Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 15:44:00
Ucqar kənd müəllimi: “Məktəbdən ayrılan zaman şagirdlərimdən biri üç gün yemək yemədi”

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

AzEdu.az  “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir. 

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. 

Budəfəki  müsahibimiz  Şəki  rayonu Baş Göynük kənd orta 1 saylı tam orta məktəbinin informatika müəllimi Aysel Səfərzadədir.

Aysel xanımın  müəllimlik fəaliyyəti, ucqar kənd məktəbi haqqında söhbətini sizə təqdim edirik. Hərdən, gənc müəllimə ilə sizin diaqloqunuzu bölüb, bir neçə sual verib, qeydlər də edəcəyik:

Ucqar kənddə “kompüterçi” 

-Mən Aysel Səfərzadə 1993-cü  ildə anadan olmuşam. 2010-2014 cu illərdə Azərbaycan Müəllimlər İnstitutunu bitirmişəm.

Həmin il magistraturaya qəbul olunsam da, müəyyən səbəblərdən orada  oxuya bilmədim. Daha sonra Müəllimlərin İşəqəbul İmtahanlarında iştirak edib,  lazımı nəticədən sonra təyinat aldım. 

2 il Şəki şəhər 7 saylı tam orta məktəbdə çalışdıqdan sonra iş yerimi  Şəki rayon Baş Göynük kənd 1 saylı tam orta məktəbinə  dəyişdim. Təbii ki, müvafiq imtahanlardan sonra…

Yerdəyişmə imtahanında yetərincə bal topladım - 49 bal. Yəni, bu göstərici ilə şəhər məktəbində də çalışa bilərdim. Lakin kənd məktəbində təhsil alan şagirdlərə az da dəstək olmaq üçün bu seçimi etdim. Ancaq qəti qərarımı biləndə razılaşdılar. Hazırda elə bu məktəbdə informatika fənnini tədris edirəm.

Amma… 

-…Bizim məktəbdə isə internet imkanı yoxdur. Mənim üçün də bir informatika müəllimi kimi təbii ki,  əsas problem budur. Dərslərdə bəzən  “data kart”dan istifadə edirəm. Doğrudur, bu problemi tam həll etməsə də, qismən yardımçı olur.   

Oyunlar, açıq hava dərsləri… 

Aysel xanım, işlədiyi kənd məktəbində internet, bəzi günlərdə isə elektrik enerjisi olmamasına baxmayaraq, bacardığı qədər dərsi maraqlı keçməyə çalışır. Onun üçün isə aşağıdakı üsullara əl atır: 

-Dərsin maraqlı alınması üçün əlimdən gələni edirəm. Öncə motivasiya məqsədilə şagirdlərlə kiçik söhbət aparıram. "Dərsdən öncə özünəinam, özünütərbiyə olmalıdır", deyə, düşünürəm.

Bunlar öz yerində, amma yenə də bəzi mövzular internet tələb edir.  Etməyənləri də var təbii ki…  Amma mövzu internet tələb edirsə, əvvəldən evdə ya oyun, ya “offline” proqram hazırlayıram. Əgər məktəbdə elektrik enerjisini  yoxdursa, dərsi  oyunlar, yarışlarla keçirəm. Bu, yeni oyun da ola bilər, köhnə oyunlar da. Təbii ki, onları dərslə əlaqələndirilmiş şəkildə oynayırıq.  Sual-cavabları ya həyətdə - açıq havada, ya da yarışlarla aparıram. İmkan olduqca informatikaya aid kinolara baxırıq və s.

“Göynük: çətinliklər,  sevgilər və kənd”

Aysel müəllimə buranın insanları və müəllim kollektivindən, ən çoxu da şagirdlərindən çox razıdır. O dərəcədə razıdır ki, burada üzləşdiyi bəzi problemləri də önəmsəmir: 

-İlk bura gəldiyimdə, məni kollektiv, şagirdlər həqiqətən çox yaxşı qarşıladı. Əsas da direktor…  Bu sevgi indi də davam edir. Ona görə də, üzləşdiyim bəzi problemlər gözümdə də əriyir. Düzünə qalsa, şəxsən mənim üçün buradakı problemlər çox sayılmaz.  Yeganə çatışmazlıq bayaq da dediyim kimi internetin olmaması və hərdən “işıqların sönməsidir”.

Kənddə deyil, rayon mərkəzində qaldığım üçün  burada ev problemim də olmayıb. Hər gün dərsə Şəki şəhərindən gəlirəm.

Hə, burada bir məqamı deyim:  bəzən, qışda avtobus olmur. O zaman yolun müəyyən hissəsini  ya piyada gedirəm, ya da kəndin sakinləri ilə birlikdə -  qadınlarla -  taksi ilə qayıdıram. 

Uşaq”  müəllim haqqında ballada

-Bəzən, mənə “şagirdlərindən seçilmirsən” deyirlər. Hətta,  bəzən şagird sanıb,  bilmədən mənə acıqlanırlar (gülür)

Çünki  adi üsullarla dərs keçməməyə çalışıram.  Şagirdlərimin arasında oluram, özümü onlardan fərqləndirmirəm. Bu da bəzən müəllimləri çaşdırır. 

Söhbətin bu yeri üçün qısa sual-cavab: 

-Aysel xanım, kəndin yolları necədi? Şagirdlərin dərsə davamiyyətinə, gecikməsinə təsir edir? 

-Yollar asfaltlanıb. Yəni, yaxşı vəziyyətdədirlər. Bəzi ucqarlarda yol əsl problemdir. Amma bizdə əsla! Ümumiyyətlə, bizim şagirdlərin çoxu oxumağa  həvəslidirlər.  Hamı çalışır ki, hər gün dərsdə fəal iştirak etsin.  Təbii ki, laqeyd şagirdlər də, müəllimlər də var. Amma tələbkar, həvəsli olanlar da yetəri qədərdir. 

-Məktəb binasının ümumi vəziyyəti, istilik sistemi qənaətbəxşdir?

 

-Bəli, məktəb binası təmirlidir. İstilik isə demək olar ki,  yoxdur. Olsa da, çox zəifdir.  Ancaq sinif otaqları geniş və  işıqlıdır. Dərsdə  kurtka-palto ilə otururuq.

-Dərslər yeni metodla – kurikulumla aparılır. Məktəbinizdə kurikulum lazımı səviyyədə tətbiq olunurmu? 

-Tam yox. Digər  məktəblərdə olduğu kimi, bizdə də bu sistemə  tam keçilməyib. Lakin müəllimlər əlindən gələni edir, şəraitə, imkanlara uyğun olaraq, nəyisə tətbiq etməyə çalışırlar.

-Kurikulumun tətbiqinə mane olan amillər hansılardı ki?

-Yuxarıda dediyim iki səbəb: internet və işığın olmaması. Amma düşünürəm ki, əsas səbəb, bu üsulun geniş təbliğ olunmamasıdır. Kurikulumun lazımı səviyyədə tədrisi üçün əvvəlcə onun təbliği lazımdır. Bu, internetin, elektrik enerjisinin varlığı qədər vacibdir. 


Ara-sıra janrındakı problemlər 

-Bəzi məktəblərdə uşaqların dərsdən yayınma halları var. Amma bizdə belə bir problem yoxdu. Universitetə hazırlaşmaq şansı olmayan şagirdlər də var ki, onlar da dərsə gəlirlər. “Universitətə hazırlaşmaq şansı olmayanlar” dedim,  bunun əsas səbəblərini deyim: ailənin izn verməməsi və maddi imkanın zəifliyi,  yoxluğu…

Amma yenə də bizim məktəbdə ümumiyyətlə, dərsə gəlməmək anlayışı yoxdu. Ara-sıra gəlməyənlər də məcburiyyətdən buna əl atırlar.

Möhtəşəm sevgi

Aysel müəllimə, bütün bu çatışmazlıqlarla bərabər, işlədiyi məktəbə onu ən çox bağlayan bir amildən –sevgidən də ürəkdolusu danışır: 

-Şagirdlərimdən aldığım, haradasa,  100-dən  çox məktubum var. Mənə məktəbi, təhsili ən çox sevdirən,  xoşbəxt edən səbəbim də budur. Vaxt olub ki, valideyn məktəbə gəlib, sırf məni görmək istədiyini deyir. Onu da əlavə edir ki, evdə hər gün sənin adın çəkilir.
Şəhər məktəbindən çıxanda 1şagirdim 3 gün yemək yemədi
Sonra məni çağırdılar. O şagirdi qucaqladım, onunla söhbət etdim.  Yavaş – yavaş hər şey  yoluna düşdü. Bu gün də şagirdimlə danışıram. 

Amma və lakin… 

… Bir məsələni deyim. Valideynlərin yuxarı siniflərdə oxuyan  uşaqlarının təhsillərinə maraqları çox zəifdir. Sanki onlar üçün sonuc maraqlı deyil. Valideyn iclası təşkil etdim. Amma cəmi 5-10 valideyn gəldi. Nədənsə, ümidsizdilər sanki… 

Getmək istəyirəm, lakin… 

-Bəzi səbəblərə görə, yerdəyişmə etmək istəyirəm, ancaq şagirdlərimi də  qoyub  getmək də istəmirəm. Bir sözlə, qərarsızam. 

“Yeni nəfəs” yaxud, son söz olaraq…

Söhbətin axırında Aysel müəllimə çəkingən halda, "olar bir məsələ barəsində də danışım?”-sualını verir.

-Buyurun, Aysel xanım, danışın.

-“Yeni nəfəs” barədədir… Çox yaxşı layihədir. İstərdim, bu barədə də bir az danışaq. Doğrudur, layihənin müəllifləri və koordinatorları başqalarıdır, amma mən də iştirakçılardan biriyəm.

-Təbii, buyurun… 

- Bildiyiniz kimi, Azərbaycanda bir neçə yaradılmış qurumlar, təşkilatlar var ki, onlar hər il bölgələrimizə gedərək orada təhsil alan məktəblilərimizə kitab bağışlayır,onlara müxtəlif  dərs vəsaitləri hədiyyə edirlər. Bu təşkilatların əsas nümayəndələri gənclərimizdən ibarətdir.

Universitetə qəbul imtahanları test üsulu ilə həyata keçirilir və kəndlərimizdə bu imtahanlara hazırlaşmaq üçün yetəri qədər material yoxdur və vəsait yoxdur. Bizim başlatdığımız “Yeni nəfəs” adlı lahiyənin məqsədi  ucqar bölgələrimizdə məktəblərdə oxuyan şagirdlərimizə test vəsaitləri, test topluları vasitəsi ilə həm kömək etmək,həm də çox böyük bir dəstək nümayiş etdirməkdir. Bu lahiyəmizin artıq ilk addımını atmışıq və bu lahiyəmizi gənclərimizə çatdıraraq onlarla birlikdə böyük bir kollektiv yaratmaqda davam edirik.

-Çox sağ olun, yeni nəfəs... Bağışlayın, Aysel xanım