Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-18 12:29:00
Ölkənin ilk veb-portalı Science.az 25 illik yubileyini qeyd edir

 

“Mətbuat cəmiyyətin güzgüsüdür” – XIX əsrin qabaqcıl ziyalısı, Azərbaycanda ilk mətbu orqanının yaradıcısı Həsən bəy Zərdabinin müəllifi olduğu, mətbuat işçilərinin əzbərinə çevrilən bu ifadə müasir dövrümüzdə də aktuallığını, təsir qüvvəsini qoruyub saxlamaqdadır.

 

Azərbaycan mətbuatı mürəkkəb və keşməkeşli inkişaf yolu keçmişdir. Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı, ilk mətbu nümunəmiz olan “Əkinçi” sonradan neçə-neçə qəzetin, müxtəlif jurnalistika məktəblərinin yaranmasına yol açmışdır. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının təməl daşı olmuşdur. Bundan sonra Azərbaycanın ictimai həyatında bir-birinin ardınca mühüm hadisələr baş vermişdir. Milli radio və televiziyamızın yaranmasında da Əkinçi qəzetinin əsasını qoyduğu ənənələrin böyük rolu olmuşdur.

 

“Əkinçi”nin nəşrindən düz 120 il sonra, 1995-ci ildə ölkəmizdə ilk veb-sayt – science.gov.az www.ab.az adı altında fəaliyyətə başladı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən akademik Əli Abbasovun rəhbərliyi ilə yaradılmış sayt 145 illik tarixi olan Azərbaycan mətbuatının inkişafında yeni səhifə açdı.

 

Müasir dövrümüzün elektron əkinçisi hesab olunan science.az bu gün ölkənin İnternet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardandır. Yarandığı gündən Azərbaycanın media məkanında özünəməxsus yer tutan bu resurs, ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. 25 ildir ölkədə, o cümlədən AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin elmi nailiyyətləri məhz bu sayt vasitəsilə ölkə ictimaiyyətinə çatdırılır.

 

Bu gün science.gov.az-ın peşəkar mütəxəssisləri AMEA-da fəaliyyət göstərən alim və tədqiqatçıların nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradırlar. Təkcə AMEA deyil, həm də respublika və dünya elmi ictimai mühitində baş verən yeniliklər, maraqlı məlumatlar portalın əməkdaşları tərəfindən operativ əldə edilərək cəmiyyətə ötürülür.

 

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən science.az bütün dünyada oxunur. Portal həm də AMEA-da alimlərin dünyanın tanınmış elmi qurumları ilə əlaqələr yaratması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də kadr və təcrübə mübadiləsinin aparılması üçün vasitəçi rolunu oynayır.

 

Science.az onlarla jurnalist, veb-dizayner və veb-proqramçıların yetişdirilməsində də böyük rol oynamışdır. Ölkənin müxtəlif ali məktəblərindən olan tələbələr burada təcrübə keçərək zəruri biliklərə yiyələnmişlər. Bu faktlar portalın ölkəmizdə ilk İnternet-jurnalistika məktəbi olduğunu təsdiq edir.

 

Böyük informasiya-sorğu sistemi olan veb-portalda AMEA-nın bütün struktur bölmələri, həqiqi və müxbir üzvləri, institut və təşkilatlarında çalışan elmlər və fəlsəfə doktorları, eləcə də Azərbaycanın nüfuzlu alimlərinin həyat və fəaliyyəti, elm sahəsində əldə etdikləri nailiyyətlər haqqında məlumat əldə etmək mümkündür.

 

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında science.az-ın yaranmasının 20-ci ildönümü münasibətilə təntənəli yubiley tədbiri təşkil edilmiş, yığıncaqda portalın yaranması və inkişafında xüsusi rolu olan əməkdaşlar “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunmuşlar.

 

Bu il isə science.az 25 yaşını qeyd edir. Bu rəqəm bir İnternet-media orqanı üçün heç də kiçik rəqəm deyil. 25 il ərzində portal Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandırmış və təbliğ etmişdir.

Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra bütövlükdə akademiya ilə yanaşı, science.az-ın həyatında da yeni bir mərhələnin əsası qoyulmuşdur. AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin strukturunda dəyişikliklər edilmiş, idarəetmə sistemi modernləşdirilmişdir. Portalın işini daha da təkmilləşdirmək və oxunaqlığını artırmaq məqsədilə digər media orqanları ilə əlaqələr gücləndirilmiş, xəbərlərin stilində dəyişikliklər edilmişdir.

 

Hazırda portalın yeni versiyasının hazırlanması ilə bağlı tədbirlər görülür. Əsas məqsəd innovativ texnologiyaları tətbiq etməklə portalı müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurmaq, onun dizayn və proqram təminatını təkmilləşdirməkdir.

 

Science.gov.az koronavirus pandemiyası dövründə də mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirmiş, ölkə ictimaiyyətini məlumatlandırmaqda davam etmişdir. Portalda hər gün AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, eləcə də dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar işıqlandırılmışdır.

 

Əminliklə demək olar ki, Azərbaycan elminin carçısı olan science.az çoxillik fəaliyyəti dövründə ölkənin elmi-ictimai həyatının bütün sahələrinə nüfuz edərək oxucuların rəğbətini və etimadını qazanmağa nail olmuşdur. Portal bu gün informasiya texnologiyalarının sürətli inkişafı səbəbindən hər gün artmaqda olan media orqanları sırasında öz populyarlığını qoruyub saxlamaqdadır. Azərbaycan elminin təbliği kimi şərəfli bir missiyanı böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirən, ölkə elminin beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilməsində danılmaz xidmətləri olan science.az bu yolu hələ uzun illər davam etdirəcək. 25 yaşımız mübarək!

 

Nərgiz Qəhrəmanova,

Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, dissertant