Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 13:36:00
Vaxtı dəyişdirilən imtahanlar, müəllimlərin  gözlədikləri  nəticələr,yeni qərarlar - Təhsil icmalı  

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə - 15-21 iyun tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

“Abituriyentlər üçün dərs vaxtı" na start verildi

 

 

İyunun 16-da “Mədəniyyət” telekanalında "Dərs vaxtı"nın abituriyentlər üçün yayımı başlayıb.

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, teledərslər bu formatda iyul 17-dək davam edəcək.

 

 

Qabiliyyət tələb edən imtahanlar keçirilməyəcək

 

 

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaqdır.

 

 

Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçiriləcək

 

 

Azərbaycanda ümumtəhsil müəssisələrində direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.

 

 

Bunu  Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

 

Ali məktəblərə müsabiqə şərtləri  açıqlandı

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

 

 

DİM-dən verilən məlumata görə, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

 

 

 

18 iyulda növbəti buraxılış imtahanları keçirildi

 

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

 

Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

 

Qızdırması olan 4 şagird imtahana buraxılmayıb, 3-ü isə zala telefon keçirib

 

 

DİM-dən verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

 

 

Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

 

 

Yerdəyişmə müsabiqəsinin nəticələri açıqlandı

 

 

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

 

 

Nazirlikdən verilən məlumata görə, elektron yerləşdirmənin nəticələrinə əsasən, 1934 nəfər uğur qazanıb.

 

 

Buraxılış  və qəbul imtahanlarının vaxtı dəyişdirildi

 

 

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

 

 

22-28 iyun həftəsinə nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb

 

 

“Gələn həftəyə nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb, digər regional məktəb, rayonlarda isə keçirilməsinə şərait yaradılıb. Bununla bağlı hökumətin razılığını almışıq”.

 

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

 

Qəbul  imtahanları onlayn keçirilə bilərmi?

 

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  keçirdiyi brifinqdə karantin rejimi uzadılarsa, qəbul imtahanlarının onlayn qaydada keçirilməsi mümkünlüyünə münasibət bildirərkən deyib.

 

 

Onun sözlərinə görə, eyni gündə onlayn imtahanın yüz min insan üçün təşkili mümkünsüzdür:

 

 

DİM 18-19 iyunda keçirilən imtahanların nəticələrini açıqladı

 

 

18 və 19 iyun tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.

 

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

 

İyunun 20-də UNEC-in 90 yaşı tamam oldu

 

 

90 illik yubileyinə Azərbaycan Dövlət İqtisad Universiteti “UNEC” adı ilə brendləşdirildi. Təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq elektron universitet modeli, elektron sənəd dövriyyəsi, “Bir  pəncərə” onlayn sistemi, əcnəbilərin və təkrar ali təhsilə qəbulun internet üzərindən həyata keçirilməsi sistemi yaradıldı. Ən müasir texnologiyalarla təchiz olunan və 20 min tələbəyə distant təhsil vermək gücündə olan “UNEC Extern” mərkəzi istifadəyə verildi.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları