Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 15:00:00
"Rayon təhsil şöbələri ləğv olunmalı, məktəblərə müstəqillik verilməlidir" - TƏHSİL EKSPERTİ

Təhsil sistemində hüquq və qanuni mənafeləri təmin etmək üçün bölgələrdə rayon təhsil şöbələri ilə yanaşı, regional təhsil idarələri də fəaliyyət göstərir. Bundan əlavə, rayon icra hakimiyyətlərinin nəznində  həmin regional idarələrin şöbələri mövcuddur. Bir sözlə, bir rayon üzrə təhsil idarəetmə sistemini üç müxtəlif qurum yerinə yetirir. Üstəlik, valideynlərin sözlərinə görə, sözügedən qurumlara müraciət edildikdə hər üç qurum məsələnin həllini bir-birinin üzərinə atır.

Bu cür idarəetmə sisteminin nə qədər effektli və lazımlı olduğu isə sual altındadır.

Məsələ ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, bu Təhsil Nazirliyinin səlahiyyətinə daxil olan məsələdir:

“Çox güman ki Təhsil Nazirliyinin yalnız təhsil şöbələri ilə işləməkdə müəyyən problemləri var. Ona görə də hər zaman olduğu kimi məmurların sayını artırırlar. Regional təhsil idarələrinin sayı o qədər də çox deyil. Belə bir sistem məhz idarəetmədə problemlərin mövcudluğundan irəli gəlir. Təhsil Nazirliyi istəyir ki, hansısa mükəmməl forma tapsın. Sözsüz ki, ixtisarlar olunmalıdır. Lakin bu məsələlər qanunvericilikdə yer almır, bunlar icra mexanizmləridir”.

Təhsil eksperti Etibar Əliyevin  sözlərinə görə, regional təhsil idarələrinin yaradılması çox yaxşı layihədir:

“Maliyyə tələb etdiyinə görə həmin regional idarələr fəaliyyət göstərə bilmədi. Təhsilin idarə olunmasında və tabeçilik məsələlərində müəyyən nizamsızlıqlar var. Bakı şəhərində təhsil idarələri ləğv edilərək Bakı şəhər Təhsil İdarəsi yarandı və idarəetmə vahid mərkəzdə cəmləndi. Regional təhsil idarələrinin yaradılması da bu addımın analogiyası kimi nəzərdə tutulmuşdu”.

Etibar Məmmədov deyib ki, layihə yarıçmıq qaldığına görə rayonlarda yerləşən təhsil şöbələri yenidən dirçəlməyə başlayıblar:

“Regionlarda  təhsil şöbələrinin ləğvi məsələsinə baxılmalıdır. Regional mərkəzlər təhsilin idarə olunması və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında o qədər də rol oynamır. Ya həmin regional təhsil idarələrinin keyfiyyətli işi bərpa olunmalı, ya da rayon təhsil şöbələri ləğv olunaraq məktəblərə müstəqillik verilməlidir. Əks təqdirdə bölgə məktəblərindəki təhsilin keyfiyyəti və idarə olunması parametrləri ilə keyfiyətsiz təhsilin hüdudları genişlənəcək. Məsələnin həlli vaxtı artıq çatıb. Regionlarda təhsilin keyfiyyəti çox aşağı səviyyədədir və bunda idarəetmənin birbaşa təsiri var”.