Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 16:20:00
AMEA-nın Gəncə Bölməsinə yeni tarixi sənədlər gətiriləcək

Qafqaz, o cümlədən Azərbaycan tarixinə aid zəngin mənbə hesab edilən Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının (QAKA) surəti AMEA-nın Gəncə Bölməsinə təhvil veriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA Gəncə Bölməsinin Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov məlumat verib.

Bildirilib ki, ölkənin, eləcə də Gəncə şəhərinin tarixini araşdırmaq üçün zəngin mənbə hesab edilən bu sənədlər toplusu 1866-cı ildən başlayaraq Tiflisdə Qafqaz Arxeoqrafiya Komissiyası tərəfindən toplanıb və 1904-cü ilə qədər fasilələrlə çap edilib.

Qafqazın hər yerindən toplanmış 12 böyük ölçülü cilddən ibarət olan bu vacib sənədlər külliyyatının 10 cildinin redaktoru alman Adolf Berje, son iki cildin redaktoru isə Dmitri Kobyakovdur. Sənədlər külliyyatı vaxtilə Azərbaycan maarifçisi, materialist filosof Mirzə Fətəli Axundzadə tərəfindən tərcümə olunub.

Ümumilikdə 13 min 448 səhifədən ibarət olan QAKA ilk dəfə Qafqaz canişinliyinin təşəbbüsü ilə nəşr edilib.

Qeyd edək ki, AMEA Gəncə Bölməsi hazırladığı layihəyə əsasən Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Müqaviləyə əsasən AMEA-nın Gəncə Bölməsi həmin sənədlər külliyyatının surətini şəhərə gətirərək geniş oxuculara, xüsusilə elm ictimaiyyətinə təqdim edəcək.