Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 14:37:00
Bakı Ali Neft Məktəbinin prorektoru Rəşad Həsənovun xidməti vəzifəsi yüksəlib

 Bakı Ali Neft Məktəbinin (BANM) Ümumi işlər üzrə prorektoru Rəşad Həsənovun xidməti vəzifəsi yüksək səviyyədə artırılıb.

 

AzEdu.az  xəbər verir ki, R.Həsənovun Bakı Ali Neft Məktəbində 7 illik fəaliyyəti tədrisin keyfiyyətinin təmin edilməsi, daxili əmək intizamı qaydalarına əməl edilməsi, Apelyasiya məsələləri, mədəni-kütləvi tədbirlərin təşkili və sosial inkişaf planının hazırlanması, tələbələrlə iş kimi məsələləri əhatə edib.

 

 Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Rəşad Həsənovun Ali Məktəbin əldə etdiyi uğurlarda müstəsna rolu danılmazdır: “O BANM-in qurucu prorektorlarından biri olub. Rəşad Həsənov səmərəli fəaliyyəti, peşəkarlığı ilə yanaşı, davranışı və insanpərvərliyi ilə də müəllim-professor heyətinin və tələbələrin xüsusi rəğbətini qazanıb. Belə əzmkar kadrlar sayəsində bu gün Ali Məktəbimizin nüfuzu və nailiyyətləri artmaqdadır. Əminəm ki, o bundan sonra da ona tapşırılan məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəkdir”- deyə rektor əlavə edib.

 

 Rəşad Həsənov isə öz növbəsində ötən müddət ərzində ona göstərilən etimad və diqqət üçün Bakı Ali Neft Məktəbinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.

 

 “Mənim bir çox uğurlarım Bakı Ali Neft Məktəbi ilə bağlıdır. Əlbəttə ki, fəaliyyətimə verilən ən yüksək qiymət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməyimdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təltif olunduğum Fəxri fərman, Türk Standartları İnstitutunun sertifikatları da BANM-dəki uzunmüddətli fəaliyyətimə verilən qiymətin təzahürüdür. Burada mən yüksək diqqət və qayğı görmüşəm. Elə ona görə də hər zaman bu diqqətə layiq olmağa çalışmışam. Bu gün dəyərli həmkarlarımdan, sevimli tələbələrimizdən ayrılmaq çətin olsa da, əminəm ki, bizim hər zaman mənəvi bağlılığımız davam edəcək”. – deyə vurğulayıb.

 

 Məlumat üçün bildirək ki, R.Həsənov 2013-cu ildən Bakı Ali Neft Məktəbinin Ümumi işlər üzrə prorektoru vəzifəsində çalışıb.