Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 18:02:00
"Sən mədəniyyətin bünövrəsini, insan zəkasının açarını ehtiva edən kitabı yaşadırsan"

Şahbaz bəyin ad gününə

 

Böyük Amerika yazıçısı Ayzek Azimovun 1989-cu ildə IBM üzrə mütəxəssislərin Konfransında maraqlı çıxışı olmuşdur:  

 

“Mən çalışacağam ki, ideal informasiya - axtarış sistemini təsvir edim. Bundan hamı, hətta bunun haqqında informasiyası olmayan şəxslər də istifadə edə biləcəklər. Bu portativdir və onu özümüzlə gəzdirmək mümkün olacaq. Onun  üçün kənardan heç bir qidalandırıcı vasitə tələb olunmayacaq. Onun daşıdığı informasiya hətta onu şəbəkədən ayırsan belə əbədi olaraq qalacaq.” Auditoriya təəcüb içində idi. Böyük yazıçı dərindən nəfəsini dərib davam etdi:  “Yəqin ki, siz anladınız : söhbət əlbəttə ki, sadəcə kitabdan gedir. ”

 

Böyük yazıçının kitab haqqında fikirləri sanki indi deyilib.  Şahbaz bəylə mənim dostluğum Ayzek Azimovun bu  fikirləri söylədiyi tarixə təsadüf edir. Dostum 25 ildən çoxdur ki, kitab işi ilə məşğul olur. Özü də nizamlı şəkildə. O qədər nizamlı şəkildə ki, bu dəyərin zaman –zaman təhdidlərə məruz qalmasına baxmayaraq, yolundan dönmədi, onu qorudu.  Çap etdiyi kitabın kəmiyyəti və keyfiyyəti ilə bizi kitabdan korluq çəkməyə qoymadı. Artıq bütün dünya tam əmindir ki, elektron kitab əsl kitabı əvəzləyə bilməyəcək. Şahbaz bəy kimi kitabçıların çalışmaları artıq bizləri buna tam inandıra bilib. Şahbaz bəyin ən böyük üstünlüyü kitabı bilməsidir. Bu naşirin ən mühüm keyfiyyətidir. Hələ də kitabı bilməyib kitab çap edənlər var. Onun kitab intuisyası çox güclüdür. Kitabdan qazanmaq üçün deyil, kitabın ayaqda qalması üçün çalışır. Kitab yarmarkalarında iştirak edir, kitab yarmarkaları təşkil edir.  Əsl maarifçidir.

 

Şahbaz bəy uşaqların ən yaxın dostudur. Onlar üçün ən maraqlı kitabları seçir və çap edir. Şahbaz bəy geniş oxucu kütləsinin dostudur. Ən maraqlı kitabları çap edib onların öhdəsinə buraxır. Çap etdiyi hər bir kitabın təqdimatını özü edir. Bunun özü də böyük qabiliyyət tələb edir. Şahbaz bəyin hesabına kitabxanamızı zənginləşdirə bilmişik. 

 

Ad günün mübarək, əziz dostum. Sən mədəniyyətin bünövrəsini, insan zəkasının açarını ehtiva edən kitabı yaşadırsan. Sənə uzun ömür can sağlığı arzulayıram.

 

Etibar Əliyev, Millət vəkili