Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-01 17:26:00
İmtahanda maksimum bal toplayan abituriyent- “Hədəfim bu universitetimizin tələbəsi olmaqdır”

 

 

Dövlət İmtahan Mərkəzi 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrininə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev  maksimal nəticə – 300 bal toplayıb. Hüseyn Abdullayev həm də televiziyada yayımlanan "Əlaçı" verilişinin mövsüm finalının qalibi olub.

 


Bu imtahanlarında iştirakı nəzərdə tutulan 20896 nəfərdən 463 nəfər imtahana gəlməyib. 10 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahan nəticəsi ləğv olunub.

 

“Maksimum nəticə  toplayacağımı gözləmirdim”

AzEdu.az əməkdaşı 300 bal toplayan həmin məzununun imtahanla bağlı təəssüratını öyrənməyə çalışıb. Respublika birincisi olan Hüseyn uğurunun sirrini bizimlə bölüşüb:

 

 “İmtahana gündəlik dərs oxuyaraq, testləri işləyərək hazırlaşdım. Onlayn dərslərə qatıldım və bu sayədə biliyim daha təkmilləşdi. Çətin pandemiya şəraitində valideynlərimin də psixoloji dəstəyi çox oldu. Maksimum nəticəni toplayacağımı gözləmirdim, çünki açıq tipli suallarda səhv edəcəyimi düşünürdüm”.

 

Hüseyn Abdullayev universitet seçimi barədə isə qeyd etdi ki, BANM tələbəsi olmağı düşünür:

 

“Hədəfim Bakı Ali Neft Məktəbinin tələbəsi olmaqdır. Bilirəm ki, respublikada ən yüksək qəbul balları məhz bu universitetdədir. Ən aşağı ballı ixtisas kimya mühəndisliyi 630 baldan başlayır. Hər ehtimalı düşünərək 675-dən yüksək bal toplamaq istəyirəm. İlk mərhələni 300 balla tamamladım. İndi isə 400 ballıq ikinci mərhələyə hazırlaşıram. Yeni ikimərhələli qəbul sistemi üzrə 700 maksimum balı toplamaq ən böyük hədəfimdir. Qəbul imtahanınadək onlayn dərslər davam edəcək”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları