Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 14:20:00
Turizm sahəsində yeni kurikulumlar hazırlananacaq  

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib.

Nazirlikdən AzEdu.az-a bildiriblər ki, tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə rəhbəri Sonia Fontaine, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun nümayəndələri və alman ekspertləri iştirak ediblər.

Görüşün əsas məqsədi Avropa İttifaqının maliyyə dəstəyi ilə GİZ tərəfindən həyata keçirilən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsil və təlim pilotlarının yaradılması” layihəsi çərçivəsində səriştə əsaslı kurikulum modelinə uyğun olaraq turizm sahəsində yeni kurikulumların hazırlanmasına dair müzakirənin keçirilməsi olub.

Tədbirdə dual peşə təhsilinin xüsusiyyətləri və turizm sahəsində sistemin tətbiq olunması üçün imkanlar müzakirə edilib, müəllimlərin hazırlanması mexanizminin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

İştirakçılar kurikulumun hazırlanmasında işəgötürənlərin və sənayenin yaxından iştirakının vacibliyini vurğulayaraq, hazırlanacaq təhsil proqramlarında turizm sənayesində tələb olunan bütün əsas səriştə və bacarıqların tədrisini və tədrisin bir hissəsi kimi iş yerində təcrübə komponentinin daxil edilməsini vurğulayıblar.