Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 17:02:00
Xaricdəki tələbəmiz: “Burada koronavirusa inanmayan bircə nəfər də yoxdur, bizdə isə…”-MÜSAHİBƏ

“Mən hazırda İzmir şəhərindəyəm. Ancaq Dənizlidə təhsil alıram. Təbii ki, "ikinci dalğa" iddiaları Türkiyədən də yan keçmir. Ancaq şəxsən mən vəziyyəti orta stabil dəyərləndirirəm. Nəzərə alsaq ki, panika və təşviş mövcud şəraitdə ən son arzuolunan yanaşmalardır, bu baxımdan, həm qərar qəbul edən, həm də qərarlara riayət edən təbəqədə təmkinliliyi hiss edirəm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Türkiyənin Pamuqqala Universitetində “Müasir Türk Dilləri və Ədəbiyyatı” ixtisası üzrə magistr təhsili alan İslam Məmmədov söyləyib.

 

Onun sözlərinə görə, Türkiyədə əhalinin qoyulan qadağalara maksimum dərəcədə əməl etməsi virusun azalmasına səbəb olub:

 

“Doğrudur, mən Türkiyənin hər bir nöqtəsini və oradakı vəziyyəti dəqiqliyi ilə bilmək iqtidarında deyiləm. Şübhəsiz ki, qaydalara əməl etməyənlər, düşüncəsizcə hərəkət edənlər vardır. Ancaq gördüyüm qədərilə deyə bilərəm ki, əksəriyyət sosial məsafə (qrup halında gəzənlər istisnadır), maska, əlcək, dezinfeksiya və s. kimi qorunma qaydalarına əməl edir. Nümunə nə dərəcədə doğrudur, bilmirəm, amma ötən günlərdə çimərlik bölgəsinə getmişdim. Baxmayaraq ki, çimərlikdən istifadədə hər hansısa məhdudiyyət tətbiq edilməmişdi, insanlar (hamı deyil, əksəriyyət) yenə də özlərini qoruyur, tibbi maskadan istifadə edirdilər. Mənə görə, bu məqamda əsas məsələ fərdlərin individual və nəticədə, cəmiyyətin ümumi özünüidarəyə və karantin qaydalarına əməl etməsidir. Əgər hər kəs özü və ətrafını qorusa, təmizliyə fikir versə, ümumilikdə, cəmiyyət qorunmuş olar. Nəticədə,  bu da virusun azalmasına, yayılma indeksinin minimuma endirilməsinə hər şeydən daha çox müsbət təsir göstərər.

 

Son zamanlar artım müşahidə olunur. Ancaq bunun kütlə tərəfindən panika ilə qəbul olunması, fövqəladə hal kimi dəyərləndirilib, ehtiyat qida yığımına başlanılması yalnız riyazi olaraq bu saya müsbət təsir göstərə bilər. Bunun bir formasını aprel ayında Türkiyədə, iyun ayının əvvəlində Azərbaycanda müşahidə etdik. Qərarlara gəldikdə, artıq aprel ayından 2 həftə əvvələ kimi Türkiyədə həftəsonu küçəyə çıxmaq qadağası var idi. Müxtəlif həftələrdə belə qadağalı günlərin sayını artırırdılar. Vəziyyətin yenidən kritikləşməsi baş verərsə, həftəsonu qadağaları yenidən tətbiq oluna bilər. Düşünürəm və ümid edirəm ki, bu tip məhdudiyyətlərlə tanış olan kütlədə bu, əks təsir göstərməyəcək”.

 

Azərbaycanlı tələbə qeyd edib ki, koronavirusa görə dərslərin onlayn şəkildə keçirildiyi Türkiyə universitetlərində ilk başlarda təhsilin keyfiyyətində bəzi problemlər yaşansa da, sonradan bu çatışmazlıqlar aradan qaldırılıb:

 

“Məndə magistr təhsili olduğu üçün bütün dərslərimin imtahanlarını məqalə, tapşırıq şəklində göndərdim. Ümumilikdə isə imtahanlar onlayn şəkildə həyata keçirilir. Əlbəttə ki, ilk başda müəyyən problemlər yaranırdı, məsafəli dərs keçmək o qədər də effektiv deyildi. Əlavə olaraq, universitetimizin sistemində sadəcə müəllim görünür və danışırdı. Digərləri isə ancaq öz fikirlərini yaza bilirdi. Bu da uzun zaman tələb edirdi. Bizdə isə dərslər interaktiv keçirilir. 10 dəqiqə müəllim danışırsa, 20 dəqiqə tələbələr öz mövzuları ətrafında danışır, təqdimatlarını edir, fikirlər ümumi müzakirəyə çıxarılır. Bu səbəbdən bəzi dərslərimizi “Zoom” proqramı vasitəsilə edirdik. Daha sonra sistemdə yenilənmələr oldu və bu problemlər aradan qalxdı. Onlayn təhsilin əsas müsbət tərəfi ortaq məkan olmadığı üçün zamandan qənaət etmiş oluruq. Mənfi tərəfi isə internet bağlantısında problem yarandıqda əlaqə kəsilir, söylənilən fikirləri eşitmirsiniz”.

 

Həmyerlimiz bildirib ki, Azərbaycana dönmək istəsələr də, bu, hazırda mümkün görünmür, səfirlik tərəfindən növbəti çarter reysin təşkil olunub-olunmaması isə qeyri-müəyyəndir:

 

“Bu pandemiya dövrünün necə, nə vaxt, hansı vəziyyətlə sonlanacağını bilmədiyimiz üçün ölkəmizə getmək, gedişatı Vətənimizdən izləmək ən böyük arzumuz idi. İlk başlarda çarter reyslər təşkil olunurdu, prosesin necə həyata keçirilməsindən xəbərsiz olduğumuz və Türkiyə tərəfindən bəzi məsələlərə görə gələ bilmədik. Səfirliklə əlaqə saxlayaraq, dəfələrlə məlumat aldıq, adımızı çarter reys üçün siyahıya yazdırdıq. Lakin bir nəticə hasil olmadı. Anlayır və dəstəkləyirəm ki, prioritet tələbə yox, ailəli, uşaqlı şəxslər və yaşlılar olmalıdır. Bu səbəbdən əksər çarter reyslərdə məhz bu kateqoriyadan olan şəxslər üstünlük təşkil edirdi. Ancaq sonralar çarter reyslər ya azaldı, ya da tamam  sıfıra endi. Artıq dönmək haqqında tələbələrə yardım göstərilməsi ilə bağlı səfirliyə olan ümidim bitib. Bu anda səfirliyin qida yardımı ilə kifayətlənməsinə görə təşəkkür edirəm. Halbuki, 2 aylıq olan yardım, mənə və bəzi tanışlarıma sadəcə aprel ayı üçün edildi. Burada məsələ yardıma möhtac olmaqdan da getmir, yanlış anlaşılmasın. Qeyri-peşəkarlıqdan, laqeydsizlikdən gedir. Ümidvaram ki, maddi vəziyyəti bizdən daha pis durumda olanlara yardım edilib”.

 

“Mən təqaüdlə təhsil aldığım üçün biraz şanslı olduğumu deyə bilərəm. Maddi çətinlik sadəcə bilet alıb, koronavirus testindən keçmək məsələsindədir. Sonrakı planım tez zamanda uçuş tapıb, Vətənə qayıtmaqdır. Qarşımızdakı ayda da bu, mümkün olmasa, çox güman ki, sonrakı prosesləri buradan izləməli olacağam. İstəyir qardaş ölkə yox, lap öz ölkəmin başqa bir şəhəri olsun, insan azca da olsa, evindən uzaqda olanda özünü yad hiss edir. Təzə vaxtlar bir az sıxıntılı və stresli idim. Hər zaman ağlımda bu problem və həlli yollarını düşünürdüm, qalan bütün işlərim, dərslərimə vaxt ayıra bilmirdim. Zaman keçdikcə buradakı dost-tanışla birlikdə olduqda stress azaldı. Sevdiyim məşğuliyyətlərə (bayraq, himn, gerbləri araşdırmağa) vaxtımı ayırdım. “Facebook”da bu hobbimi paylaşa biləcəyim qrup (Bayraqlar, Gerblər, Himnlər/BGH) yaratdım. Araşdırdığım məlumatları orada paylaşdım. Çalışdım ki, problemlərdən uzaqlaşım”, - deyə İslam Məmmədov əlavə edib.

 

Soydaşımız həm Azərbaycanda, həm də Türkiyədə koronavirusa şübhə ilə yanaşanlara öz münasibətini bildirib. O qeyd edib ki, insanlar doğru araşdırma ilə virus haqqında kifayət qədər məlumatlana və düzgün nəticə çıxarda bilərlər:

 

“Türkiyədə Azərbaycandakı qədər virusa şübhə ilə yanaşanlar yoxdur. Ümumiyyətlə, elə birinə rast gəlməmişəm. Bilirsiniz, bu, bir az da ən başından virus haqqında ictimaiyyəti məlumatlandırmaq və mövcud vəziyyəti idarə etməklə bağlıdır. Türkiyədə lap əvvəldən Səhiyyə naziri Fəxrəddin Qoca bu vəzifəni öhdəsinə götürüb, layiqincə yerinə yetirdi. Hətta deyərdim ki, dünya üçün bir nümunə oldu. Çox əfsuslar olsun ki, Azərbaycanımızda onun nümunəsini görə bilmədik. Fikrimcə, inamsızlıq bundan qaynaqlanır.

 

Sadəcə, bunu deyə bilərəm ki, dövrümüzdə çox şükür ki, internet araşdırması vasitəsilə kifayət qədər düzgün, elmi məlumatlara çatmaq mümkündür. İnsanlardan nəyəsə kor-koranə inanmamağı, araşdırmadan qəbul etməməyi xahiş edirəm. Yalan məlumatlar həmişə, hər yerdə olub və olacaq da. İstər super güc dövlət olsun, istərsə də alimlər yetişdirən bir ölkə. Əsas məsələ o dezinformasiyaların yayılmasının qarşısını almaq, mümkün olduğu qədər sübutlarla əksini isbatlamaqdır. Yalnız bu yolla qələbə qazanmaq mümkündür”.