Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 20:36:00
“Ədəbiyyat biliciləri” mükafatlandırıldı

Bu gün Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AzEdu.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib.

 Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq üçüncü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onların ədəbiyyata olan marağının daha da artırılması baxımından müsabiqənin əhəmiyyətindən danışıblar.

 

“Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5311 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 110 şagird iştirak edib .

 

Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.