Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-22 08:11:13
Saatlının mağazadan məktəbə çevrilən 112 yaşlı ilk tədris ocağı - FOTOLAR

İnsanın şəxsiyyət kimi formalaşmasında və inkişafında təhsilin rolu danılmazdır. Buna görə də cəmiyyət təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq formalaşır.

Hələ qədim zamanlardan Azərbaycanda təhsil müəssisələrinin yaranması, ziyalıların təhsilə olan marağı artırmağa çalışmaları və insanları elmə yönləndirmələri ölkədə təhsilin daim diqqətdə olduğunu göstərən məsələlərdəndir.

 Azərbaycanda orta məktəblər yaranmazdan əvvəl tədris aparılan məkanlardan biri də mədrəsələr olub. Lakin bu zaman, hər uşağı mədrəsələrdəki təhsilə cəlb etmək mümkün deyildi. Əksər vaxtlarda dini xurafatın və fanatizmin hökm sürdüyü bu təhsil ocaqlarında keçirilən dərslər, bir çox ziyalıların narazılığına səbəb olurdu. Bu kimi hallar orta məktəblərin yaranmasını labüd edən məqamlardan hesab olunur. İndiki zamanda insanların qədim təhsil müəssisələri haqqında məlumatlı olması, təhsilə öz töhfəsini verən və bu yolda mübarizə aparan həmin şəxsiyyətləri tanıması çox vacibdir.

Azedu.az-da “İlk məktəblər” rubrikasını məhz bu missiyanı həyata keçirəcək. Bu layihədə Azərbaycanın müxtəlif bölgələrində yaranan ilk məktəblər və onların yaradıcıları haqqında materiallar təqdim olunacaq. Bu dəfə Saatlının ilk təhsil ocağından bəhs edəcəyik.

CAVAD QƏZASININ ƏLİSULTANLI KƏND İCMA BİRLİYİ

Cavad qəzası öz sələfi olan Cavad xanlığının ərazisində ruslar tərəfindən inzibati ərazi vahidi kimi təsis edilib. 1830-31 və 1874-86-cı il siyahıya alınmalar zamanı Əlisultanlı kəndi Cavad qəzasında kənd icma mərkəzi kimi qeydə alınıb. 1886-cı ildə kənddə 83 ev, 256 nəfər kişi, 179 nəfər qadın olmaqla 435 nəfər əhali yaşayıb. Bunlardan 18 evdə, 49 nəfər kişi, 29 nəfər qadın olmaqla cəmi 78 nəfər ailə üzvü imtiyazlı bəy nəslinə mənsub olublar. Əlisultanlı kənd icması birliyinə Mürsəlli, Qaraqaşlı, Yuxarı və Aşağı Qaralar, Gomuşçu, Arışlı, Quştan, Qaracalar, Seyidlər, Potubəyli, Əlisultanlı, Bəylər və Mollavaizli kəndləri daxil olub. Kəndin ərazisinin və əhalisinin Cavad qəzasına daxil olmasına baxmayaraq, bu icma birliyinə daxil olan bütün kəndlərin ərazisi rusların Azərbaycana gəldiyi dövrdə Qarabağ və Şirvan xanlıqlarına tabe olublar.        Ümumiyyətlə, kənd sakinlərinin əksəriyyəti 300-350 il bundan əvvəl Qarabağdan köçərək bura gəliblər. Bununla yanaşı, Şirvandan və Cənubi Azərbaycandan gələnlər də az olmayıb.

“Rastbazar” və ya “Təkbazar”

Əlisultanlı kəndinin adı qonşu Potubəylər kəndinin sakini Potu bəyin oğlu Əlisultan bəyə məxsusdur. Potu bəy və onun oğlanları Potubəyli, Bəylər və Mollavaizli kəndinin sakinləri olublar. 1830-31-ci illərdə Əlisultanlı kəndi ərazisində bazar və karvansara fəaliyyət göstərib. Camaat yalnız həftənin tək günlərində bazara gəldiklərinə görə bu bazar “Rastbazar” və ya “Təkbazar” adlanıb. Bu bazara Muğanın hər yerindən axışıb alış-veriş üçün gəliblər. Dövrünə görə, bu bazar ən güclü ticarət məkanı hesab olunub. Bundan başqa həmin illərdə kənddə Araz çayının üzərində iki su dəyirmanı da fəaliyyət göstərib.

ƏLİSULTANLI KƏND MƏKTƏBİ

1905-06-cı illərdə Almaniyadan gətirilən və mazutla işləyən “od dəyirmanı”nı kənd sakini Hacıman kişi qurdurub. Sonrakı illərdə kəndin varlı sakinlərindən olan Hacıman, digər hacıların - Hacı Şalı,  Hacı Batır, Hacı Cəfər, Hacı Cavanşirin köməyi ilə Cavad qəzasında ən iri, qoşa minarəli məscid-mədrəsə binası tikdirib. Bu bina uzun illər Əlisultanlı orta məktəbi kimi Saatlı və qonşu İmişli rayonunun əhalisinə xidmət göstərib.

SAATLIDA İLK RUS-TATAR MƏKTƏBİ...

1905-06-cı illərdə isə kəndin varlı sakini Hacıman kişinin Rastbazar ətrafındakı ikimərtəbəli  mağazasında ilk müasir rus-tatar məktəbi açılıb və bu məktəb Qalaqayın – İmişli zonasında uzun illər boyunca yeganə məktəb olub. Məktəbin fəaliyyəti dayandıqdan bir müddət sonra  məktəbin bir qatı tamamən yerə batıb. Məktəbi bərpa etməyə çalışmayıblar. Ona görə də məktəbi uçurub, onun yerini idman meydançasına çeviriblər. Saatlıda məktəb 112 il bundan əvvəl mövcud olub.

Nəzrin Cavid