Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-28 12:33:00
Yeni yaradılan liseylərə qəbulun avqustda aparılması planlaşdırılır

Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında yeni yaradılan 5 liseyə qəbulun Təhsil Nazirliyi tərəfindən elan ediləcək müsabiqə əsasında avqust ayında aparılması planlaşdırılır.

 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov deyib.

 

Onun sözlərinə görə, yeni liseylərə şagirdlərin qəbulu VI sinifdən aparılır. Bu il 6, 7, 8 və 9-cu siniflərə qəbul elan ediləcək.

 

Qəbulla bağlı elanların veriləcəyini xatırladan X.Seyranov bildirib ki, şagirdlərin qəbulu zamanı liseylərin yerləşdiyi regionların, yəni liseylərin mövcud olduğu rayonlarla yanaşı, ətraf rayon və şəhərlərdən olan şagirdlərə də üstünlük veriləcək. Şagird qəbulu aparılan tədris ilindən əvvəlki 2 il ərzində Təhsil Nazirliyi tərəfindən aparılan müsabiqələrdə yüksək nəticə göstərən şagirdlərin yeni liseylərə müsabiqədənkənar qəbulu nəzərdə tutulub.

 

Test şəklində olacaq qəbul imtahanlarına Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqlar, qeyri-standart düşünmə bacarıqlarını yoxlayan suallar, məntiqi tapşırıqlar salınacaq. Eyni zamanda IX siniflərə qəbul zamanı, əlavə olaraq, şagirdlərin fizika və kimya fənləri üzrə bilikləri də yoxlanılacaq. Liseylərdə yalnız Azərbaycan dili üzrə tədris nəzərdə tutulub.

 

X.Seyranov hazırda digər dildə tədrisin aparılması planlaşdırılmasa da, gələcəkdə bunun da mümkün olacağını istisna etməyib.

 

Nazirlik rəsmisi əlavə edib ki, müsabiqə hər hansı planın doldurulması üzrə həyata keçirilməyəcək.

 

Xatırladaq ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.