Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 12:08:29
Uzaq Meksika və Kanadada çalışan, dünya riyaziyyatına yeniliklər gətirən Azərbaycan alimləri  

Müxtəlif  illərdə Azərbaycandan dünyanın  bir  çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün dünyanın uzaq ölkələrində də elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var.

AzEDU.az bu gün onlardan, ikisindən bəhs edəcək. Təbii ki, adlarını sadaladığımız alimlər siyahının heç bir faizi də deyil və biz yeri gəldikcə, digərlərini də təqdim edəcəyik.

Hələlik isə aşağıdakı alimləri diqqətə çatdıraq: 

Axundov İlham 1959-cu il iyunun 1-də Azərbaycan Respublikasının Lənkəran rayonunu Boladi kəndində anadan olub. O, 1975-ci ildə  Bakı Dövlət Universitetinə qəbul olunub, 1981-ci ildə  universitetin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1987-ci ildə Leninqrad Dövlət Universitetinin aspiranturasında “Nizamlanmış təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Müdafiədən sonra 1988-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent, 1997-1999-cu illərdə isə Odlar Yurdu Universitetində  xarici əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. 

Axundov 1999-cu ildə  ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olmuş və 1999-2000-ci illərdə Texas Universitetində tədqiqat aparmaq imkanı qazanıb. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra nüfuzlu xarici universitetlərdən bir neçə dəvət alan alim, 2001-ci ildən Kanadanın Hamilton Universitetində elmi fəaliyyətə başlayıb. 2007-ci ildə professor Axundov karyerasını Kanadanın dünya şöhrətli Vaterlu Universitetinin Riyaziyyat fakültəsində davam etdirib. 2009-2013-cü illərdə həmin universitetin universitetin riyaziyyat fakültəsinin Dubaydakı filialının rəhbəri vəzifəsində çalışıb. 

Hazırda o, Vaterlu Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları direktorudur. 

Professor İlham Axundov ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində ekspertdir. O, ehtimal nəzəriyyəsinin asimptotik metodlarına, sıra statistikası nəzəriyyəsinə ekstremal əhəmiyyətli əlavələrlə çox böyük töhfə verib. Alim 3 dərslik və 30-dan çox elmi məqalənin müəllifidir. 

Azərbaycanlı alim “Kanada-Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidentidir. 2012-ci ildə o, Kanada Azərbaycan Araşdırmaları İnstitutunu yaradıb. 2016-cı ildə elmi, pedaqoji, və diaspora fəaliyyətinə görə İlham Axundov Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib. 

Atakişiyev Natiq 15 fevral 1939-cu ildə Bakıda anadan olub. 1956-cı ildə 6 saylı Bakı şəhər orta məktəbini bitirərək,  Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1961-ci ildə  Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) Fizika institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1994-cü ilə qədər bu institutda müxtəlif vəzifələrdə çalışıb. 1964-cü ildən Akademiyanın aspiranturasında təhsil alan gənc mütəxəssis Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilib və bir müddət orada təcrübə keçib. 1972-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda “Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini qazanıb. 1973-1974-cü illər ərzində ABŞ-ın Nyu-York Kolumbiya Universitetində 10 ay müddətində elmi-tədqiqat işləri həyata keçirib. 

1987-ci ildə Boqolyubov adına Nəzəri Fizika İnstitutunda (Kiyev, Ukrayna) doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlıik dərəcəsini qazanıb. 

Natiq Atakişiyev 1994-cü ildən Meksukada yaşayır. 1994-1996-cı illərdə Meksika Milli Muxtar Universitetində dəvətli professor olaraq, elmi-tədqiqat işləri həyata keçirmiş, 1996-ci ildən isə həmin universitetin əməkdaşı olaraq, fəaliyyətə başlayır. 

Alimin indiyəcən müxtəlif elmi jurnallarda 121, beynəlxalq konqreslərin materiallarında 58 məqaləsi dərc edilib, əsərlərinə Web of Science bazasında 1173 dəfə istinad olunub. 1996-cı ildən Meksika Elmlər Akademiyasının üzvüdür. O, nəinki çalışdığı Meksikada, hətta bütün Amerikada (həm Şimali, həm də Cənubi) nüfuzlu riyaziyyatçılardan sayılır. Hazırda Meksika Muxtar İnstitutunun riyaziyyat bölümündə professordur.