Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-19 10:25:00
“Ev sahibi kirayəni yenidən qaldırdı, iş yerləri isə yoxdur” - Xaricdəki tələbəmiz

“Mən hazırda Türkiyənin Çanaqqala şəhərindəyəm. Burada mart ayından günümüzə qədər çox da aktiv xəstə olmayıb. Hökumət şəhərlərin statistikasını bölüşməsə də, deyilənə görə, ən çox 70 yoluxma halı qeydə alınıb. Ancaq ümumi mənzərədən baxsaq, Türkiyədə virusla bağlı vəziyyət hələ ki, yaxşıdır. Bu səbəbdən hökumət tərəfindən yumşalma mərhələsinə keçid edildi”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Türkiyənin “Çanakkale Onsekiz Mart” Universitetində “Tarix” üzrə bakalavr təhsili alan İbrahim Muradov söyləyib.

 

Onun sözlərinə görə, normallaşma müddətinə keçilən qardaş ölkədə qadağaların əksəriyyəti ləğv olunub:

 

“Bildiyimiz kimi, ümumi ölkə ərazisində 30 böyük şəhər və Zonquldaqda hər həftəsonları, olduğum Çanaqqala şəhərində isə yalnız Ramazan bayramında 4 günlük küçəyə çıxma qadağası tətbiq olundu. 19 mart və 7 may tarixlərində bəzi iş yerləri fəaliyyət göstərmədi. Hazırda isə demək olar ki, heç bir qadağa yoxdur”.

 

Həmyerlimiz bildirib ki, təhsilin distant formada davam etdirildiyi Türkiyədə artıq yay imtahan sessiyası başa çatıb:  

 

“Dünyanın bir çox ölkəsində olduğu kimi, Türkiyədə də ali və orta təhsil müəssisələri fəaliyyətini dayandırdı. Əksər universitetlərdə dərslər “Microsoft Teams”, “Stream” və “Zoom” proqramları vasitəsilə keçirildi. İmtahanları da eynilə onlayn şəkildə verdik : bu proses iyunda tamamlandı”.

 

Azərbaycanlı tələbənin fikrincə, onlayn dərslərin əskik tərəfləri daha çoxdur. Çünki bu cür təhsil tələbələrin dərslərə laqeyd yanaşmalarına və imtahanlarda əziyyət çəkmələrinə səbəb olur:

 

“Onlayn dərslərin mənə görə heç bir üstünlüyü olmadı. Çünki videolar yaddaşa yazıldığı üçün sonra izləyərik deyə laqeyd davranırdıq. Tək müsbət tərəfi o idi ki, bəzi müəllimlər onlayn imtahan keçirmək əvəzinə, yerinə yetirməyimiz üçün ev tapşırığı verirdi. Bəzən 500-600 səhifəlik 3-4 kitab oxuyub, akademik səviyyədə məqalələr hazırlamalı olurduq. Ancaq düzünü desək, universitetlər də bu dönəmə tam şəkildə hazır olmadığı üçün imtahanları çox da çətin, anlaşılmaz təşkil etmədilər. İmtahanların əksəriyyətini test üsulu ilə verdik və rahat keçdi. Lakin belə davam etməsini istəmərəm. Çünki  universitetdə birbaşa müəllimlə ünsiyyət zamanı əldə etdiklərimizi onlayn şəkildə öyrənmək mümkün deyil”.

 

“Azərbaycana virusun yayıldığı ilk vaxtlarda gəlmək istəmirdim, ancaq sonradan istəsəm də, imkan olmadı. Həmçinin, vəziyyətin düzələcəyinə inanırdıq. Fikirləşdik ki, birdən dərslər bərpa edilər və Türkiyəyə qayıda bilmərik, bu səbəbdən aprelin sonuna qədər ölkəyə dönmək barəsində düşünmədim.

 

Səfirlik burada qalan bəzi azərbaycanlı tələbələrə maddi dəstək göstərirdi, bizə 3 ay boyunca 200 lira (50 manat) dəyərində hədiyyə çeki verdilər. Ancaq münasibətim olan tələbələrin çoxuna bu barədə yardım edilməyib, hətta müraciətlərinə də baxılmayıb. Səfirliyə birbaşa müraciətim olmayıb, lakin sosial şəbəkələrdəki qruplarımızda tələbələrlə daim ünsiyyətdəyik. Demək olar ki, 50 manatlıq yardımdan başqa heç nə ilə maraqlanmayıblar. Səfirliyə zəng etdiyimizdə isə normal və qaneedici cavablar almaq mümkün deyil”, - deyə İbrahim Muradov əlavə edib.

 

Soydaşımız qeyd edib ki, tələbələr dərslər bitdiyinə görə Azərbaycana qayıtmaq istəyirlər. Çünki Türkiyədə nə qədər çox qalsalar, bir o qədər maddi çətinliklərlə üzləşəcəklər:

 

“Virusa görə burada əziyyət çəkən insanlar çox oldu. Mən də, digər tələbələr də bəzən problemlərlə qarşılaşırdıq. Ancaq güzəştlər də edilirdi. Məsələn, ev sahibi bu ərəfədə kirayə haqqını yarıya endirdi, bu, bizə bir qədər kömək oldu. Lakin əsas problem bu gündən sonra başlayacaq. Çünki normalda əvvəlki illərdə 15 iyunda vətəndə olurduq. Yəni dünəndən etibarən burada hər gün xərclədiyimiz pul zərərimizə işləyir. Ev sahibi də vəziyyət normala döndüyünə görə kirayə haqqını yenidən əvvəlki kimi edib. Əsas problem isə səfirlik bizə kirayə pulları ilə bağlı yardım edirdi. Ancaq tələbələrin çoxunun müqaviləsi öz adına olmadığına görə bu dəstək də edilmədi. Belə hallarla qarşılaşaraq problem yaşayan həmyerlilərimiz çoxdur. İş yerləri isə yoxdur. Ümid edirəm ki, vəziyyət yaxşılaşar.

Allah millətimizə kömək olsun. Dünyamıza sağlıq, əmin-amanlıq versin”.