Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 17:32:00
I sinfə qəbulla bağlı Apelyasiya Komissiyası da onlayn fəaliyyət göstərəcək

"Əgər valideynin müsahibə prosesi ilə bağlı hər hansı narazılığı olarsa, bu zaman Appelyasiya Komissiyasına müraciət edə bilər". 

 

 AzEdu.az  xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib. 

 

Onun sözlərinə görə, övladları məktəbəhazırlıq qruplarında təhsil almış valideynlərin müraciətlərinə 18 iyundan başlayaraq baxılacaq: “Apelyasiya prosesi də onlayn şəkildə təşkil olunur, yaxın günlərdə bu barədə məlumat veriləcək. Onlayn müsahibələrin özündən apelyasiya şikayəti vermək istəyən valideynlər varsa, "əks-əlaqə" bölməsində müraciətləri yazılacaq və ona uyğun tarixlə, saat müəyyən olunacaq. Apelyasiya Komissiyası da onlayn şəkildə valideynlərlə ünsiyyətə girəcək, müzakirədən sonra nəticə bəlli olacaq”. 

 

İ.Abdullayeva deyib ki, apelyasiya uşağın yenidən müsahibə edilməsi demək deyil: “Bu zaman Komissiya üzvü onlayn formada valideynə uşağın həmin andakı videosunu göstərəcək.  Videogörüntüdə valideynin həmin anda olan vəziyyətlə bağlı nə sualı varsa, həmin suallar cavablandırılacaq. Əgər uşaq həqiqətən rus dilində və ya müraciət etdiyi digər dildə həm danışa, həm anlaya bilirsə, həmin valideynin müraciəti müsbət qəbul olunacaq, danışa bilmirsə, yox. Amma uşağın təkrar müsahibəsindən söhbət gedə bilməz”.