Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 11:59:00
Britaniyalı məktəblilər tədris ilini başa çatdıra bilmirlər

Böyük Britaniyada 1,3 milyona yaxın məktəbli keyfiyyətli rabitə və internetin olmaması ilə əlaqədar  tədris ilini bitirə bilməmək riski ilə üzləşib.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı Britaniya hökumətinə istinadən "The Guardian" qəzeti yayıb.

 

Məktəblərin rəhbərləri koronavirus pandemiyası dövründə məsafədən təhsil zamanı davam edən fasilələr barədə narahatlıqlarını bildiriblər.  Bu həftə parlamentə təqdim olunacaq  "Distant təhsil haqqında" qanun layihəsində evdə internetin olmaması səbəbindən təhsilini davam etdirə bilməyən 700 min uşaq haqqında məlumat verilir. 

 

Qanun layihəsinin müəlliflərindən olan leyborist-deputat Şivon Makdonaqın fikrincə, ortaya çıxan problemlər üzündən bəzi şagirdlər əldən çıxmış imkanların əvəzini heç vaxt ödəyə bilməyəcəklər.  Qanun layihəsində qeyd olunur ki, koronavirusun yaratdığı təcrid rejimi  "rəqəmsal uçurum”u  üzə çıxarıb: təxminən 700 min  uşaq evdə internet olmadığına görə hər hansı məktəb məşğələlərini yekunlaşdıra bilmir.

 

Qanun layihəsi 40-dan çox tanınmış təhsil xadimi, universitet rektorları, xeyriyyə təşkilatlarının rəhbərləri və parlamentin deputatları tərəfindən dəstəklənib.  Deputatlar hesab edirlər ki, qanun layihəsinin qəbulu uşaqların təhsilinə olan münasibəti dəyişəcək.
Statistikaya görə, Böyük Britaniyada 5 milyondan çox böyükyaşlı insan heç vaxt  və ya son 3 ay ərzində internetdən  istifadə etməyib. 

 

Qeyd edək ki, uşaqların təhsilinə zərər verməmək üçün Böyük Britaniya hökuməti aztəminatlı ailələrdən sayılan şagirdlərin pulsuz internet və təhsil texnikası ilə təmin olunmasını təklif edir. 


Universitet və kollec tələbələrinin yarısı hesab edir ki, pandemiya səbəbindən tədrisin effektivliyi azalıb, tədris yükü isə əhəmiyyətli dərəcədə artıb. Tələbələrin təxminən 30% - i məsafədən öyrənmə texnikasına malik deyil. Eyni zamanda, sorğuya cəlb edilən müəllimlərin yalnız 15% - i ali təhsilin keyfiyyətinin yaxşılaşacağına inanır.


Gerçəklik  budur ki, distant təhsilə kəskin keçid real təhsil problemlərini üzə çıxarıb. Məktəb, universitet və kolleclərin belə bir vəziyyətdə  əsas vəzifələrindən biri təhsilə çıxış bərabərsizliyini azaltmaq, bütün təhsilalanları sabit internet və zəruri texnika ilə təmin etməkdir. (Azərbaycan müəllimi)