Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 10:25:00
BDU-da  Psixoloji yardım sektorunun növbəti onlayn maarifləndirmə tədbiri

Dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyası səbəbindən insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün davamlı yeni qaydalar tətbiq edilir. Dünya əhalisinin virusdan qorunması üçün Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də dövlətlər insanları evdə qalmağa çağırır. Eyni zamanda, karantin rejiminin tətbiqi psixoloji gərginliyə səbəb olur. Bu səbəbdən Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun əməkdaşları koronavirus pandemiyası dövründə stres, həyəcan, təşviş halları və bunların immun sisteminə təsiri mövzusunda instaqram hesabı üzərindən canlı yayım ediblər.

 

BDU-dan AzEdu.az-a verilən məlumata, Psixoloji yardım sektorunun psixoloq-məsləhətçiləri Turqay Əlisalamzadə və Natavan Həsənzadə pandemiya zamanı narahatlıq və stresin artması, yaranmış psixoloji gərginliklə mübarizə metodlarından danışıblar. Mütəxəssislər virusun yaratdığı bu vəziyyətdə stresin idarə olunması ilə bağlı izləyicilərə maarifləndirici məlumat verib, onları tələb olunan qaydalara riayət etməyə çağırıblar. Qeyd olunub ki, psixoloji əhval-ruhiyyə yüksək tutulmalı, bütün lazımi tədbirlərə - istər qidalanma, istərsə də gigiyena qaydalarına riayət edilməlidir. İnformasiya texnologiyaları vasitəsilə ünsiyyəti davam etdirməli, sosial izolyasiya tədbirlərinin gətirdiyi narahatlıq, depressiya kimi təsirlərdən özünümüdafiə tədbirləri görülməlidir.

 

Həmçinin pandemiya zamanı əməl edilməli olan ən vacib psixoloji məqamlar - psixoloji rahatlığın təmin edilməsi məqsədilə gündəlik rejim tətbiqi, yuxu və qida rejiminə diqqət edilməsi, ailə üzvləri ilə vaxtın səmərəli təşkili, soyuqqanlı olmağın və təşvişdən uzaq durmağın vacibliyi vurğulanıb. Sonra izləyicilərə emosional rahatlığın qorunması üçün rəsmi xəbərlərdən kənar yayılan informasiyalara inanmamaları, fiziki aktivliyin təmin olunması, onlayn işləyənlərin iş rejiminə əməl etmələri, zərərli vərdişlərdən imtina tövsiyə edilib.

 

Sonda izləyicilərin sualları cavablandırılıb.