Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 13:38:00
Azərbaycan Texniki Universiteti: bakalavriat səviyyəsi üzrə 240 qrupda onlayn imtahan keçirilib

Universitetdən AzEdu.az-a verilən məlumata görə, imtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq onlayn rejimdə keçirilir. Bunun üçün beş imtahan zalı xüsusi avadanlıqla təchiz edilib və buradan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təlimatlandırılmış operatorlar imtahan prosesini tənzimləyir. İmtahan zallarında operatorlar arasında sosial məsafə gözlənilir, dezinfeksiyaedici vasitələrdən və tibbi maskadan istifadə edilir. Tələbələr və müəllimlər onlayn rejimdə sistemə qoşulur və canlı dialoq formatında imtahanlar keçirilir. Əyani bakalavriat səviyyəsi üzrə imtahanlar gündüz saatlarında, qiyabi bakalavriat və magistratura səviyyəsi üzrə imtahanlar isə axşam saatlarında keçirilir.

 

Tələbələrin şikayət və təkliflərini qəbul etmək üçün Qərargahın nəzdində “Qaynar xətt” mövcuddur. Qiymətlərindən narazı qalan tələbələrin şikayətlərini araşdırmaq üçün Münaqişə Komissiyası yaradılıb. Komissiya öz işini universitetin məxsusi hazırladığı proqram təminatı vasitəsilə onlayn rejimdə təşkil edib. Bu günədək “Qaynar xəttə” 10 müraciət olub. Onların hamısı tələbələrin qiymətlərini artırmaq istəyi ilə əlaqədar olduğu üçün Münaqişə Komissiyasına yönəldilib. Bundan başqa, universitetin rektoru, professor Vilayət Vəliyevin xüsusi proqram təminatı ilə həyata keçirilən “Onlayn qəbul” saatlarında və universitetin saytında yaradılan “Rektora birbaşa müraciət” səhifəsi vasitəsilə tələbələr şikayətlərini, arzu və istəklərini bildirirlər.

 

Qeyd edək ki, əyani bakalavriat səviyyəsi üzrə 240 qrupda imtahan keçirilib, 5190 tələbədən 5000 nəfər imtahanlarda iştirak edərək müvəffəq qiymət alıb. 190 tələbə imtahana qoşulmayıb. Magistratura səviyyəsi üzrə 111 qrupda imtahan aparılıb, 316 tələbədən 309 nəfər imtahanlarda iştirak edib.