Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 13:29:00
BDU tələbələrinin onlayn “müdafiə”si

BDU-nun əlaçı məzunları: “Buraxılış işi müdafiəsini könüllü olaraq seçdik”


 Dünyanı lərzəyə salan koronavirus (Covid-19) pandemiyasının dünyada təsirsiz ötüşdüyü sahə demək olar ki, qalmayıb, infeksiya qlobal həyatın bütün sferalarında ciddi problemlər törətməkdə davam edir. Ölkəmizdə bu problemin cilovlanması, mənfi təsirlərinin neytrallaşdırılması üçün qətiyyətli tədbirlər reallaşdırıldı. Nəticədə Bakı Dövlət Universiteti (BDU) bu çətin günlərdə tədris prosesini onlayn formata keçirməklə, ikinci semestrin imtahan sessiyası və buraxılış işlərinin müdafiəsinin bu sistem vasitəsilə uğurla təşkilini təmin edə bildi.

 

Və budur BDU-nun buraxılış işi müdafiə edən sonuncu kurs tələbələri Universitet qarşısında son öhdəliklərini də uğurla başa vururlar.

 

Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi imtahanların gedişi, tələbələrin yeni vəziyyətə adaptasiyası, buraxılış işlərinin onlayn müdafiəsi barədə mütəmadi olaraq professor-müəllim heyəti və tələbələrin fikirlərini ictimaiyyətə təqdim edir.

 

Ali məktəbin son kurs tələbələrinin tədqiqat işlərinin yazılması, müdafiəyə hazırlıq və müdafiə prosesinin gedişi ilə bağlı fikirlərini təqdim edirik:

 

Jurnalistika fakültəsinin fəal tələbələrindən Zeynəb Mirzəyeva da bu il məzun olan tələbələrdəndir: “Dörd il bundan əvvəl həyatımda böyük uğurlardan birinə imza ataraq tələbə adını qazandım. Bu gün isə böyük bir iftixarla BDU-nun Jurnalistika fakültəsinin məzunu oluram. İmtahan həyəcanı, yuxusuz gecələr, sessiya stresi, gənclik həyatının ən şirin dönəmi olan tələbəlik illərinin sevinc və kədərli, bəzən qayğılı, ömrün təkrar olunmaz anları artıq geridə qalır. Həyatımın unudulmaz möhtəşəm bir mərhələsini geridə qoyaraq müstəqil, eyni zamanda məsuliyyətli dövrünə qədəm qoyuram.”

 

Zeynəb pandemiya dövründə hazırladığı buraxılış işindən də danışdı: “Azərbaycanda bu ilin martından xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin, eləcə də kitabxanaların fəaliyyətinin dayandırılmasına səbəb oldu. Sözsüz, belə vəziyyət buraxılış işi hazırlayan son kurs tələbələri üçün də bir sıra yeniliklər yaratdı. Elmi işimin hazırlanmasında yerli və xarici kitabxanaların elektron kataloqlarından dərsliklər, qəzet və elmi jurnalların veb-səhifələrində dərc olunmuş məqalələrdən istifadə etdim. Ən əsası isə elmi rəhbərlərimlə mövzunun plan və fəsillərin tərtibatı üçün müzakirə imkanımız tədqiqatımı uğurlu tamamlamağa kömək etdi. Bu səbəbdən işi hazırlayaraq elektron formada elmi rəhbərimə göndərdim və onun ümumi rəyi, təklif və iradları əsasında düzəlişlərimi etdim. Nəticədə müdafiəmi uğurla başa vura bildim. Təbii ki, universitet rəhbərliyinin biz tələbələri düşünərək verdiyi qərar və güzəştlər də köməyimizə çatdı. Belə bir şəraitdə müəllimlərimizin bizə psixoloji dəstəyi də danılmazdır.” 

 

Şərqşünaslıq fakültəsinin sonuncu kurs tələbəsi Toğrul Qiyaslı isə diplom işinin uğurlu müdafiəsindən danışdı: “Təhsil aldığım Şərqşünaslıq fakültəsinin Tərcümə ərəb dili ixtisasında qrupumuzdan altı nəfər diplom işinin müdafiəsinə layiq görülmüşdü. Məndə bu seçilən altı tələbə içərisində ən yüksək ortalama ilə yer alırdım. Diplom müdafiəsini seçməyimin əsas səbəbi daha çox çalışmaq, elmə olan həvəsim, onlayn tədris sisteminin uğurlu təşkili oldu. Bundan başqa, əlbəttə ki, müəllimlərin və Universitet kollektivinin dəstəyi də çox mühüm rol oynadı. Hesab edirəm ki, Bakı Dövlət Universiteti həqiqətən, respublikanın, eləcə də Şərqin ilk ali təhsil ocağı, ən nüfuzlu universitetidir. Doğma BDU-da tədrisin keyfiyyəti, aparılan uğurlu islahatları görmək və bir tələbə kimi bundan faydalanmaq 4 illik təhsil həyatımda prioritet məqsədim olub. İmtahan nəticələri hər zaman müvəffəq olan bir tələbə kimi buraxılış işini hazırlayaraq təhsil aldığım ixtisas üzrə elmi-tədqiqat müstəvisində daha geniş elmi biliklər əldə etdim. Müdafiə prosesində yüksək nəticə qzanacağıma inanıram. Hədəfim yüksəkixtisaslı, peşəkar mütəxəssis olmaq, ölkəmiz üçün faydalı işlər görə bilməkdir.”

 

Tarix fakültəsinin son kurs tələbəsi Lalə Əsgərova diplom işini seçən könüllü tələbələrdəndir. O, tələbə olduğu ilk ildən imtahanlara hazırlaşdığı vaxtlarda da hədəfinin BDU-nu əla qiymətlərlə bitirmək olduğunu açıqlayıb: “Düşünürəm elə yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi kimi Bakı Dövlət Universitetini seçdim. BDU-nun inkişafını, aparılan uğurlu islahatları, tədris prosesinin yeni standartlara uyğunlaşdırılması tendensiyasını yaxından izləyirəm. Diplom işini seçməyimin səbəbinə gəlincə, 100 illik tarixə malik olan ali təhsil müəssisəsində buraxılış işi yazmaq, elmi-tədqiqat, araşdırma ilə məşğul olmaqla aldığım biliklərin daha da dərinləşəcəyini düşünürəm. Təhsil aldığım müddətdə arzum əlaçı tələbə olmaqla kifayətlənməyib, eyni zamanda BDU kimi böyük təhsil məbədində ilk elmi addımlar atmaq olub. Hədəfim uğrunda rəqabətin güclü olduğunu bilirəm, müdafiə prosesində də ən yüksək nəticəni göstərəcəyimə inanıram”.

 

Mexanika-riyaziyyat fakültəsinin IV kurs - SABAH qruplarının tələbəsi Mədinə Babayeva: “Ağır pandemiya şəraiti olmasına baxmayaraq, təhsil aldığım qrupun 37%-nin  diplom müdafiəsini seçməyini təqdirəlayiq  hesab edirəm. Belə ki, təqdim edilən bir sıra güzəştlərdən, yəni ümumi orta müvəffəqiyyət göstəricisindən yararlana bilərdim. Elmi rəhbərimlə daim onlayn əlaqə saxlayır, yaranan problemləri aradan qaldırmağa çalışırdıq. Mövcud şəraitlə əlaqədar materialın mənbələrdən toplanması, ədəbiyyatın hazırlanması, düsturların tamamlanması nə qədər çətin olsa da, bunun öhdəsindən müvəffəqiyyətlə gələcəyimə inanırdım. Müdafiə zamanı fakültə dekanımız professor Nizaməddin İsgəndərovun “Siz əsl qəhrəmanlarsız ki, belə bir şəraitdə diplom müdafiəsi seçmisiniz” deməsi məni bir daha əmin etdi ki, ÜOMG göstəricimdən daha yüksək hədəf seçməyim mütləq doğru addım və qürurverici hissdir. Nəticədə diplom müdafiəsində maksimumal balla qiymətləndirildim. Başda universitet rəhbərliyi və müəllimlərimiz olmaqla əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Onlar olmasaydı biz də olmazdıq.”