Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-06 13:06:00
Karantin rejimi ilə əlaqədar imtahanların aqibəti, müəllimlərin MİQ narahatlığı-Təhsil İcmalı

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:
 
 
Yola saldığımız həftədə - 29 iyun-5 iyul tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:


Bu müəllimlərə işə qəbul müsabiqəsində iştirak etmək hüququ veriləcək


Bu ildən etibarən müddətli əmək müqavilələrinin daimiləşməsi və ya yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlərə də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək hüququ veriləcək.
 

Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqələr nəticəsində uğur qazanan bütün namizədlər (ibtidai sinif müəllimliyi ixtisası istisna olmaqla) maksimum iki iş yerində daimi əsaslarla çalışa biləcəklər.


Müəllimlər bu halda ikinci iş yerində çalışa biləcəklər


Müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq daimiləşdikdən sonra yerdəyişmə müsabiqəsində uğur qazandığı halda iki iş yeri olacaq.


Həmin müəllim hər iki iş yerində daimi əsaslarla işləyəcək. Onun yerdəyişmə müsabiqəsində tutduğu yer əsas, daimiləşdiyi yer isə əlavə olacaq.


Qəbul olan bakalavrlar boş qalan yerlərin seçiminə buraxılmayacaqlar
 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, bu halın baş verməsi mümkün deyil.


DİM 10-11 iyunda keçirilən imtahan nəticələrini açıqlayıb


Dövlət İmtahan Mərkəzi 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.


Məktəblər, şadlıq sarayları koronaviruslu xəstələr üçün ayrılacaq


Azərbaycanda COVID-19-a yoluxanların sayının artması səbəbindən xəstəxanlarda yer çatışmazlığı gündəmdədir.


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı da Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqlərindəki çıxışlarında xəstələnənlərin sayının çox olacağı təqdirdə, yer çatışmazlığı problemi yaşanacağını vurğulayıb.
 

Hətta iddialara görə, xəstəxanlarda yer olmayacağı halda məktəblər, şadlıq sarayları koronaviruslu xəstələr üçün ayrılacaq.


Buraxılış imtahanında az bal toplayan abituriyentlər qəbul imtahanına buraxılacaq


DİM  xəbər verir ki, Buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.


Xaricdə təhsil alan tələbələrə təqaüdlər bu halda veriləcək


Xaricdə təhsil alan tələbələrə təqaüdlərin ödənilməsi üçün onların təhsil aldıqları ölkələrə giriş-çıxış vizası olmalıdır.
 

Bunu 2019-2023-cü il Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov deyib.


Tələbələrin köçürülməsinin vaxtı açıqlanıb


“Tələbələrin köçürülməsi iyul-avqust ayında həyata keçiriləcək".
 

BunuTəhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.


Bu şagirdlər kolleclərin ixtisas seçiminə buraxılmayacaq

 
11 illik bazada kolleclərin ixtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).


Birinci siniflər üçün bütün dərsliklərin istifadə müddəti dəyişdirilir


Cari ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti dəyişdirilir. Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq.


Azərbaycanda tələbələrin köçürülməsi müvəqqəti təxirə salınır


Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılması ilə bağlı tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi müvəqqəti təxirə salınır.


Builki MİQ müsabiqəsinin aqibəti necə olacaq?


“Məlum olduğu kimi, ölkənin bəzi yaşayış məntəqələrində iyun ayından başlayaraq tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2020-ci il 20 iyul tarixinədək uzadılıb, xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonların sayı artırılıb. Bu qərar kütləvi tədbirlərin təşkilinə bilavasitə təsir edir. Həmin tədbirlərdən biri buraxılış/qəbul imtahanlarıdırsa, digəri ənənəvi olaraq iyul ayında, iki həftə ərzində, bir məkanda keçirilən və 40-50 min namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanıdır”.
 

Bu fikirləri Təhsil Nazirinin müşaviri Elnur Məmmədov bildirib. O, həmçinin MİQ müsabiqəsi ilə bağlı növbəti həftə ictimaiyyətə geniş məlumat veriləcəyini də açıqlayıb.


2-3 iyul tarixlərində keçirilən imtahanların nəticələri açıqlanıb


2-3 iyul 2020-ci il tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları