Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-18 11:59:00
Məktəblilər arasında onlayn müsabiqələr keçirilib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyətini məsafədən təşkil edib və qurum tərəfindən keçirilən müsabiqələr onlayn davam etdirilib.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ifa mədəniyyətini yüksəltmək, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaqdır.

 

Təhsil İdarəsi tərəfindən “Böyük zəfərin başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. Həmçinin “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi BŞTİ-nin tabeliyindki ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında onlayn qaydada keçirilib. Müsabiqəyə 2000-ə qədər rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 9 iştirakçı qalib seçilib, 15 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb.

 

BŞTİ tərəfindən 28 may - Respublika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib. VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin nəticələrinə əsasən 6 iştirakçı qalib seçilib. Həmçinin “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn davam etdirilib.