https://www.zirve.edu.az/
04.07.2020 15:30
Azərbaycan alimləri beynəlxalq virtual iclasda
Çap et

BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (GSPC) 1-ci hədəfinin həyata keçirilməsi təşviqinin qlobal təşəbbüsçüsü ABŞ-ın Missuri və Nyu-York Botanika Bağları, Böyuk Britaniyanın Kyu və Edinburq Kral Botanika Bağlarının birgə təsis etdikləri “Dünya Florası Onlayn” (WFO) konsorsiumu hesab olunur.

 

AzEdu.az xəbər verir ki, konsorsiumun   məqsədi dünyada yayılmış 400 mindən çox damarlı bitki və mamırları ehtiva edən əlçatan məlumat bazasının yaradılmasından ibarətdir və  buraya  əsasən, Amerika, Avropa, Çin olmaqla 40-a yaxın ölkənin aparıcı botanika təşkilatları üzv qəbul olunub. Postsovet ölkələrindən isə beynəlxalq konsorsiumda Rusiya Elmlər Akademiyasının Botanika İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutu bərabərhüquqlu üzv kimi iştirak edir.  

 

Botanika İnstitutundan bildirilib ki, konsorsiumun üzv təşkilatlarının ali heyətinin - Şuranın ildə iki dəfə iclası keçirilir və işçi qruplar tərərəfindən irəli sürülüən məsələlər ətraflı müzakirə olunur. Belçikanın Meise şəhərində may ayında keçirilməsi planlaşdırılan Şuranın bu ilə  ilk iclası COVİD-19 səbəbindən təxirə salınıb.  Bu baxımdan iclas Şüranın bütün üzv təşkilatlarının iştirakı ilə iyulun ilk günündə  “Zoom” platforması üzərindən virtual şəraitdə baş tutub.

 

AMEA  Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, institutun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri Rəşad Səlimov “Dünya Florası Onlayn” Şurasının növbəti onlayn iclasına dəvət ediliblər. Tədbirə 42 üzv təşkilatın, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin, İrlandiya, İsveçrə, Avstraliya, Rusiya, Türkiyə, Braziliya və digər ölkələrdən 43 alim qatılıb.

 

WFO konsorsiumunun həmsədrləri- ABŞ-ın Missuri Botanika Bağının prezidenti Peter Wyse Jackson və Cenevrə Botanika Bağının direktoru, Lozan Universitetinin professoru Pierre-André Loizeau onlayn iclası  açaraq mövcud vəziyyətə dair məlumat verib və konsorsiuma iki yeni üzvün qəbul olunduğunu bildiriblər.

 

İclasda beynəlxalq konsorsiumun 2019-2020-ci illər üçün nəzərdə tutulmuş işlərinin yerinə yetirilməsi, bitki qruplarına dair taksonomik məlumatların emalı və rəqəmsallaşma, yaxın gələcəyə dair prioritet istiqamətlərin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub. WFO portalının və taksonomik strukturun yenilənməsi,  yeni məlumatların daxil olması ilə bağlı informasiyaların emalına dair təqdimat müzakirə edilib, təkliflər səsləndirilib. Taksonomik işçi qrupu adından Mark Watson və Alan Elliott (Böyük Britaniya ), texniki işçi qrupundan isə Chuck Miller (ABŞ) və Walter Berendsohn (Almaniya) öz çıxışlarında bildiriblər ki, müxtəlif mənbələrdən əldə olunan informasiyaların emalı zamanı fərqli  ranqlı bitki qruplarında həll edilməyən və açıq qalan müxtəlif məsələlər mövcuddur. Sonda bu istiqamətdə mövcud olan metod və yanaşmaların imkanları ətrafında fikir mübadiləsi aparılıb və Şuranın növbəti onlayn iclaslarında müzakirəsi qərara alınıb.