatıb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, I mövsüm 8 seçim oyunundan ibarət olub. Hər seçim oyununda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təxminən 600-800 şagird, 80-100 arası komanda iştirak edib. Mövsümün final turunda 35 komanda yarışıb. Oyunun nəticələrinə əsasən, I yeri Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin komandası (“Tesla”), II yeri Bakı Avropa liseyinin komandası (“Fortuna”), III yeri isə Bakı şəhəri 287 nömrəli tam orta məktəbin komandası (“Zəkalar”) tutub.

 

Uşaqların oyuna olan marağı nəzərə alınaraq, finala keçməyən komandalar üçün iyulun 7-də həvəsləndirici final oyunu təşkil edilib. İyirmi yeddi komandanın yarışdığı oyunun nəticələrinə görə, Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin komandası (“Proqress”) I, Bakı şəhəri 264 nömrəli tam orta məktəbin komandası (“Kingsman”) II, 62 nömrəli tam orta məktəbin komandası (“Qızıl Alma”) III yerə layiq görülüb.
Hər iki oyunun qalib komandalarına Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunacaq. “Fibonacci” intellektual yarışının II mövsümünə sentyabr ayında start veriləcək. Eyni zamanda, onlayn formatda V-VII sinif şagirdləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” yarışması davam etdirilir.

 

Qeyd edək ki, bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası səbəbindən tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.