Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 14:43:31
Mir Möhsün ağa ilə qohumluq, şeyxülüslam nəvəsi, qədim dövrlərə aid kəşflər – AMEA prezidenti haqqında bilmədiklərimiz  

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri yenidən seçiləcək. 

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilən AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək. 

AMEA-nın Rəyasət Heyətinin seçkiləri ümumi yığıncaqda akademiyanın prezidentinin seçilməsi ilə başlanacaq. Rəyasət Heyətinin tərkibinin formalaşdırılması akademiyanın prezidentinin təqdimatı ilə həyata keçiriləcək. 

Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu və gizli səsvermə yolu ilə 5 il müddətinə seçiləcəklər. 

AzEdu.az bu yazısında AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadənin həyat və yaradıcılığı haqqında yazını təqdim edir:

1934-cü ildə Bakıda, adlı-sanlı həkimlərin – Ağa Mehdi Əlizadə və Əfşan xanımın ailəsində dünyaya göz açıb. Bu ailə şəcərəsi ardıcıl olaraq həm mənəvi, həm də  fiziki sağlamlığın keşiyində durub. Bu səbəbdən də nəslin adlı-sanlı adamları ya ruhani, elm xadimi, ya da təbib olub.

Akif Əlizadənin ata babası Ağa Axund Əlizadə iki dəfə Şeyxülislam seçilən yeganə din xadimi idi. Belə ki, o, həm Cümhuriyyət, həm də Sosialist Azərbaycanı dövründə ölkənin ruhani başçısı olub. Şeyxülislam olmazdan əvvəl Bakı quberniyası Şiələr Məclisinin sədri olan alim barəsində çox maraqlı əhvalatlar xatırlanır. Onlardan biri də belədir: “Bir gün İranda dini konfransda Molla Ağaya reqlament üzrə 4 dəqiqə vaxt veriblər. O soruşub ki, ərəbcə danışım, ya farsca? Məəttəl qalıblar. İranın din xadimləri deyiblər, farsca danışın, möhtərəm şeyx. Axund Əlizadə yüksək natiqlik məharəti, bəlağətlə, mahir ədəbi tələffüzlə 45 dəqiqə çıxış edib”.

Akademikin atası Ağa Mehdi Əlizadə özünü hörmətli bir ziyalı kimi tanıda bilir. Ağa Mehdinin həyat yoldaşı Əfşan xanım da onun kimi əsilli-nəcabətli bir xanım idi. O, Mir Möhsün ağanın bacısı qızıdır. Akademikin özü də hamının ruhuna indi də hörmət etdiyi Mir Möhsün ağanın bacısı nəvəsi olduğu üçün fəxr edib. Amma Əfşan xanım nə qədər mühafizəkar bir ailənin övladı olsa, Bakının ən ziyalı qadını kimi yetişə bilir.

Bu ailənin digər tanınan üzvü akademik A. Əlizadənin qardaşı Maqsud Əlizadədir. Onun digər qardaşı Məsud Əlizadə Azərbaycan SSR-də komsomol təşkilatının rəhbəri olub.

Orta məktəbi gümüş medalla başa vuran  gələcək AMEA prezidenti Azərbaycan Sənaye İnstitutunu bitirib. Bu, o vaxt üçün heç də sadə qərar deyildi, çünki ailədə tibb istiqaməti müəyyənedici idi, gümüş medal sahibi isə o dövrlərdə ölkənin istənilən ali məktəbinə müsabiqəsiz daxil olmaq hüququna malik idi. A. Əlizadə isə geologiyaya üstünlük verdi. Lakin tibb peşəsi ömrü boyu onun sevimli bir istiqaməti olaraq qaldı. Hələ ilk illərdən başlayaraq onun xarakterinin əsas cizgiləri uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülik, şəxsi intizam, bekarçılıq və nizamsızlığa qarşı dözümsüzlük formalaşmağa başladı.

Tələbə elmi cəmiyyətində fəal iştirakı, ciddi elmi işə həvəs göstərməsi ilə nəticələndi və sonralar seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş məsələlərə can atması gələcək müqəddəratını müəyyən etdi. Məhz buna görə də institutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı.

1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. İnstitut həmişəlik fəaliyyət məkanına çevrildi. Azərbaycanda geologiya elmi 60-70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Bu zaman bir neçə geoloq nəslinin səyi nəticəsində regionun geoloji quruluşunun və təkamülünün əsas cizgiləri müəyyən edilmiş, Azərbaycan geoloqları tərəfindən uzun illər ərzində iqtisadiyyatın sabit inkişafını təmin edə biləcək neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqları kəşf olunmuşdu.

Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.

 

Elmi fəaliyyəti - Akademik  A.Əlizadə görkəmli alim-geoloq və elmin böyük təşkilatçılarından biridir. Onun başlıca elmi maraq dairəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənilib hazırlanıb, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılıb və ümumiləşdirilib.

Akademik  A.Əlizadənin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülüb, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılıb.

Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında öncüllük akademik A.Əlizadəyə məxsusdur. Morfogenezin tarixi baxımdan tədqiqi, populyasiyaların dəyişmə tendensiyasının təyini, irsi morfoloji dəyişkənliklərin aşkar edilməsi alimə müxtəlif belemnoideya qrupların təkamülündə ümumi istiqaməti bərpa etməyə imkan verib.

Akademik A.Əlizadə Qafqazın təbaşir hövzələrinin biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparıb. Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən, o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını,  ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirmiş, təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir etmişdir. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin edib.

Hərtərəfli erudisiya sahibi kimi o, regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid məsələləri də eyni dərəcədə səlahiyyətlə həll edir. Son illər alimin fəaliyyəti yeni prioritet elmi istiqamətə - geoekologiyaya yönəldilib.

Elm dünyası  A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı akademik A.Əlizadənin də daxiliqabıqlı mollyuskaların öyrənilməsində rolunu xüsusi qeyd edir (“Paleontologiyanın əsasları”, M. “Nedra”, 1990, səh. 101). Heç də təsadüfi deyildir ki, təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi – “Akifibelidlər” adlandırılıb. (1984-cü il).

Azərbaycanın təbaşir çöküntülərinin paleontologiya və stratiqrafiyası üzrə fundamental işlərə görə (bir qrup müəlliflərlə) akademik A.Əlizadə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı adına layiq görülüb. (1991-ci il).

Akademik A.Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (2012-ci il) və Bakı Dövlət Universitetinin (2013-cü il) baza kafedraları yaradılılıb.

Elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə akademik A.Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsi yaradılıb.(2014-cü il).