Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 16:42:00
BMU TEC pandemiya dövründə təlimləri virtual şəkildə hazırlayan ilk təşkilat olub

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC) mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq karantin dövrü ərzində əyani həyata keçirilməsi planlaşdırılan bütün təlimləri virtual olaraq təşkil edib. Tələbələrin təlimlərdən geri qalmaması məqsədilə BMU TEC yaz semestrində ümumilikdə 25-dən çox onlayn təlim keçirib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, BMU-da hər il Gənc Tədqiqatçıların Elmi Konfransının həyata keçirildiyini nəzərə alaraq TEC mart ayı ərzində “Tədqiqat metodları” adlı 2 təlim təşkil edib. İlk təlim Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev, digər təlim isə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, dosent Zabitə Teymurlu tərəfindən reallaşıb. Təlimlərdə BMU-nun tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri də iştirak edib. Bununla bərabər BMU TEC daha çox tələbənin inkişafına töhfə vermək məqsədilə bütün təlimləri qeydə alıb və video görüntüdən yararlanmaq istəyən tələbələrə imkan yaradılıb, eləcə də TEC-in feysbuk və instaqram hesablarından canlı yayımlar təşkil edib.

 

Sərxan Rüstəmovun 500-dən çox şəxsin iştirak etdiyi “Mütaliədə 3N” təlimində mütaliə haqqında geniş məlumat verilib.

 

“İngilis dili öyrənməyin müasir metodları” adlı təlim Kembric Universitetinin CELTA beynəlxalq sertifikatlı müəllimi Orxan Həsənov tərəfindən gerçəkləşib. Təlimdə ingilis dili öyrənməyin effektiv metodları və səviyyə artırılması haqqında ətraflı məlumat verilib.

 

Təşkil olunan təlimlər sırasında Emin Quliyevin xaricdə təhsil və karyera ilə bağlı təlimini, Pərviz Həsənovun “Xəyalımdakı gələcək”, Mahmud Məmmədzadənin “Sizə sizdən danışım”, Elgün Məmmədovun “Bir semester ABŞ-da oxu” təlimlərini qeyd etmək vacibdir.  

 

Qapalı təlimlər Zoom və Google Meet proqramları vasitəsilə baş tutub. BMU-nun Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Aytac Qasımova tərəfindən “Kibermüdafiə”, Dünya iqtisadiyyatı kafedrasının müdiri Şəhriyar Muxtarov tərəfindən “Xaricdə məqalən çıxsın”, Nəcəf Allahverdiyev tərəfindən “Uğur formulu”, karantin rejimini və tələbələrin psixoloji vəziyyəti nəzərə alınaraq psixoloq Fuad Əsədov tərəfindən “Karantin müddətində motivasiyamızı necə qoruyaq” kimi təlimlər həyata keçirilib. Bütün təlimlər qeydə alınaraq müraciət edən bütün tələbələrə video görüntü göndərilib.

 

TEC-in sonuncu təlimi BMU-nun Elmi işlər üzrə prorektoru, Maliyyə kafedrasının dosenti, i.ü.f.d. Elçin Süleymanov tərəfindən “İctimai elmlərdə tədqiqat metodları və elmi resurs bazalarından istifadə” haqqında 2 günlük təlim olub. Təlimdə məqalənin necə yazılması, yaxşı məqalə hazırlanarkən nələrə diqqət edilməsi, Researchgate, Academia.edu  kimi bazalardan istifadə qaydaları haqqında nəzəri biliklər, həmçinin praktiki şəkildə tələbələrə çatdırılıb.

 

Karantin dövründə BMU TEC universitetin Texnopark və İnnovasiya Mərkəzi ilə əməkdaşlığını davam etdirib. Eyni zamanda Horizon Education Agency (HEA) ilə əməkdaşlıq quraraq tələbələrə xüsusi təkliflər (ingilis dili, xaricdə təhsil, xaricdə və Azərbaycanda təcrübə imkanları) hazırlayıb.

 

Qeyd edək ki, BMU TEC pandemiya dövründə layihələrin hazırlanması, mütəmadi olaraq məlumatların tələbələrlə paylaşılması, onların fikirlərinin  alınması və s. kimi çoxsaylı işlər görüb.