Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 10:45:00
Deputat: Dünya yeni bir pandemiya dövrü yaşayır

Tarixə nəzər yetirsək ayrı-ayrı vaxtlarda pandemiyaların olduğunu və nəticədə yüz minlərlə insanın bundan zərər çəkdiyini və həyatlarını itirdiklərini görə bilərik.

 

XX əsrdə təkcə çiçək xəstəliyi qurbanlarının sayı 400 milyon insan olub. XIV əsrdə Avropada yayılan taun xəstəliyi nəticəsində qurbanların sayı 75-100 milyon olub. Tarixin digər dövrlərində də bəşəriyyət bu kimi epidemiyalarla üzləşib və çoxsaylı insan tələfatı ilə nəticələnib.

 

AzEdu.az xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib. O qeyd edib ki, bu gün dünyamız yeni pandemiya dövrü yaşayır. Koronavirus infeksiyası əksər ölkələrdə yayılıb, yoluxanların sayı 10 milyonu, vəfat edənlərin sayı isə yarım milyonu ötüb.

 

Bütün insanlar bu dəhşətli hadisəni onun verdiyi fəsadlarla birgə yaşamağa məcburdur. Lakin sağlam qalmaq və yoluxmama, eləcə də yoluxmama riskinin azaldılması üçün göstərişlər, tövsiyələr var. Bunlar əsasən gündəlik sanitar-gigiyena qaydalarına riayət, sosial məsafənin saxlanılması, tibbi maska və əlcəkdən istifadə olunmasıdır.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, maska taxmayan COVID-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir, maska taxan COVID-19 daşıyıcısının isə maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir. Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1,5 faizə düşür.

 

İnsanlar, çox təəssüf ki, tibbi maskanın koronavirusla mübarizədə rolunu anlamırlar. Beləcə, həm özlərini, həm də ətrafdakıların həyatını təhlükəyə atırlar. Əlbəttə ki, bu məsuliyyətsiz yanaşma hər gün yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artmasına öz mənfi təsirini göstərir. Nə üçün insanlar inanmırlar, nə baş verməlidir ki, vətəndaşlar bu xəstəliyin ciddi olduğunu dərk etsinlər?

 

Yanvar, fevral, hətta mart ayının əvvəllərində pnevmaniya xəstəliyindən vəfat edənlərlə bağlı xəbər saytlarında, sosial şəbəkələrdə yazırdılar ki, bu insanlar koronavirusdan vəfat ediblər. İndi isə koronavirus diaqnozu ilə vəfat edənlərə münasibət belədir: “Onun başqa xəstəliyi var idi, adına koronavirus qoyub statistika artırırlar”. Yəni insan sağlamlığına, insan həyatına bu qədər cılız və biganə yanaşmaq nə qədər etikdir, nə qədər düzgündür?

 

Bəzən də vətəndaşlar başqa ölkələri misal gətirirlər ki, niyə onlarda azalma var və ya niyə onlarda hər şey bu qədər nizamlıdır? Gəlin, baxaq, niyə?

 

İlk növbədə, vətəndaş dövlət tərəfindən qoyulmuş bütün qaydalara riayət edir, öz məsuliyyətini dərk edir. Lakin hansı ölkədə məsuliyyətsiz yanaşma varsa, orada da biz yoluxmaların artdığını görürük. Doğrudur, Avropa ölkələri ilə müqayisə etsək, görərik ki, bizdəki rəqəmlər çox azdır. ABŞ-da, Fransada, İtaliyada, Almaniyada və digər ölkələrdə tibbi maska taxmayanlarla bağlı çox yüksək cərimələr tətbiq edilib. Hətta cərimədən başqa digər sərt qaydalar, bəzi hallarda isə həbslər tətbiq edirdilər.

 

Gürcüstanda tibbi maskadan istifadə etməməyə görə cərimələr çox yüksəkdir. Rusiya Federasiyasında da bunu müşahidə edə bilərik. Bu gətirdiyim nümunələr bir daha təsdiq edir ki, virusla mübarizədə vətəndaş məsuliyyəti çox önəmlidir.

 

Bu baxımdan ölkəmizdə də cərimələrin artırılması məsələsi müzakirə olunur. Təbii ki, burada məqsəd insanları cərimə etmək deyil. Əsas məqsəd bu sahədə hüquq pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi, həmçinin insanları xüsusi karantin rejimi çərçivəsində müəyyən edilmiş qaydalara əməl etməyə çağırmaq və bu istiqamətdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, ən əsası onların sağlamlığını qorumaqdır.

 

“Prezident İlham Əliyev şəxsən tibbi maskadan istifadə edir və bu, hər bir vətəndaşımız üçün nümunə olmalıdır.

 

Bu istiqamətdə ölkədə maarifəndirmə tədbirləri bütün mümkün variantlarda aparılır və düşünürəm ki, biz müvafiq tədbirləri daha da gücləndirməliyik. Eyni zamanda, bir məsələni də unutmaq olmaz ki, pandemiya insanlara, onların psixologiyasına, davranışlarına fərqli şəkildə müxtəlif formalarda təsir göstərir. Ona görə hazırda digər mühüm bir məsələ də aktuallıq kəsb edir. Bu da sosial işçilərin, psixoloqların insanlarla daha sıx şəkildə işləməsidir. Artıq bu bir reallıqdır ki, biz öz fəaliyyətimizi onlayn müstəvidə həyata keçiririk. Buna görə də qeyd etdiyim sahənin mütəxəssisləri onlayn formada insanlara xidmət göstərə bilər. Bu gün bizim üçün vacib olan iki məsələ var: birincisi insanlara bu virusun olduğuna və onun yaratdığı təhlükəyə inanmalıdırlar; ikincisi isə daha sağlam, təlaşa düşmədən bu vəziyyətdən çıxmaq üçün imkanlar, çıxış yolları təklif edilməlidir”, - deyə H.Hüseynova bildirib.