Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-03 10:31:00
Azərbaycanda turizm təhsilinin inkişafına xüsusi diqqət yetirilir

Müstəqil Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətimiz tərəfindən həyata keçirilən proqramlar və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına kömək edir. Qeyri-neft sektorunun əsas sahələrindən biri olaraq turizm hökumətimizin hər zaman diqqət mərkəzindədir. Ölkəmizin təbii-coğrafi şəraiti, malik olduğu maddi-mənəvi resurslar, həmçinin tarixən formalaşmış adət-ənənələri bu sahənin inkişafı üçün zəmin yaradıb. Turizmin inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edilməkdədir. Təəssüf ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətdə digər sahələr kimi turizm sənayesinə də böyük ziyan dəyib ki, bu da ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Əhalisinin sağlamlığı və təhlükəsizliyi mühüm amil olduğu üçün Azərbaycan da pandemiya dövründə dünya ölkələrinin əksəriyyəti kimi öz sərhədlərini bağlayıb. Prezident İlham Əliyevin BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə videogörüşü zamanı dediyi “Ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq.

 

Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir.

 

Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi” fikri mövcud vəziyyətdən ölkəmizin uğurla çıxacağına inamı daha da artırıb. Bu ondan xəbər verir ki, həm dövlət, həm də yaradılan münbit şəraitdən yararlanan özəl sektor müvafiq sahəyə sərmayə qoyuluşunu davam etdirəcək.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov söyləyib. O bildirib ki, turizm sahəsinin inkişafının əsas istiqamətlərdən biri də turizm təhsilinin inkişafıdır. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU bu sahənin inkişafı üçün ixtisaslı kadrların yetişdirilməsi, yüksək keyfiyyətli, beynəlxalq təhsil standartlarına cavab verən təhsil sisteminin tətbiq edilməsi istiqamətində işlər görməkdədir. İxtisaslaşdıqları sahələrdə dayanıqlı inkişafı təşviq edən və fəaliyyət göstərdikləri müəssisələrdə xidmət səviyyəsini yüksəltməyə töhfə verəcək yeni nəsil liderlər yetişdirmək hədəfini qarşısına qoyaraq ATMU uğurlu fəaliyyətini davam etdirməkdədir. Universitet bir çox beynəlxalq təşkilatın üzvüdür və həmin qurumların layihə və proqramlarında fəal iştirak edir. Otuzdan çox xarici ali təhsil müəssisəsi ilə müxtəlif təhsil proqramları çərçivəsində universitetin əməkdaşlığı qurulub. Təbii ki, bu təşkilatlar içərisində ən önəmli yerlərdən birini universitetimizin affiliativ üzvü olduğu Ümumdünya Turizm Təşkilatı tutur. Təşkilatla universitet arasında sıx əməkdaşlıq mövcuddur. 2018-ci il aprelin 5-də ATMU-ya gəlişi zamanı Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili universitetimizdə turizm təhsilinin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həyata keçirilən işlərlə tanış olub, turizm sənayesi infrastrukturunun formalaşması və daha da təkmilləşməsi sahəsində ali təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib.

 

Həyata keçirdiyi fəaliyyətin nəticəsidir ki, universitet 2019-cu il noyabrın 20-də Turizm işinin təşkili ixtisas proqramı üzrə ISO 9001:2015, eyni təhsil proqramı üzrə 2020-ci il martın 10-da isə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülüb. Bu, təbii ki, ATMU-nun imza atdığı böyük uğurlardandır.

 

“Ölkəmizdə ancaq ATMU tərəfindən Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan Respublikası, İsrail, Şimali Kipr Türk Respublikası, Türkiyə kimi ölkələrdə 22 həftə müddətində istehsalat təcrübəsi kimi imkanlar da tələbələrimizə təqdim olunur. Həmçinin ölkədə turizm ixtisası üzrə ilk beynəlxalq ikili diplom proqramı olan “Azərbaycan-Avstriya Turizm Proqramı”nda təhsil almaq və təhsil müddətinin sonunda həm ATMU, həm də Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu əldə etmək şansı tələbələrə təqdim olunan digər fürsətdir. Dövlətimizin başçısı postpandemiya dövründə turizmin inkişafı üçün beynəlxalq təcrübəni öyrənməyi, həmçinin Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə əməl ediləcəyini xüsusi qeyd edib: “Postpandemiya dövründə işi daha düzgün görmək üçün bizə sizin təşkilat tərəfindən tövsiyələr lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik”. Prezident xüsusi olaraq qeyd edib ki, “Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik”.

 

“Yaman günün ömrü az olar” deyiblər, inanırıq ki, tezliklə çətin günlər arxada qalacaq, digər sahələr kimi turizm sahəsində də işlər öz məcrasına qayıdacaq”,- deyə İlham Mədətov qeyd edib.