Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-17 13:22:00
Avropadakı tələbəmiz: “Burada artıq koronavirus  təsirini itirib, həyat öz axarına geri dönüb”  

“Mən hazırda Estoniyanın Tartu şəhərindəyəm. Estoniyada koronavirusa görə Azərbaycanda olduğu kimi sərt tədbirlər və karantin rejimi tətbiq olunmadı, küçəyə çıxmaq qadağası belə qoyulmadı. Hətta durumu ağır olan şəxslərdən başqa, virusa yoluxan insanların çoxu evdə müalicə olunurdu. Sadəcə olaraq, ölkəyə xaricdən gələnlər 14 gün karantində qalmaları ilə bağlı sənəd imzalayırdılar. İnsanların azlığı və dövlətin qoyduğu qaydalara riayət etməsi Estoniyada virusla bağlı vəziyyətin stabilləşməsinə şərait yaratdı. Bu səbəbdən ölkədə gün ərzində 1-2 yoluxma halı qeydə alınır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Estoniyanın Tartu Universitetinin “İnnovasiya və Texnologiyaların idarəedilməsi” üzrə builki magistratura məzunu Vüsalə Şıxəliyeva söyləyib.

 

Onun sözlərinə görə, Estoniyada koronavirus artıq təsirini itirib və həyat öz axarına geri dönüb:

 

“Estoniyada demək olar ki, insanlar artıq öz gündəlik həyatlarına davam edirlər. Burada digər ölkələrdən fərqli olaraq, ikinci dalğadan söhbət getmir, hələlik vəziyyət stabildir. Təbii ki, bu ölkədə də virusun qarşısını almaq məqsədilə bəzi qaydalar qəbul edildi: ailə üzvlərindən başqa 2 yad şəxsin birlikdə küçəyə çıxmasına icazə verilmirdi, 2 metrlik sosial məsafə saxlamaq vacib idi. Bu qayda ləğv olunmayıb, hələ də qüvvədədir, qapalı məkanlarda buna əməl etmək lazımdır.

 

Virusa görə ölkədə ticarət mərkəzləri, universitetlər fəaliyyətini dayandırmışdı. Hazırda isə 20 günə yaxındır ki, hər yer – “Mall”lar, ali təhsil müəssisələri və yuxarı sinif şagirdlərinin məktəbləri açılıb, həyat öz normalına geri dönüb”.

 

Həmyerlimiz bildirib ki, Estoniyada da onlayn təhsilə keçid edildi, tədrisin bu formada davam etdirilməsi ilə hər hansı yenilik olmadı, çünki bu ölkədə əvvəllər də dərslər həm ənənəvi, həm də uzaqdan – internet vasitəsilə keçirilirdi:

 

“Estoniyada təhsil sistemində demək olar ki, heç bir dəyişiklik olmadı, çünki virusdan qabaq da dərslərin çoxu onlayn olurdu, yəni tələbələrin universitetə getmələrinə çox da ehtiyac qalmırdı.

 

Hazırda isə Estoniyada yay semestrinin imtahan sessiyası dövrüdür, hətta onlar da bitmək üzrədir. İmtahanların hər biri internet vasitəsilə verilir. Burada beynəlxalq tələbələr çoxluq təşkil edir, onların da əksəriyyəti koronavirusdan dolayı öz vətənlərinə geri qayıdıblar. Buna görə vəziyyət normala dönsə də, imtahanlar onlayn formada keçirilir.

 

Qeyd etdiyim kimi, universitetlər artıq açılıb, yəni kitabxanaya gedib, dərs oxumaq, imtahanlara hazırlaşmaq mümkündür. Həmçinin, laboratoriyalar da fəaliyyət göstərir, tələbələrin oraya gedib, işləmələrinə icazə verilir”.

 

Tartu Universitetinin məzunu onlayn təhsilin üstün və çatışmayan cəhətlərindən bəhs edib. O qeyd edib ki, təhsillə bağlı bütün tədbirlərin ləğv edilməsi tələbələrin maddi cəhətdən çətinlik çəkmələrinə səbəb olub:

 

“Onlayn təhsilin bir çox üstünlükləri var, ən əsası, bu cür tədris tələbələrə vaxt qazandırırdı. Ancaq təbii ki, cəmiyyət içərisinə çıxmadan, tələbə həyatı yaşamadan, fiziki kontakt olmadan dərs oxumaq və öyrənmək gənclərə çətinlik yaradırdı.

 

Qeyd edim ki, burada bir çox təhsil tədbirləri təxirə salındı, bu isə tələbələrə, xüsusilə də onların maddi vəziyyətinə mənfi təsir göstərdi, çünki bir çoxları öz çalışdıqları yerləri itirdilər, hazırda isə iş tapmaqda çətinlik çəkirlər.

 

Hətta bu həftə burada məzun həftəsidir, ancaq məzun günü ilə bağlı olan bütün tədbirlər də ləğv olunub, onlar da onlayn qaydada keçirilir”.

 

Vüsalə Şıxəliyeva bu dönəmdə səfirliyin azərbaycanlı tələbələrlə tez-tez əlaqə saxladığını, durumları ilə bağlı maraqlandığını söyləyib:

 

“Virusun başladığı vaxtlarda ölkəyə qayıtmaq barəsində heç düşünmədim. Çünki Azərbaycana gedib yolda həm öz sağlamlığımı, həm də ailəmi, oradakı digər insanları da təhlükə altına sala bilərdim. Odur ki, ailəmlə məsləhətləşib, burada qalmaq və gözləmək qərarını aldım, çünki dönməyim, əslində, heç bir məna kəsb etmirdi.

 

Səfirlik mövcud durumla əlaqədar mənimlə, buradakı digər azərbaycanlı tələbələrlə əlaqə saxlayırdı, ölkəyə dönüb-dönməməyimizlə, nəyəsə ehtiyacımızın olub-olmaması haqqında bizimlə maraqlanırdı. Qeyd edim ki, Estoniyadakı bəzi tələbələr Azərbaycana getmək üçün çarter reysə müraciət etdilər, ancaq sayları az olduğuna görə qayıda bilmədilər”.

 

“Biz tələbələr Azərbaycandakı vəziyyətə baxıb günü-gündən daha da qorxuruq, burada da yoluxma sayının artmasından narahatıq. Ümid edirəm ki, Azərbaycanda durum stabilləşər və həyat öz normalına geri dönər. Çünki belə davam etdikcə itkilər daha da çoxalır, xalqımız, dövlətimiz çox əziyyət çəkir”, - deyə soydaşımız əlavə edib.