Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 12:17:00
Hər 3 ildən bir testdən keçən müəllimlərin maaşı 25% artırılır- Kurikulumun əcnəbi  modeli  

 

 

İnkişaf etmiş dünya ölkələrinin təhsil sahəsində bir-birinə yaxınlaşması, təhsil müəssisələrinin, təlim-tərbiyə prosesinin qarşılıqlı inteqrasiya olunması təhsilin müasir inkişaf tendensiyalarının əsasını təşkil edir. Elə buna görə də Azərbaycanda həyata keçirilən təhsil islahatının başlıca məqsədi onu dünya standartları çərçivəsində irəli aparmaqla qabaqcıl ölkələrin sırasına çıxarmaqdan ibarətdir. Bunun üçün, ilk növbədə, dünyanın sivil ölkələrinin təhsil təcrübələrini öyrənib ümumiləşdirmək, ən faydalı olanlardan istifadə etmək zəruridir. Braziliyanın təhsil sisteminə qısa nəzər salaq:

 

Latın Amerikasının əksər ölkələri ilə müqayisədə Braziliyada müasir təhsil ənənələri nisbətən gec formalaşmağa başladı. Hələ ötən əsrin 70-ci illərində Braziliyanın 15 yaşdan yuxarı əhalisinin 20%-i savadsız idi. Buna baxmayaraq, ölkədə yaranan canlanma, insanların öyrənməyə marağının artması dəyişikliklərlə nəticələnirdi. Hazırda ölkənin təhsil sahəsində siyasəti Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və aparılır. Braziliyada aparılan təhsil islahatının özəlliyi onun sürətli olmasında, son on ildə ölkənin bütün ərazisini əhatə edə bilən mükəmməl təhsil şəbəkəsinin yaradılmasındadır. Bu şəbəkə Braziliyanın ən kiçik yaşayış məntəqəsinə qədərki bütün ərazilərini əhatə edir. Braziliyanın təhsil sistemi məktəbəqədər təhsili, ibtidai (I-IV), əsas (V-VIII) və orta (IX-XI) məktəbləri, universitet təhsilini, eləcə də universitetdən sonrakı hazırlığı əhatə edən həm dövlət, həm də xüsusi tədris müəssisələrini özündə birləşdirir. Əsas təhsil yalnız 7-14 yaş səviyyələrini, yəni I-VIII siniflərdə təhsil alan şagirdləri əhatə edir. Ölkədə bu yaşdan olan şagirdlərin sayı 46 364 183 nəfərdir. Bu yaş səviyyəsində oxuyanlar üçün təhsil pulsuzdur. Braziliyanın əksər ümumtəhsil məktəbləri üçün xarakterik olan bir cəhət vardır. Belə ki, həmin məktəblər altı gün işləsə də, tədris beş gündə həyata keçirilir. Altıncı gün məktəbə yalnız valideynlər gəlir. Onlar övladlarının, ümumiyyətlə, məktəbin problemləri ilə bağlı müzakirələr keçirir, konkret istiqamətlər üzrə iş aparırlar. Ənənəvi olaraq ümumtəhsil məktəblərinin bütün müəllimləri üçün hər tədris ilinin əvvəlində həftəlik kurslar təşkil olunur. Müəllimlər bu kurslardan keçməklə növbəti tədris ilində fəaliyyət göstərmək üçün hüquq qazanırlar.

Peşə Təhsili…

 Braziliyada peşə məktəblərinin yerləşdirilməsində sistemsizliklər mövcuddur. Məktəblərin ərazi üzrə düzgün paylanmaması müşahidə edilir. Bəzi ştatlarda peşə məktəbləri və onların filialları yalnız mərkəzdə fəaliyyət göstərir. Belə bir vəziyyət peşə məktəblərinin iş ahənginə, məhsuldarlığına mənfi təsir edir. Braziliyada peşə təhsilinin üç səviyyəsi vardır: əsas təhsil pilləsində peşə təhsili; orta təhsilin yuxarı pilləsində peşə məktəblərində peşələrin öyrədilməsi; ali peşə təhsili. Bu ölkənin peşəkarlara, xüsusən texniki peşə sahəsində mütəxəssislərə daha çox ehtiyacı vardır. Ona görə də texniki peşə məktəbləri ayrıca fəaliyyət göstərir. Belə mək- təblərin sayı 270-dir. Hazırda peşəyə yiyələnmək istəyənlərin sayı günbəgün artır. Ona görə də texniki peşə məktəbləri bu tələbatı ödəyə bilmir.  Ölkədə 18 yaşdan 35 yaşa qədər vətəndaşların peşə öyrənmək hüququ vardır. Braziliyada həm dövlət, həm də xüsusi ali təhsil müəssisələri vardır. Səviyyəsindən asılı olmayaraq, bütün dövlət müəssisələrində təhsil pulsuzdur.

Latın Amerikası ölkələri içərisində ilk dəfə Braziliyada 80-ci illərin ortalarından başlayaraq aspirantura və doktorantura yaradılmışdır. Burada təkcə dövlət deyil,  həm də xüsusi ali təhsil müəssisələrini bitirənlərin oxumaq hüququ vardır.

Kurikulum islahatları…

Müəllimlərin ixtisasartırmasının yeni modelindən ölkə ərazisində istifadə olunur. San-Paoulu yeganə şəhərdir ki, müəllimlərin qiymətləndirilməsi texnologiya- sından daha geniş istifadə olunur. Təkcə ötən ilin noyabrından indiyədək testdən keçərək qiymətləndirilən müəllimlərin sayı 150 mindir.

Braziliyada məktəbəqədər və əsas təhsil səviyyəsində işləyən pedaqoji heyət üçün kursları bələdiyyələr təşkil edir.

Ümumiyyətlə, Braziliyada müəllimlərin ixtisasartırmadan keçməsinin beş pilləsi vardır və hər pillə üçün xüsusi bal göstəriciləri müəyyənləşdirilmişdir. Müəllim hər üç ildən bir testdən keçmək səlahiyyətinə malikdir. Testdən keçən hər kəsin əməkhaqqı 25% artır. Müəllim ardıcıl olaraq hər üç ildən bir beş dəfə testdən keçdikdə, böyük miqdarda əməkhaqqı almaq şansı qazanır. Əgər müəllim hansı ildə testdən keçə bilməsə, ona növbəti il testdən keçmək üçün icazə verilir. Yeni kurikulumların hazırlanmasının bir mühüm şərti də əvvəlki kurikulumlarla işləyən müəllimlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı idi. Onlar müxtəlif şəra- itlərin tələbinə uyğun strategiyalar seçməkdə sərbəst hərəkət edə bilmirdilər. Lakin yeni kurikulumda müəyyənləşdirilmiş standartlar təlimin keyfiyyət göstəricisi kimi çıxış edərək müəllimdən nəticələrə nail olmağı mühüm tələb kimi qarşıya qoydu və təlim strategiyalarının müəyyənləşdirilməsində ona sərbəstlik verdi. Beləliklə, müəllim vahid standartlara çatmaq üçün şəraitə uyğun fəaliyyət göstərmək imkanı qazandı. Braziliyada milli qiymətləndirmədən geniş istifadə olunur. İstər federal, istərsə də ştat səviyyəsində milli qiymətləndirmənin aparılmasında uyğun texnologiyalara müraciət edilir. Bu qiymətləndirmə ibtidai, əsas və orta təhsil siniflərində aparılır. Portuqal dili və riyaziyyat fənləri üzrə keçirilir.

Ölkə miqyasında şagirdlərin dörd nailiyyət səviyyəsi müəyyənləşdirilmişdir: minimumdan aşağı, minimum, qənaətbəxş, əla.

Milli qiymətləndirmə aparılarkən hər fənn üzrə 24 sual müəyyənləşdirilir və ona uyğun test tapşırıqları hazırlanır.

Braziliya təhsilinin özəllikləri çoxdur. Onu daha dərindən öyrənmək üçün genişmiqyaslı araşdırmaların aparılmasına ehtiyac vardır.

Qeyd: Mənbə: ƏNVƏR  ABBASOV-“İnkişaf etmiş xarici ölkələrdə təhsil”

 

 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları