Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 13:17:44
Mikayıl Müşfiqin xatirəsi yad edilib

Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümü münasibətilə xatirəsi yad edilib. 

AzEdu.az xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, xalq yazıçısı Çingiz Abdullayev, Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi Vüqar Zeynalov, xalq şairi Fikrət Qoca, bir sıra incəsənət xadimləri və media nümayəndələri şairin abidəsini ziyarət ediblər.

Mikayıl Müşfiqin abidəsi önünə tər-çiçək dəstələri qoyulub, şairin xatirəsi hörmətlə yad edilib.

V.Əliyev bildirib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Mikayıl Müşfiqin yubileyi bütün respublikada qeyd olunacaq: "Bununla bağlı Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tədbirlər planı hazırlayıb. Bu tədbirlər ilboyu həyata keçiriləcək".

Ç.Abdullayev deyib ki, bu gün Mikayıl Müşfiqin əleyhinə danışan, onu şikayət edən insanlardan heç biri tarixdə qalmayıb: "Vaxt keçir, tarix hər şeyi öz yerinə qoyur. Necə ki, Nəsiminin dərisini kimin soyduğunu bilmirik, ancaq Nəsimini xatırlayırıq. Eyni şəkildə də Mikayıl Müşfiqi xatırlayacağıq".

Qeyd edək ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakıda anadan olub. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Məktəb fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı - "Küləklər" 1930-cu ildə nəşr olunub.

O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun "Kobzar" (Əhməd Cavadla birlikdə), Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax, huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Şair 1938-ci il yanvarın 6-da repressiya dövründə güllələnib.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.