Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-20 14:24:00
Ərdəbil Universiteti professorunun təqdimatında elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün İran İslam Respublikasının Ərdəbil Universitetinin professoru, Sabalan Yüksək Texnologiyalar Universitetinin qurucu rektoru Yashar Azizianın təqdimatında “Strukturlaşdırılmış işıq və onun optik manipulyasiya, kvant rabitəsi və mikroskopiyada tətbiqləri” mövzusunda onlayn elmi seminar keçirilib.

 

 AzEdu.az  xəbər verir ki, videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev alimin fəaliyyəti haqqında məlumat verib, araşdırmalarının dünya elminə töhfələrindən söz açıb. O, uzun müddət BDU-da elmi-tədqiqat aparan alimin maraqlı dissertasiya işlərinə imza atdığını diqqətə çatdırıb.

 

Elmi seminarın moderatoru BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov universitetdə keçirilən onlayn ustad dərslərinin elm və tədqiqat işlərinin onlayn formada davam etməsinə böyük töhfələr verdiyini bildirib.

 

Yashar Azizian məzunu olduğu BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib. Nanotexnologiya üzrə aspirantura pilləsində təhsil aldığı müddətdə fizika fakültəsinin akademik heyətinin verdiyi dəstəyi xüsusi vurğulayıb. Alim BDU-nun Nanoaraşdırmalar Mərkəzində həyata keçirilən elmi tədqiqatların bu sahənin inkişafında böyük rol oynadığını deyib. 

 

BDU-nun qazandığı uğurları daim izlədiyini bildirən Yashar Azizian fizika fakültəsinin Nanoaraşdırmalar sahəsində əldə etdiyi uğurlardan da bəhs edib, ikitərəfli elmi əlaqələrin genişlənməsi, müştərək elmi-tədqiqatların aparılması və birgə elmi seminar, simpozium, konfransların keçirilməsində maraqlı olduğunu vurğulayıb. 

 

“Strukturlaşdırılmış işıq və onun optik manipulyasiya, kvant rabitəsi və mikroskopiyada tətbiqləri” mövzusunda təqdimatla çıxış edən professor Yashar Azizian optik impuls axını, beyinə fiziki və biokimyəvi proseslər vasitəsilə məlumat çatdırılması prosesi, sıxlıq, dalğa uzunluğu, qütbləşmə, bucaq təcili və radial rejimi, kvant optikası və quruluşlu işıq problemləri, strukturlaşdırılmış işıq, rəqəmsal simulyasiya istiqamətlərində elmi mülahizələrini iştirakçıların nəzərinə çatdırıb. 

 

Elmi seminar universitet alimlərinin mövzu ətrafında fikir mübadiləsi və sualların cavablandırılması ilə başa çatıb.