Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 13:31:00
“Onlayn  imtahanda  hər kəsin yüksək bal alması, təqaüdə düşmək üçün problem yaradır”-SORĞU

Postpandemiya səbəbi ilə hazırda ölkəmizin əksər ali təhsil müəssisələrində yay imtahan sessiyası onlayn şəkildə təşkil edilir.

 

Bəs görəsən tələbələr üçün ənənəvi, yoxsa onlayn imtahanlar daha yaxşı və əlverişlidir? Növbəti imtahan sessiyasının hansı şəkildə təşkil olunmasını istəyərdilər?

 

AzEdu.az  bu mövzu ilə bağlı müxtəlif universitetlərdən olan tələbələrin fikirlərini təqdim edir:

 

Mingəçevir Dövlət Universiteti, İqtisadiyyat və idarəetmə fakultəsinin II kurs tələbəsi Babazadə Güllü:

 

-İmtahanların onlayn şəkildə təşkil edilməsi bizim üçün yenilik oldu. Ancaq əvvəlcədən bu barədə həm müəllimlərimiz, həm də rəhbərlik tərəfindən ətraflı şəkildə məlumatlandırılmışdıq. Şifahi imtahan bizə düşən hər hansı  mövzu haqqında daha ətraflı məlumat verməyə şərait yaradır, həmçinin müəllimlərimiz də suallar verərək mövzunu nə dərəcədə mənimsədiyimizi bilmiş olurlar. Şifahi imtahan fənni daha dərindən ən xırda məqamlarına kimi öyrənməyimizə yardımçı olur. Çünki biz danışırıq və hər kəs bizim suallara olan cavabımızı, mövzunu necə danışdığımızı eşidir . Yazılı imtahan isə həyəcansız olduğu üçün, eyni zamanda bizə verilən vaxtdan necə istifadə edəcəyimiz tam bizim öhdəmizə buraxıldığı üçün yaxşıdır. Ümumi götürsək, fikrimcə, hər iki imtahan bizim üçün yaxşı və əlverişlidir.

 

Postpandemiyanın  davam edəcəyi təqdirdə, sağlamlığımızın  müdafiəsi  üçün növbəti imtahanların da onlayn şəkildə təşkil edilməsini daha doğru hesab edirəm. Lakin ümid edirem ki, tezliklə pandemiya  sona çatar və həyatımız öz əvvəlki axarı ilə davam edər.

 

Azərbaycan Universiteti, Biznes və İqtisadiyyat  fakultəsi  II kurs tələbəsi Loğman  İsgəndərli:

 

-Təbii ki, ənənəvi imtahanlar daha əlverişlidir. Buna 2 aspektdən yanaşaq.  1-ci aspekt ondan ibarətdir ki, bizim təhsil bazamız distant təhsilə kifayət qədər hazırlıqlı texniki bazaya malik deyil. Beləki, internet, kompyuter, universitetin və müəllimlərin spesifik texniki bazası bu təhsil formasını ölkəmizdə belə desək, qısıtlayır. Bu səbəbdən bizim "normal" halda aldığımız təhsilin səviyyəsi də aşağı düşmüş olur. Bu aşağı səviyyəli təhsilin nəticəsi olaraq da aşağı ballı, ən əsası savadsız kadrlar yetişir. Bir məsələ var ki, savad konteksi fərddən asılıdır. Lakin hazırki pandemiya vəziyyəti tələbənin əlavə materiallardan istifadəsini də imkansız hala gətirir. Bundan əlavə pedaqoji fəaliyyətlə məşğul olanlar bilir ki, müəllimlər tələbənin psixoloji vəziyyətindən, onların o gün ki ruh halına qədər hər situasiyanı anlayırlar. Lakin distant formada bu qeyri-mümkündür.

 

İndi isə 2-ci aspektə baxaq. Bu isə əsasən ödənişli təhsil alanlar üçündür. Hazırda ödənişli təhsil alanlar(mən də daxil olmaqla) üniversitet ilə müqavilə bağlayarkən sadəcə əyani təhsil üçün vəsait ödəmişdilər. Pandemiya ilə əlaqəli olaraq distant təhsil formasına keçid etdiyimizdə heç bir müqavilə yenilənməsi və ya keçmiş müqavilədə "fors major hallara aid spesifik müddəa" yoxdur. Bu da insanların, xüsusilə də maddi gəliri az olan insanların əziyyət çəkməsinə gətirib çıxarır.

 

Xülasə, bu 2 aspekt ənənəvi üsulun hər tərəfli daha əlverişli olduğunun əyani sübutudur.

 

Bakı  Dövlət Universiteti, Jurnalistika fakultəsi I kurs tələbəsi Babaşova Vüsalə:

 

-Məncə, ənənəvi daha əlverişlidir. Çünki ənənəvi imtahanlarda giriş balını özümüz toplayırdıq.  Qb limintində olanlar, seminarlardan, kollokviumlardan 5-6 bal alanlar gəlib imtahanda can yandıran tələbələrlə eyni bal toplamırdılar. Amma indi hər kəs imtahana eyni balla daxil olur və həmin tələbələr gəlib A,B alırlar. Bu da bizə təqaüdə düşmək üçün problem yaradır. Nəticədə onların da ÜOMG-si qalxır.

 

Buna baxmayaraq ənənəvi imtahanın da özünə görə mənfi tərəfləri var. Məsələn, yazı qabiliyyəti inkişaf edir, amma danışıq qabiliyyəti isə əksər tələbələrdə geriləyir. Onlayn imtahanlarda isə mövzunu bilməklə yanaşı  söz ehtiyatı da vacib hesab olunur. Düşünürəm ki, pandemiya dövrü bitsə, əvvəlki həyata qayıtsaq, imtahanların ənənəvi keçirilməyini istəyərdim.

 

Azərbaycan Texniki  Universiteti, Elektronika, Energetika və Avtomatika fakultəsi  III kurs tələbəsi Quliyeva Lamiyə:

 

-Hesab edirəm ki, onlayn  imtahan yaxşı və əlverişlidir. Çünki bildiyiniz kimi bizim imtahanlarda bəzi fənlər test, bəziləri isə yazılı şəkildə olurdu. Test imtahanı  tələbələrin əksəriyyəti tərəfindən əlverişli hesab edilir.Çünki demək olar ki, hər kəs  yüksək qiymət alır, elə bu səbəblə də tələbələrin əksəriyyəti, əsasən, test imtahanın tərəfdarı olur.

 

Düşünürəm ki, həm şifahi, həm də yazılı imtahan yaxşı və əlverişlidir. Belə olan halda  tələbələr daha çox şey öyrənmiş və mənimsəmiş olur, test imtahanı kimi əzbərçilik olmur. Növbəti imtahanların ənənəvi şəkildə olmasını  istərdim, çünki bu karantin müddəti heç də ürəkaçan deyil.

 

Azərbaycan Dillər Universiteti, Tərcümə fakultəsi- Alman dili tərcümə III kurs tələbəsi Ələkbərli Aysel:

 

-Hazırki vəziyyətə görə hesab edirəm ki,  online imtahan daha əlverişlidir. Çünki, güzəştlər olunur. Növbəti imtahanında online şəkildə keçirilməsini istəyirəm. Amma belə ümumillikdə baxdıqda, əlbəttə ki, ənənəvi şəkildə dərslər keçirilsəydi, imtahanların da ənənəvi olması daha uyğun olardı.

 

Əslində, ümumiyyətlə bu smestr imtahanların  keçirilməməsinim tərəfdarıyam.Ancaq hazırki vəziyyət səbəbi ilə məcburən imtahanların onlayn keçirilməsinə razıyam.