Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 13:38:00
“Universitetlərimiz distant təhsili çoxdan tətbiq etməli idilər”- Çatışmazlıq  

 

 

“Vəziyyət payız aylarına qədər dəyişməsə, biz ənənəvi təhsil istiqamətinə gedə bilməyəcəyik”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 

 

O, payız aylarında tədrisin bərpa olunması ehtimalından söz açıb:

 

 

“Hazırkı vəziyyətdə təhsillə bağlı qərarların qəbul edilməsi zamanın tələbidir. Ölkə başçımız “Micrasoft” şirkətinin vitse-prezidentləri ilə görüşündə bizi ən çətin situasiyalara hazır olmağa səslədi. Yaranan  problem çox gərgindi və pandemiyanın nə zaman bitəcəyi həmçinin, insanların normal həyata nə vaxt qayıdacağı müəmmadır. Buna baxmayaraq vəziyyət payız aylarına qədər dəyişməsə, biz ənənəvi təhsil istiqamətinə gedə bilməyəcəyik. Ənənəvi tədrisin yerini verməsə belə onlayn və məsafədən təhsili davam etdirməliyik. Ümid edək ki, vəziyyət düzələcək. Amma düzəlməyəcəyi təqdirdə  təhsilalanların fəaliyyət göstərmələri üçün alternativlər ortaya qoymalıyıq. Bunların xüsusiylə, distant təhsil formasında tətbiq edilməsi qənaətbəxşdir. Bizdə bu istiqamətdə ciddi bir təcrübə yoxdur. Yalnız bəzi ali təhsil müəssisələrində ilkin işlər görülüb, amma reallıq bizi vadar edir ki, bu istiqamətdə işləri sürətləndirmək və distant təhsili inkişaf etdirmək lazımdı. Ali təhsil müəssisələri bu baxımdan fəaliyyətlərini çoxdan qurmalı idilər. Təəssüf  ki, biz bu istiqamətdə ciddi uğurlar əldə edə bilməmişik”.

 

 

İlqar Orucov distant təhsillə bağlı fikirlərini bildirib:

 

 

“Məsafədən təhsil dünyada ciddi şəkildə tətbiq olunmaqdadı. Universitetlər distant təhsildən həm özləri üçün böyük vəsait qazanır, həm də dövlətə maliyyə dəstəyi göstərirlər. Dünya təcrübəsindən də göründüyü kimi, artıq müasir dövrdə universitetlərin verdiyi təhsilin böyük hissəsini distant təhsil təşkil edir. Bu, eyni zamanda təhsilalanlar üçün də əlçatandır. O baxımdan ki, burada insan yaşadığı yeri tərk etməyərək məsafədən həm təhsil alır, həm də bir çox xərclərinə qənaət etmiş olur”.

 

 

Qeyd edək ki, aprel ayından bir çox universitetlər distant təhsil formasına keçib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları