Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 11:00:00
“Qorxurdum, 59 bal toplayam” – Bütün suallara düzgün cavab verən müəllimlə MÜSAHİBƏ

Müəllimlərin diaqnostik qiymətləndirilməsi artıq yekunlaşıb. İmtahanlarda iştirak edənlər arasında aşağı bal toplayanlar da var, maksimum nəticə göstərənlər də. Biləsuvar rayonundan olan Ziyafəddin Məmmədov isə 60 sualın hamısına düzgün cavab verərək, maksimum bal toplayıb. O, Biləsuvar rayonu Aşağı Cürəli kənd orta məktəbinin kimya müəllimidir.

AzEdu.az Ziyafəddin Məmmədovun Diqnostik qiymətləndirmə ilə bağlı fikirlərinin öyrənib:

-Sizcə Diaqnostik Qiymətləndirmədən yüksək nəticə göstərmək üçün xüsusi hazırlığa ehtiyac var?

- Müəllim bu sualları öz bilikləri, keçdiyi dərs əsasında cavablaya bilər. Kurikuluma hazırlaşmaq lazımdır. Çünki kurikulum sualları çətin idi. Amma müəllim ixtisas suallarına hazırlaşmamalıdır. O öz ixtisasını bilməlidir.

- Bəs ixtisas suallarının çətinlik dərəcəsi necə idi?

- İxtisasım üzrə 40 sual var idi. Mən onların hamısını düzgün cavablamağa cəmi 20 dəqiqə vaxt sərf etdim. 20 dəqiqəyə 40 sualı yazıb bitirdim. Çünki mən ixtisasımı bilirdim. Arxayın idim ki, yazacam. Amma çox gərgin idim. Səhər saat 7-də yola çıxıb uzaq yol gəlmiş, gün ərzində heç nə yeməmişdim. Çox həyəcanlı idim. Ona görə yox ki, mən zəif bilirdim. Ona görə ki, mən 59 bal istəmirdim. Yüksək bal toplayacağımı bilirdim. Amma hansısa sualı səhv edə, 60 bal toplamaya bilərdim. Sualları çox diqqətli işlədim. Ən çox da çaşdırıcı suallara diqqət verirdim. Müəllimlərin əksəriyyəti adətən şərtində “doğrudur” və ya “doğru deyil” ifadəsi işlənən suallarda səhv edir. Düz variantları cavablayırsan, sonra aydın olur ki, sual səndən yanlışları soruşur. Əsas qorxum bu tip suallardan və texniki səhvlərdən idi. Bundan əlavə sualları cavablamaq üçün müəllimdən məntiq tələb olunurdu. Elə suallar vardı ki, müəllim onu bilməyə bilər. Amma “çıxdaş” üsulu və məntiqlə cavablamaq mümkündür.

- Diaqnostik qiymətləndirmədə 2, 4 bal toplayan müəllimlər də var. Siz bunun səbəbini nədə görürsünüz?

Məncə, onlar bu fəaliyyətlə məşğul olmayan müəllimlərdirlər. Bəlkə məktəbə sadəcə adlarını yazdırıblar, bəlkə də dərs saatları az olduğuna görə nə vaxtdır işə getmirlər. Çünki əgər, müəllim dərs prosesində şagirdlə üz-üzə gəlir və onun verdiyi sualı bilmirsə, onda müəllimin dərsə girməyinin mənası yoxdur. İndi şagirdlərin də səviyyəsi zəif deyil. Təsəvvür edin ki, şagird sual verir, müəllim isə bilmir. Təbii ki, o, özünü itirib qızaracaq. Bir müəllim bunu necə qəbul edə bilər axı?

- Onların gələcək fəaliyyəti ilə bağlı nə təklif edirsiniz?

- Deyilənə görə attestasiya ləğv olunur. Amma məncə müəllimlərə dərəcə verilməsi yaxşı haldır. Cəmi dörd bal toplayan müəllimlə mənim dərs saatım eynidirsə və o da mənim qədər maaş alırsa, sizcə bu haqsızlıq deyil?

- Sizcə DQ həqiqətənmi müəllimlərin savadının göstəricisidir? Bunun faydalarını nədə görürsünüz?

- Məncə DQ tam olaraq müəllimlərin savadının göstəricisi deyil. Mən öz orta məktəb təcrübəmdən bilirəm. Bizdə çox savadlı müəllimlər var idi. Amma savadını şagirdə çatdıra bilmirdi. Ümumiyyətlə, savadlı sözü alimə deyilsə, daha düzgün olar. Biliklərin çoxluğu alimə daha çox lazımdır. Müəllim o bilikləri tətbiq etməlidir. Onu şagirdə çatdıra bilməlidir. Məsələn, Eynşteynin mühazirələrinə heç kim gəlməzmiş. Şagirdləri onu sevmirdilər. Çünki bildiklərini tələbələrinə çatdıra bilmirdi. Onun elmi əsərləri indi də məşhurdur, hamı onu tanıyır. Amma yaxşı müəllim ola bilməsə də, savadlı alim olub. Yəni müəllim bildiklərini çatdırmağı bacarmalıdır. Düzdür 4 bal toplayan müəllim uşağa nə çatdıracaq? Axı onda nə var ki, çatdırsın? Amma 60 bal olmaq da savadı ölçmür. İxtisasını müəyyən qədər uşağa çatdırana müəllim demək olar.

- Bölgələrdəki orta təhsil müəssisələrində əsas çatışmazlığı nədə görürsünüz?

-Bizdə kimya avdanlıqları Sovetdən qalmadır. Şəkillər var, amma laboratoriya cihazları, kimyəvi maddələrimiz yoxdur. Mən biologiyanı da tədris edirəm. Onu bir az idarə etmək olur. Çünki uşağın heyvanlar, bitkilər haqqında məlumatı varsa oxuya bilir. Amma mikroskop yoxdur ki, mən şagirdlərə onu izah edim. Laboratoriya cihazlarımız yoxdur. İndi gəl bu şəraitdə şagirdə kimyanı izah et. O, yalnız sözlə eşidir ki, filan maddə ilə digərini qarışdıranda bu rəng alınır, amma şahidi olmur. Halbuki, bu, praktiki olsa, şagird həm eşidər, həm də görər. Belə olsa daha yaxşı yadında qalar. Çətinliyimiz də elə bununla bağlıdır.

- Müəllim kimi şagirdlərlə çox təmasda olursunuz. Sizcə bölgə məktəblərindəki şagirdlərin əsas çətinlikləri nələrdir?

- Məncə, istedadlı şagirdlər hər yerdə var. Hətta bəzən hansısa kənd yerindən 700 ballıq şagirdlər çıxır. Amma say çox olan yerdə uğurlu uşaqlar da çox olur. Məsələn, kənd yerində 100, şəhər yerində 10 000 uşaq oxuyur. 10 000-in içində təbii ki, istedadlı uşaqlar çoxdur. Yəni kənddə uşaq azdır, mən deməzdim ki, şəhərdəki uşaqlar daha istedadlıdır. Şəhər məktəbləri böyükdür. Orada bir ildə xeyli abituriyent ali məktəbə qəbul olunur. Amma bizim bir buraxılış sinfimiz var. Orada 15 şagird oxuyur. Bu sinifdən iki nəfərin ali məktəbə qəbul olunması şəhərdən 100 nəfərin qəbuluna bərabərdir.

- Sizcə ideal müəllim necə olmalıdır?

- Məncə ideal müəllim o demək deyil ki, o, Diaqnostik Qiymətləndirmədən yüksək bal toplasın. Əsas olan onun bildiklərin heç olmasa 90 %-ni şagirdlərinə çatdırmağı bacarmasıdır. Ola bilər ki, müəllim heç o mövzunu bilməz. Amma axşam sabahkı dərsə elə hazırlaşar ki, uşaqlara mövzunu tam çatdırar. Şagirdlərin yaddaşı müəllimlərinkindən daha güclüdür. Müəllimin dediyi məktəblinin yadında qalırsa, bu, müəllimin uğurudur. İdeal müəllim bildiyinin azı 90%-ni uşaqlara aşılaya bilməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları