Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-25 12:15:00
Vyanalı alimlər sadə COVID-19 test üsulu hazırlayıblar

Vyanalı tədqiqatçılar yeni növ koronavirusu müəyyən etmək üçün sadə və ucuz test üsulu hazırlayıblar. Bu testlərlə nəticə əldə etmək üçün nə xüsusi laboratoriya avadanlığına, nə də ekspert rəyinə ehtiyac var.

 

AzEdu.az  xəbər verir ki, Avstriya Elmlər Akademiyasının Molekulyar Biotexnologiya İnstitutu və Molekulyar Patologiya İnstitutunun mütəxəssislərinin birgə hazırladığı test, ilk növbədə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə əhalinin kütləvi şəkildə müayinədən keçirilməsində istifadə edilə bilər.

 

Qeyd edilməlidir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarına görə, COVID-19 təhlilləri tərs transkripsiyalı polimeraz zəncir reaksiyası (PZR) ilə aparılır. Koronavirusun irsi materialı rubinuklein turşusu kimi mövcud olduğuna görə ilkin mərhələdə onun DNT-yə çevrilməsi və daha sonra külli miqdarda (milyon dəfələrlə) çoxaldılması lazım gəlir. Bu zaman DNT-nin hər bir enzeması dəfələrlə çoxaldılır və hər bir növbəti çoxaldılma mərhələsində DNT spiralları əridilir, bunun üçün isə hər bir test nüsxəsini 95 dərəcəyədək isitmək tələb olunur.

 

Alimlər öz test üsullarını təqdim edərkən bildiriblər ki, yuxarıda qeyd edilən metod hazırda virusa yoluxmanı müəyyən etmək üçün ən etibarlı müayinə üsuludur, lakin bu üsul bahalı avadanlıq, ekspertlər və vaxt itkisi hesabına başa gəlir. Avstriyalı mütəxəssislər daha səmərəli yollar arayarkən, 20 ildən bəri mövcud olan Dövrəvi izotermal amplifikasiya (RT-LAMP) reaksiyasını təkmilləşdiriblər. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, DNT materialının çoxaldılması prosesi tsikllərlə deyil, sabit temperaturda (63 dərəcə) baş tutur. DNT spirallarının əridilməsi bu zaman enzema vasitəsilə həyata keçirilir.

 

Molekulyar Patologiya İnstitutunun əməkdaşı Andrea Pauli Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi müsahibədə bildirib ki, təkmilləşdirilmiş reaksiya prosesində nümunələrdə virusun mövcudluğu 30 dəqiqə içərisində təyin oluna bilir və nəticəni adi gözlə görmək mümkündür. Belə ki, test kolbasındakı maye məhlul bənövşəyi rəngdən mavi rəngə çevrilir və bu zaman nə xüsusi laboratoriya avadanlığına, nə də peşəkar mütəxəssislərə ehtiyac olur. Yeganə tələb olunan məqam test nüsxəsini yarım saatlıq müddət ərzində sabit temperaturda (63 dərəcə) qızdırmaqdır.

 

Alim bildirib ki, yeni metod tezliklə həm inkişaf etmiş ölkələrdə, həm də bu testlərə daha çox ehtiyac olan inkişaf etməkdə olan ölkələrdə tətbiq oluna biləcək, çünki sürətli, əlçatan və həssas testlər və diaqnoz imkanlarına dünyanın hər yerində böyük ehtiyac var.