Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-14 16:13:00
  Azərbaycanın müstəqillik  konsepsiyasının müəllifi  - Fərrux Rüstəmov yazır

              

 

ADPU-nun İbtidai təhsil fakültəsinin  dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov  demişdir:” Mürəkkəb, ziddiyyətli və ikili standartların hökm sürdüyü  dünyada   Azərbaycan qarşısı alınmaz bir sürətlə inkişaf edir.   Düşünülmüş və uzaqgörən  daxili və xarici siyasət, iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahat  ölkəmizi  sabit və davamlı  inkişaf edən dövlətə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirmişdir. Ölkədə milli dövlətçilik ənənəsinin formalaşması, sakitliyin və  sabitliyin qorunub saxlanılması, iqtisadi islahatların uğurlu nəticələri sosial həyatın hər bir sahəsində tərəqqiyə güclü təkan vermiş,  Azərbaycanı  regionda  lider ölkə kimi tanıtmışdır. Bütün bunlar hamısı Ulu öndər Heydər Əliyevin  ideyalarının reallığa çevrilməsinin məntiqi nəticələridir.

      

 Azərbaycan adlı dövlətin varlığını bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyət hesab edən Heydər Əliyev inkişafımızın memarı, müstəqillik konsepsiyasınn müəllifi, Azərbaycan ruhunun simvoludur. Ulu öndər milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir. İqtisadi, siyasi, sosial sahədə olduğu kimi, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin də  inkişafının strategiya və taktikasını hazırlamış,  inkişafın Azərbaycan modelini yaratmağa nail olmuşdur.

        

 Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın   öz müstəqilliyini  elan etməsi ilə ölkədə  xaos, hərci-mərcilk və müharibədə  uğursuzluq, təhlükəli xarici və daxili siyasət, fərdi, ictimai və milli şüurda haçalanma baş verdi.  Ölkədə baş verənlər müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Ölkə uçurum qarşısında idi. Heydər Əliyev müəllifi olduğu müstəqillik konsepsiyasının mahiyyətinə uyğun olaraq  Azərbaycan xalqının müstəqilliyinin qorunmasını dünyada baş verən ictimai-siyasi  hadisələrin fonunda həll etməyə nail oldu. Heydər Əliyevin fikrincə, milli müstəqillik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə yanaşı,  özünütəsdiq üçün münbit şərait yaradır, bununla da başqa dövlətlərdən asılılığı minimuma endirir. Bu səbəbdən də milli müstəqillik Azərbaycan vətəndaşının hər bir nümayəndəsinin şüurunda və psixologiyasında  dərin kök salmalı,  millətin keçmişi və bugünü barədə həqiqətləri dərk etməli, sabah haqqında aydın təsəvvürə malik olmalıdır.  Heydər Əliyevin fikrincə, müstəqillik xalqın mənəviyyatını qorumaq deməkdir.

     Heydər Əliyevin şəxsiyyəti və  titanik fəaliyyəti ilə bağlı dünyanın  ictimai-siyasi xadimləri kifayət qədər yüksək fikir söyləmişlər. Bütövlükdə  Azərbaycan xalqına ünvanlanan həmin  fikirlərin hər biri bizim üçün dəyərlidir. Bu fikirlərin içərisində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin fikirlərini  daha dəyərli hesab edirəm. O deyirdi: "Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq."

Heydər Əliyevin  zəngin, çoxşaxəli və mənalı həyat yolu Azərbaycan millətinin elə şərəfli bir tarixdir ki,  həm bu günkü, həm də gələcək  nəsillər zaman-zaman bu tarixi öyrənəcək, ondan ibrət götürəcəklər. Çünki  Ulu öndərin irsi bizim milli sərvətimizdir. Milli tarixi bilmədən,  tarixən itirdiklərimizi tənqidi dərk etmədən və əldə etdiklərimizin qədrini bilmədən inkişaf və tərəqqi mümkün deyil.Tarixi unutqanlıq millətin ruhunu öldürür, onun şərəf və ləyaqətinə ziyan vurur. Alman filosofu Hegelin bir deyimi var: "Tarixdən ibrət götürməyənlərə, onun barəsində yalnız fəlsəfəçilik edən və deməli, onu nəzərə almayanlara tarix heç nə öyrətmir, güllərin təqsiri yoxdur ki, korlar onları görmür. Tarix, həmçinin onu öyrənmək istəməyənlərə də ibrət dərsi verir. Lakin o, bu dəfə insanları nadanlıq və biganəliyə görə cəzalandırır".       

   Ulu öndər haqqında danışarkən istər-istəməz  fikirləşməli olursan, əgər 1969-cu il iyulun 14-də millətimizin, xalqımızın taleyi ulu öndər Heydər Əliyevə tapşırılmasaydı, okeanlarda uzmək iddiasında olan Azərbaycan adlı gəminin sükanı ona etibar edilməsəydi,  indiki inkişafdan danışmaq mümkün olardımı? Təbii ki, yox. Bunu dərk etmək  üçün heç də güclü siyasətçi, iqtisadçı olmaq gərək deyil. Bu həqiqət hər bir Azərbaycan vətəndaşına aydındır. Riyazi dildə desək bu bir aksiomadır. Elə ona görə də dünyaca məşhur olan siyasətçilər Heydər Əliyevin hakimiyyətə hər iki gəlişini xalqımızın taleyində bir dönüş mərhələsi kimi səciyyələndirirlər.

Heydər Əliyev siyasi hakimiyyətinin  birinci mərhələsində sovet rejiminin ağır təzyiqlərinə, məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atdı. Bu illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətləndi. Həmin proses Heydər Əliyev tərəfindən çox böyük həssaslıq və uzaqgörənliklə idarə olunur və tənzimlənirdi. SSRİ-nin ayrı-ayrı regionlarında totalitar rejimin əleyhinə çıxan elm, təhsil və mədəniyyət xadimləri təqiblərə məruz qaldıqları halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü. Həmin illərdə Azərbaycan dilinin dövlət dili statusu alması, Azərbaycan dilçilərinə və tarixçilərinə yüksək dövlət mükafatlarının verilməsi, EA-nın Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı, Tarix İnstitutunda Cənubi Azərbaycan tarixi şöbələrinin yaradılması, Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katibliyin təsis olunması Heydər Əliyev şəxsiyyətinin azərbaycançılıq və soykökə qayıdış ideyalarının dirçəldilməsinə, həyata keçirilməsinə yönəldilmiş çoxşaxəli fəaliyyətinin yalnız ayrı-ayrı epizodlarıdır.

     Dünya səviyyəli nadir siyasətçi və dövlət xadimi olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, gücləndirdi, onun beynəlxalq əlaqə və münasibətlərini yüksək səviyyəyə çatdırdı. Respublikamız beynəlxalq aləmdə öz layiqli yerini tutdu və qısa bir müddətdə nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu. Balanslaşdırılmış xarici siyasi kursun həyata keçirilməsi Azərbaycanın dünyanın siyasi güc mərkəzləri ilə münasibətlərinə ciddi müsbət təsir göstərdi. Böyük düha sahibi olan Heydər Əliyev Azərbaycanın iqtisadi və elmi potensialını yaratdı.

      Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı həyata keçirdiyi tədbirlər milli ruhun, milli özünüdərkin hədsiz yüksəlişinə, xalqın tarixi yaddaşının özünə qaytarılmasına səbəb oldu. Bu da təbii ki, millətdə milli dövlətçilik arzularının və hisslərinin  güclənməsinə, real siyasi amilə çevrilməsinə səbəb oldu.  Azərbaycançılıq bu gün möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi məfkürə yoludur.

   Heydər Əliyev müstəqillik illərində azərbaycançılığın ayrı-ayrı komponentlərini vahid sistem halına gətirərək cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Onun müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici rol oynadı.  Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına, cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrildi.

     Milli dövlətçilik ənənələri, zəngin maddi-mənəvi mədəniyyət nümunələri xalqların milli özünəməxsusluğunu şərtləndirən əsas amillər kimi səciyyələndirilir. Tarixən formalaşmış milli ənənələr, əxlaqi-mənəvi dəyərlər hər bir millətin  mənəviyyat pasportu, kamillik səviyyəsinin təcəssümü olmaqla bərabər, həm də bəşər sivilizasiyasına misilsiz  töhfədir.

   Ümummilli liderimiz Heydər Əliyevin idarəçilik və dövlətçilik fəaliyyətində ən çox diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz elm və təhsil sahəsi olmuşdur. Elm və təhsilin hər bir xalqın, millətin tərəqqisində, hərtərəfli inkişafında böyük rol oynadığını dərindən bilən Ulu Öndər deyirdi: "Təhsil sahəsi xalqımızın bugünü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir". Elə buna görə də Ümummilli lider xalqımızın təkcə bu gününü deyil, həm də gələcəyini düşünərək elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərmiş,  milli mənəvi dəyərlrimizin qorunub saxlanılmasında və inkişafında çox cəsarətli, qətiyyətli tədbirlər həyata keçirmişdir. Təhsilin inkişafına milli özünüdərkin  və dövlətçiliyin təməl prinsipi kimi yanaşan Heydər Əliyev bu sahədə uğurlar qazanmaq üçün ciddi səylər göstərmiş, təhsilin bütün pillə və səviyyələrinin  inkişafı ilə əlaqədar  mühüm  əhəmiyyət kəsb edən  qərarlar qəbul etməklə tarixə həm də böyük maarifçi kimi düşmüşdür. Onun təhsil strategiyasının mühüm istiqamətlərindən biri də yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil müəssisələrinin, elm-təhsil mərkəzlərinin şəbəkəsini genişləndirmək, işini gücləndirmək olmuşdur. Məhz Ümummilli liderin qətiyyəti, qayğısı nəticəsində hələ 70-80-ci illərdə  keçmiş Sovet İttifaqının 50-dən çox şəhərinin 170-dən artıq tanınmış ali məktəblərində, zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil almasıdır. O, Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın milli sərvəti” kimi qiymətləndirir, onların potensial imkanlarının bir istiqamətdə cəmləşdirilməsi, Azərbaycanın sosial-iqtisadi və mədəni quruculuğunda bu potensialdan səmərəli istifadə olunması üçün dəyərli tövsiyələr verirdi. Güclü kadr potensialımızın, eləcə də xaricdə samballı diasporamızın formalaşmasına xidmət edən bu  kurs bu gün ölkədə rəhbərtimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Çünki sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkiaşfa təkan verən real qüvvə hesab edilir.

 Bu potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev hələ o zaman yaxın gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü və sonralar çıxışlarının birində bu fikrini açıq şəkildə ifadə etmişdi: "Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım".

 

 Tanınmış rus siyasətçisi L. Slutski  Heydər Əliyev şəxsiyyətini səciyyələndirərkən demişdir: “O, öz xalqının milli qəhrəmanı kimi tanınmışdır. Onun adı dünya tarixinə həmişəlik yazılmışdır. O, müdrikliyi, prinsipiallığı, gözəl insani keyfiyyətləri ilə fərqlənirdi. O, Azərbaycana epoxaların ayırıcında başçılıq edərək, kəşməkəşli, çox çətin illərdə Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirdi”.